Və ya ömrün xoşbəxtlik axtarışları
Valeh Kərimov: “Cavanlıq getdi, indi həsrətində olduğum rolların ağrısına Şeyx Nəsrullahla təsəlli verirəm”
Onunla söhbətə tam başqa ab-havada hazırlaşmışdım. Suallarımı da o yöndə cızma-qara eləmişdim. Məşhur obrazı, sadəlövh Moşu Göyəzənlisindən bir kəlmə belə söz açmayacaqdım. Ümumilikdə gülüşündə qəribə bir dramatizm olan aktyorun tamaşaçı-oxucu üçün naməlum tərəflərini açmağa çalışacaqdım. Amma söhbət başqa məcraya yönəldi və qəribə də olsa o, hər vəchlə öz istədiyi obrazını yaratmağa nail oldu. Komik obrazların mahir və sevilən ifaçısı, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Valeh Kərimov 70 yaşında Şeyx Nəsrullahı oynamaq arzusundadır.
- Valeh müəllim, artıq 70-in astanasındasınız. Bu növbəti yuvarlaq rəqəmi necə qarşılayırsınız?
- Yaşımın üstünə yaş gəldikcə sadəcə oynamaq istədiyim obrazların həyəcanını yaşayıram. Yeni mövsümdə yəqin yeni rollar da olacaq.
- Bildiyimə görə, teatrınızda yubileyinizlə bağlı tamaşa da hazırlanır.
- Hər il olduğu kimi, budəfəki teatr repertuarımız da zəngindir. Yeni tamaşalarla teatrsevərlərin qarşısına çıxacağıq. Bu yeni səhnə işlərindən biri də mənim 70 yaşım münasibətilə hazırlanır. İstərdim ki, bu yaşımı da sadəcə yaddaqalan və ən əsası istəyində olduğum bir rolla qarşılayım. Çünki mənim peşəm aktyorluq, yerim səhnə, işim isə oynamaqdır. Görək də, necə olur.
- İncəsənət İnstitutunu bitirəndən Sumqayıt teatrında işləyirsiniz. Adətən aktyorlar kənar teatrlara mərhələ kimi baxırlar. Sizi bu teatra bağlayan nə oldu?
- Artıq 45 ildir ki, həyatımı Sumqayıt teatrına bağlamışam, tamaşaçı sevgisini orada qazanmışam. Teatrın açılışında, 1968-ci il martın 14-də göstərilən tamaşada epizodik rolla səhnəyə çıxdım və bu günədək oradayam.
- Paytaxt teatrlarına meyliniz olub, yoxsa Sumqayıt teatrını daimi məskən bilmisiniz?
- Çox aktyor kimi mən də paytaxta, xüsusən Akademik Milli Dram Teatrına can atmışam. