Xəbər verildiyi kimi, sentyabrın 11-də Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib. Sentyabrın 12-də Azərbaycan Prezidenti və Türkiyə Baş naziri Şəkiyə səfər ediblər.
   
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət ediblər. Abidə 1918-ci ildə xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb.
   Sonra qonaqlar Şəki Xan Sarayı ilə tanış olublar. XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab edilən bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan, Şərq memarlığının ən nadir incilərindən hesab edilən sarayın 250 illik yubileyi bu il iyulun 4-də böyük təntənə ilə qeyd olunub.
   Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr hədiyyə edilib. Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim olunub.
   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxıblar, şəkili gənclərlə görüşüb söhbət ediblər. Sonra xatirə şəkli çəkdirilib.
   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olublar. Məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb, 2003-cü ildə məbədin açılışı olub. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
   Azərbaycan Prezidenti və Türkiyə Baş naziri XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə də baş çəkiblər. Qonaqlara Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verilib. Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olunub. Türkiyənin Baş naziri də Cümə məscidinə Qurani-Kərim hədiyyə edib.
   Qonaqlar Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan, XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilib. Vaxtilə Şəkidə beş karvansaray binası mövcud olub. Onlardan ikisi - Yuxarı və Aşağı karvansaraylar günümüzədək qorunub saxlanılıb.
   Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan biridir. Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar