“Əgər biz hər ay ölkələrimizdə qarşılıqlı bir mədəniyyət tədbiri keçirsək, yenə də azdır. Ona görə ki, bizim müştərək mədəni bağlılığımız çoxdur” 
   
   Eyni coğrafi bölgəni bölüşən Azərbaycan və İran ta qədimdən oxşar ənənələrə, mədəni dəyərlərə malik olub. Tarixin bütün mərhələlərində ölkələrimiz arasında güclü bağlar yaranıb. Bugünkü İran dövlətində yaşayan çoxmilyonlu soydaşlarımız da bu bağların əsas dayağıdır.
   
   Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra cənub qonşusu ilə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələri inkişaf etdirməkdə maraqlı olub. Bu münasibətlərin inkişafı mütəmadi olaraq iki ölkədə qarşılıqlı mədəni tədbirlərin keçirilməsi ilə də yadda qalır. İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə müsahibəmizdə ölkələrimiz arasında münasibətlərin bir sıra məqamlarına nəzər saldıq.
   Səfir söhbətə ölkələrimiz arasındakı tarixən mövcud olan yaxın münasibətlərdən başladı:
   - İranla Azərbaycan arasında müxtəlif sahələrdə bağlar var. Tarixi, mədəni, dini, dil baxımından bizi birləşdirən məqamlar çoxdur. Dünyada bu qədər müştərək tarixi bağlılığı olan az ölkə var. İki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olmasını şərtləndirən mühüm səbəblərdən biri də bu tarixi bağlardır. Ölkələrimizin rəhbərləri səviyyəsində əlaqələrin inkişafında zəruri olan siyasi iradə var. Amma bu o demək deyil ki, biz indiyə qədər bütün mövcud potensiallardan istifadə etmişik. Bir çox sahələrdə münasibətlərimizi genişləndirmək üçün daha böyük imkanlarımız mövcuddur.
   
   - Səfir təyinatından öncə Azərbaycanda olmuşdunuzmu? Burada olduğunuz müddətdə ölkəmizlə bağlı sizdə hansı təəssürat yaranıb?
   - Xeyr, buraya ilk dəfə elə səfir kimi gəlmişəm. Amma ölkəniz barəsində kifayət qədər məlumatlı idim. Buna bir səbəb də Özbəkistanda səfir kimi çalışarkən orda Azərbaycan səfiri ilə dost münasibətlərimizin olmasıdır. Bu münasibətlər sayəsində də ölkəniz haqqında xeyli məlumat əldə etmişdim. Azərbaycana gəldikdən sonra özümü yad hiss etmədim. İranda da dostlarımın əksəriyyəti İran azərbaycanlılarıdır. Bu dostluğun nümunələrini elə burda da gördüm. Azərbaycan xalqı çox şərafətli, nəcabətli və mədəni xalqdır. Burada İran xalqına böyük hörmət var. İranın klassik şairlərini də yaxşı tanıyır və əsərlərini sevə-sevə oxuyurlar. Bizim oxşar mərasimlərimiz, ənənələrimiz də mövcuddur. Məsələn, Novruz bizim müştərək bayramımızdır.
   
   - Qeyd etdiyiniz kimi, ölkələrimiz tarixən bir sıra mədəni dəyərləri paylaşıblar. Hər iki ölkənin xalqları İslam mədəniyyəti sivilizasiyasına çoxlu töhfələr bəxş edib. Ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığın bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz?
   - İki ölkənin prezidentləri səviyyəsində əlaqələr, sıx tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində də özünü göstərir. Mədəniyyət həm dövlətlər, həm də xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Hətta mən düşünürəm ki, əgər biz hər ay ölkələrimizdə qarşılıqlı bir mədəniyyət tədbiri keçirsək, yenə də azdır. Ona görə ki, bizim müştərək bağlılığımız çoxdur. Məsələn, götürək musiqimizi: o qədər yaxın və oxşardır ki, bəzən heç onları bir-birindən ayırmaq olmur. Mən bəzən “Mədəniyyət” kanalında musiqiləri dinləyəndə elə düşünürəm ki, bu bir İran musiqisidir. Muğam musiqilərimiz çox oxşardır. Bundan başqa, kino sahəsində də intensiv əlaqələrimiz mövcuddur. Azərbaycanın bir sıra filmləri İranda dublyaj olunaraq tamaşaçılara nümayiş etdirilib. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun” filmləri ilə xalqımız yaxşı tanışdır. Bundan başqa teatr, ədəbiyyat sahəsində də əlaqələrimiz var. İldə bir neçə dəfə qarşılıqlı mədəniyyət həftələri, günləri olur. Amma düşünürəm ki, belə tədbirlər daha çox keçirilməlidir.
   
