“Amma indi orta yaşlı nəslin nümayəndələrinin kitaba marağı azdır. Gənc nəsil isə daha çox detektiv mövzuda kitablara üstünlük verir”

İnformasiya texnologiyalarının sürətli inkişafı əsrlərdir bilik qaynağı hesab olunan kitaba münasibət məsələsini aktuallaşdırıb. Bir vaxtlar insanlar müxtəlif nəşrləri yalnız kitab mağazalarından, kitabxanalardan əldə edirdisə, hazırda elektron nəşrlərdən istifadəyə, eləcə də internet vasitəsilə kitab sifarişinə xüsusi maraq var. Sözsüz ki, bu, kitab mağazalarında satışa da təsirini göstərir. İllər öncəsi ilə müqayisədə, paytaxtımızda kitab mağazalarının sayının azalması da faktdır. Mövcud vəziyyətdə kitab mağazaları necə fəaliyyət göstərir? Mövzu ilə bağlı bir çox kitabsevərlərin yaxşı tanıdığı, Qız qalası yaxınlığındakı İçərişəhər” kitab evinin direktoru Elman Mustafayevlə söhbət etdik.

Ömrünün 40 ilindən çoxunu kitab satışına həsr edən Elman Mustafayev bu mağazaya ayaq basan hər kəs üçün səmimi həmsöhbətdir. Aşpaz, elektrik mühəndisi, tarzən, restoran müdiri... Bu, onun keçdiyi həyat yoludur. Amma sonda özünü belə bir peşəyə, elə də gəlirli olmayan kitab satışına həsr edib. Bu işə də qətiyyən biznes kimi yanaşmır və hətta bu sözü işlədənlərə acığı tutur: «Həyat təkcə puldan ibarət deyil. Həyatın mənəvi tərəfləri də var. Kitab insanın intellektual səviyyəsini, dünyagörüşünü artırır. Bu səbəbdən kitaba biznes kimi yanaşmaq düzgün deyil».

Elman Mustafayev bu kitab mağazasında 1985-ci ildən işləyir. O, söhbətə kitab mədəniyyətimizin keçmişindən, kitab satışının tarixindən başladı:

- Azərbaycanda kitab mədəniyyətinin kökləri çox qədimdir. Kitabla bağlı tarixi mənbələrdə göstərilir ki, bu mədəniyyət əlyazma kitablarından başlayıb. XIX əsrin ortalarında Azərbaycanda çap işinin, ilk mətbəələrin yaranması ilə kitab satışı da təşəkkül tapmağa başlayıb. Əvvəllər kitablar ərzaq mağazalarında və bazarda satılıb. Sonrakı dövrlərdə ayrıca kitab mağazaları meydana çıxdı.

- Bu gün konkret olaraq sizin mağazada kitab satışı hansı səviyyədədir? Oxucular daha çox hansı mövzuda kitablara üstünlük verirlər?

- Orta yaşlı nəslin nümayəndələrinin kitaba marağı azdır. Gənc nəsil isə daha çox detektiv mövzuda kitablara üstünlük verir. Xüsusilə Xalq yazıçısı Çingiz Abdullayevin, Elxan Elatlının kitablarına tələbat çoxdur. Mən öz təcrübəmə əsasən deyirəm ki, Bakıda kitab ticarəti həmişə yüksək olub. Bu gün kitabların müəyyən qədər az satılmasının səbəbi qiymətlərinin baha olması ilə bağlıdır. Əvvəllər kitabı daha çox tələbələr alırdılar, elə indi də belədir. Amma indi kitabların çoxu bahadır. Tələbə də mövcud imkanı ilə istədiyi hər kitabı ala bilmir. Əvvəllər kitablar 100-150 min tirajla çap olunurdu və qısa müddətdə də satılırdı. Amma indi kitablar 100-150, ən çoxu 500 tirajla çap olunur. Onu da deyim ki, hər şey tələbata bağlıdır. Gərək bir şeyə maraq olsun ki, onun inkişafı da baş versin. İnsanın oxumaq, öyrənmək tələbatı həmişə olub. Elə indi də var. Biz də kitabın təbliğatı üçün çalışırıq. Ancaq xarici ölkələrlə müqayisədə bizdə kitab dükanlarının sayı azdır. Alıcıların təxminən 80 faizi gənclərdir. Kitab var - 1 manatadır, kitab da var - 30 manata. İllüstrasiyalı, irihəcmli, albom tipli kitablar bahadır.

- Kitab ticarəti ilə məşğul olanlar adətən maraqlı mütaliəçi olurlar. Ən çox oxuduğunuz yazıçı kim olub?

- Bədii ədəbiyyat az oxuyuram. Fəlsəfi və siyasi ədəbiyyat diqqətimi çox çəkir. Mətbuatı mütəmadi izləyirəm. Bədii ədəbiyyatda klassikaya üstünlük verirəm. Klassik ədəbiyyatdan aldığımı heç nədən ala bilmirəm. Adətən bir kitabı bir dəfə oxuyuram, amma E.L.Voyniçin “Ovod” romanını müxtəlif yaşlarımda iki dəfə oxumuşam. Yeddi ixtisasım var. Kitabşünaslıqdan başqa, cavan vaxtlarımda xalq çalğı alətləri orkestrində tar çalmışam. Universitetə qədər ikiillik ticarət-kulinarlıq məktəbini bitirmişəm. Hətta restoran direktoru da olmuşam. Amma erkən çağlardan kitaba olan marağım bütün peşələri üstələyib, məni bu sahədə mütəxəssis edib.

- Daimi müştəriləriniz arasında tanınmış ziyalılardan kimlər var?

- Kitab üçün bizə müraciət edənlər arasında tanınmış simalar çox olur. Bəziləri neçə illərdir daimi müştərimizdir. Yazıçılar və şairlərdən Anar, İlyas Tapdıq, Aqil Abbas və başqalarının adını çəkə bilərəm.

Onu da deyək ki, “İçərişəhər” kitab evində kitablar Bakının digər kitab mağazaları ilə müqayisədə nisbətən ucuz qiymətə satılır. Yəqin ona görə də hər zaman burada müştəri görmək mümkündür. «Mənim üçün insanların intellektual səviyyəsinin artması daha vacibdir» deyən E.Mustafayev hesab edir ki, kitabın insana verdiyi mənəvi dəyəri heç nə verə bilməz: «Kompyuter texnologiyası, internet nə qədər inkişaf edirsə-etsin, sevə-sevə vərəqlərini çevirdiyin kitabı əvəz edə bilməz».

Savalan