Məncə, “sərgi” ifadəsinin yansıdığı ən son nemətdir kitab. Həyatın bir çox maddi nemətlərinin, incəsənət nümunələrinin sığışdığı yer-yurdlardan, muzeylərdən fərqli olaraq, ali bəşər zehnində, minbir təbli könüllərdə, kainata alternativ xəyallarda sərgilənən kitab. Mənəvi məna-mətləbi, hikmət-siqləti heç bir real məkana sığmayası bu əvəzsiz “ali əşya” artıq üçüncü kərədir ki, paytaxtımızda - beynəlxalq kitab bayramında sərgilənəcək. Orada “çəkidə yüngül, vəzndə ağır” zərbi məsəlimizin bu “əzəl mübtədası”na dair nələrlə rastlaşacaq, nələr görüb-götürəcəyik? Müsahibimiz Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi idarə heyəti sədrinin müavini, “Renessans” nəşr evinin direktoru Ələddin Əsədzadədir.
- Ələddin müəllim, söhbətimizə müasir kitabların “bismillah”ı ilə - “ön söz”lə başlayaq; yəni, ümumən, kitab haqda...
- Bəşəriyyətin ən qiymətli mənəvi mücrüsü hesab etdiyim kitab haqda o qədər dəyərli sözlər deyilib, mən nə desəm, yeni olmayacaq. Məsələn, bir fransız oxucu kitablardan biri haqda belə deyib: “Fransa kitabxanalarının hamısı yansa və yalnız Viktor Hüqonun “Səfillər”i qalsaydı, zənn edərdim kitabxanalarımıza heç bir zərər dəyməyib”. Hər xalqın, ölkənin o çəkili kitabı olduğunu nəzərə alsaq, o fransızın “yansaydı” günahını bağışlamaq da olar.
Kitab yazanlar, yaradıcı şəxslər ilahi tərəfindən vergi verilmiş insanlardır. Belə olmasaydı, qədim-qədim kitablar bizim müasirimizə və əbədi gələcəyimizə çevrilə bilməzdi.
- Müavini olduğunuz Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundovun müsahibələrinin birindən KİTABın doğal təbiətinə uyğun obrazlı bir ifadə oxumuşam: “Bakının son nəşrləri haqda bütün Azərbaycanın köksünü dolduracaq qədər danışmaq olar”. Buyurun...
- Çox gözəl deyilib. Azərbaycan kitabı bütövlükdə müasir Azərbaycanla paralel inkişafdadır. Belə ki, son illər nəşriyyatlarımızın sayı və sanbalı artıb, yeniləşib, nəşr keyfiyyəti 15-20 il əvvəllərlə müqayisədə çox yüksəlib. Nəşriyyat aləminə sovetlərdənqalma çap texnikasıyla daxil olan naşirlər bugünkü uğurlara «hazırın naziri» kimi sahib olmayıblar; əziyyət çəkiblər, yeni istehsal sahələri yaradıb, iş yerləri açıb, kitabı sevdirməkçün bütün münasib vasitələrdən istifadə ediblər. Son illər nəşriyyatlarımızın bir qismi öz nəfis tərtibatlı kitablarıyla Avropa müsabiqələrinə qatılır, rəqabət aparır, fərqlənir, mükafatlara layiq görülürlər.
- Ötən ilin martında təsis edilmiş Naşirlər və Poliqrafçılar İctimai Birliyi yarananadək ayrı-ayrı nəşriyyatların gördüyü işlərdən fraqmentlər...
- Bu qısa sualınız çox geniş cavab tələb etdiyindən, mümkünsə, bunu (və digər məqamları) qəzetinizin “xüsusi buraxılış”ından sonrakı saylarına saxlayaq...
- Beləliklə, ölkəmizin say-seçmə nəşriyyatlarının - deməli, peşəkar naşirlərin birliyi yaradıldı...
- ...Təşkilati işlərdən başladıq. Nizamnaməmizi hazırladıq, üzvlərimizin qəbulu ilə məşğul olduq, sıralarımızı genişləndirdik. Bu ilin mayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kitab bayramı” keçirdik. MDB ölkələrinin “Kitab sənəti” müsabiqəsində nəşrlərimiz “yaxşıların yaxşısı” (poliqrafik həll, dizayn, kağız və s. məziyyətlərə görə) seçilib dəyərləndirildi. İstedadlı gənc naşirləri aşkara çıxarmaq üçün keçirdiyimiz “Niyə naşir olmaq istəyirəm” müsabiqəsi də maraqla qarşılandı. ”Naşir” jurnalını araya-ərsəyə gətirmiş, ”Nəşriyyat haqqında qanun”a öz təkliflərimizi təqdim etmişik və sair.
- Ötən illər bəzi nəşriyyatların bir sıra çap məhsullarının beynəlxalq müsabiqələrdə yüksək ödüllər qazandığından da xəbərdarıq ki, bunları - son illər idmançılarımızın qızıl medallar “idxal”ına rəğmən, “əzələ və intellekt” paraleli kimi də dəyərləndirmək olar...
- Beynəlxalq arenaya çıxan nəşriyyatlardan “Təhsil”, “Şərq-Qərb”, “Aspoliqraf”, “Əfəndi”, “E.L.”, “Elm və təhsil” nəşriyyatlarının adlarını çəkmək, «Təhsil»in uğurlarını isə xüsusi qeyd etmək gərəkdir. Həmin nəşriyyatın «Qarabağ: real tarix, faktlar, sənədlər» kitabı 2005-ci ildə II Beynəlxalq «Kitab sənəti» müsabiqəsində I yerə, 2012-ci ildə isə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. VII Beynəlxalq «Kitab sənəti» müsabiqəsində (2010) Çingiz Əlioğlunun «Çərçivə» kitabı Qran-pri, IX müsabiqədə (2012) «Novruz» kitabı I dərəcəli, «Hophopnamə» kitabı III dərəcəli mükafatla təltif edilmişdir. 20 fevral 2012-ci ildə «Təhsil» nəşriyyatının Madriddə “Keyfiyyətə görə” qızıl medala, Berlində (2012) texnologiya, innovasiya və keyfiyyət üzrə “Yeni Era” beynəlxalq mükafatına, həmin il Parisdə «Keyfiyyət və kommersiya prestijinə görə” “Qızıl Avropa mükafatı”na layiq görülməsini də xatırlatmaq yerinə düşər.
Adlarını çəkdiyim nəşriyyatların uğurları, bayaq qeyd etdiyim kimi, bu eksklüziv müsahibəyə sığışan deyil. Onların son dövr nəşrlərinin professional səviyyəsi, zəngin poliqrafiya elementləri haqda bir kitablıq söz demək olar.
- Təbii ki, bu qədər uğurlara rəvac verən qaynaqlar haqda da sözünüz var; yəni dövlətimiz, ölkə rəhbəri, ayrı-ayrı təşkilat və fərdlərin diqqət və qayğıkeşlikləri...
- Əlbəttə, Azərbaycan kitabının respublikamızdan kənara çıxması, tanınması, təbliği ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birbaşa qayğısı sayəsində reallaşıb. O ki qaldı ayrı-ayrı təşkilat və fərdlərin diqqət və qayğısına, təəssüf, bu işin Hacı Zeynalabdini hələ yetişməyib. Buna baxmayaraq, bütün kitabsevərlərimizi 23 sentyabr saat 10.00-dan başlayaraq III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edirəm. Orada tək elə bizim ölkəmizin, birliyimizin texnoyaradıcılığı ilə deyil, - layihənin adından, formatından da göründüyü kimi - aparıcı beynəlxalq naşir və nəşriyyatların gözəl çap məhsulları ilə tanış ola biləcəksiniz.
Bir sözlə, sərgidə görüşənədək...
- Və sizə həmin sərgidə KİTABa düşəsi uğurlar!..
Söhbətləşdi: Tahir Abbaslı