   - Bizi birləşdirən mühüm dəyərlərdən biri də İslam mədəni irsidir. Sizcə, bu gün İslam mədəniyyəti, sivilizasiyası dünyaya necə təqdim olunur?
   - Əgər konkret olaraq İrandan söhbət gedirsə, bu, qədim sivilizasiyaya malik ölkədir. Bu torpağın yetişdirdiyi dahiləri dünyada yaxşı tanıyırlar. Biz İslam sivilizasiyasını dünyaya iki yolla çatdırırıq: dünyanın müxtəlif ölkələrində seminarlar, konfranslar, mədəni tədbirlər keçirməklə. Məsələn, elə götürək UNESCO-da keçirilən tədbirləri. Həmçinin ölkəyə səfər edən turistlər vasitəsilə də qədim və zəngin İslam mədəniyyətini dünyaya təqdim edə bilirik.
   Düşünürəm ki, bir ölkənin əsas müstəqillik elementlərindən biri mədəni müstəqillikdir. Əgər bir ölkədə mədəni müstəqillik yoxdursa, deməli, istiqlalı tam deyil. Ona görə də işğalçı ölkələr işğal etdikləri ölkələrə öz mədəniyyətlərini sırımağa çalışacaqlar. Məsələn, Afrika ölkələrinin çoxu minillik sivilizasiyaya malikdir. İngiltərə və Fransa bu ölkələri işğal edərkən ilk növbədə onların mədəniyyətlərini ləğv etməyə və öz mədəniyyətlərini sırımağa çalışdılar. Burada məqsəd həm də onların mədəniyyətlərini alçaltmaq idi. Mən Afrika ölkələrində səfir kimi çalışdığım zaman bu sahədə çoxlu araşdırma aparmışam. Ümumiyyətlə, Afrikada adam əti yemirlər. Lakin Qərbdə Afrikanı aşağılamaq üçün bununla bağlı nə qədər filmlər çəkilib. Qərb sadəcə olaraq İslam dəyərlərini bu ölkələrdən almağa çalışır. İran isə bu mənada öz mədəniyyətini qoruya bilir və zorla sırınan mədəniyyətləri qəbul etmir.
   
   - Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişafı üçün hansı potensial imkanlar mövcuddur?
   - Turizm sahəsində əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Biz hazırda turizmlə bağlı Azərbaycanla üç sahədə işləyə bilərik. Bunun biri mədəniyyət turizmidir. Məqsəd abidələrimizi, milli irsimizi daha yaxından tanıtmaqdır. İranın böyük şəhərlərində, o cümlədən İsfahanda, Şirazda, Təbrizdə milli-mədəniyyət abidələri, müştərək mədəni irsimiz var. Bu baxımdan həmin şəhərlərə səfər etmək çox əhəmiyyətlidir. Eyni zamanda, bu sahədə turizm mübadiləsi faydalıdır. Digər mühüm bir sahə səhiyyə turizmidir. İndi İranda tibb sahəsi çox inkişaf edib. Azərbaycanlılar da bununla bağlı İrana tez-tez səfərlər edirlər. Bu həm də ölkələr arasında məsafə yaxınlığı və münasib qiymətlər baxımından da sərfəlidir. Növbəti mühüm bir sahə ziyarət turizmidir. Azərbaycanlılarda İranda Məşhəd, İmamzadə, Qum, Həzrəti Məsimə ziyarətgahlarını ziyarət etməyə böyük maraq var. Nəzərə almaq lazımdır ki, İmam Rzanın bacısı həzrəti Həkimənin qəbri Bakıdadır. Ona görə də çalışırıq ki, Bakı-Məşhəd reyslərinin yaradaq və bu sahədə turizm mübadiləsi aparaq. Hazırda Bakı-Tehran və Bakı-Təbriz reysi üzrə hər gün uçuş var. Ümumiyyətlə, iki ölkə arasında turizmin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə etməliyik. Həmçinin nəzərə almaq lazımdır ki, İran Azərbaycan vətəndaşlarına birtərəfli qaydada viza rejimini ləğv edib. Elə buna görə də ildə təxminən 1 milyon nəfərə qədər Azərbaycan vətəndaşı İrana səfər edir. Gələcəkdə Azərbaycan turistləri İranın cazibədar təbiətinə də turizm səyahətləri edə bilərlər.
   
   - Cənab Pakayin, Azərbaycanda olduğunuz müddətdə regionlarımıza səfər edə bilmisinizmi?
   - Ötən ilin oktyabrından Bakıda səfir olaraq fəaliyyətə başlamışam. Bu müddətdə Gəncədə oldum və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdim. Şamaxıda böyük bir məscidin açılışında iştirak etdim. Qəbələdə mədəni abidələrə baş çəkmişəm. Sumqayıta səfər etmişəm və Sumqayıt Dövlət Universitetində çıxışım da oldu. İnşallah yaxın vaxtlarda Cəlilabad və Füzuli rayonlarında da görüşlərim olacaq. Azərbaycan regionlarından ən çox diqqətimi cəlb edən Gəncə və orada yerləşən abidələr oldu. Şah Abbas məscidi, Nizami Gəncəvi türbəsi xoşuma gəldi.
   
   - Musiqimiz haqqında da fikirlərinizi eşitdik. Burada konsert proqramlarımızı izləmək imkanınız oldumu?
   - Hələ İranda yaşadığım vaxtlarda ölkəyə tez-tez Azərbaycan musiqi qrupları gəlirdi. Bakıda “Mədəniyyət” kanalına çox baxıram. Təbii ki, səfirin iş rejiminə görə konsert proqramlarına çox vaxt ayıra bilmirlər. Amma yaxın gələcəkdə imkan tapdıqda bu tədbirlərdə də iştirak edəcəyəm.
   
   - Mərasimlərimizdə iştirak edərkən hansı oxşar və fərqli xüsusiyyətləri aşkar etdiniz?

   - Yas mərasimində iştirak etməsəm də, bu mərasimləri yerinə yetirmək üçün küçədə çadır qurulması mənə təəccüblü gəldi. İranda yas yalnız məscidlərdə verilir. Toy mərasimində isə iştirak etmişəm və deyərdim ki, oxşarlıq çoxdur. Çünki mən İran Azərbaycanında keçirilən toylarda da iştirak etdiyimdən yaxın adət-ənənələrin olduğunu gördüm. Məsələn, şabaş alma, gəlin və bəyin qarşısında oynamaq kimi adətlərimiz oxşardır.
   
   - Milli mətbəximizlə aranız necədir? Hansı yemək daha çox xoşunuza gəldi?
   - Bizim mətbəxlərimiz də oxşardır. Məsələn, burda yediyimiz bütün kabablar İranda da var. Amma bəzi yeməklər mənim üçün yenidir. Azərbaycanda müxtəlif çeşidli dolmalar hazırlanır ki, onlar İran dolmalarından fərqlidir. Məsələn, sizdə dolma müxtəlif ağac yarpaqlarına da bükülür və həcmi kiçik olur. Azərbaycandan fərqli olaraq şabalıd qarası, səbzi plov İranda hazırlanmır. Dovğanızın da özünəməxsus dadı var və xoşuma gəldi. Ümumiyyətlə, Azərbaycan mətbəxi çoxçeşidlidir.
   
   Söhbətləşdi: Mehparə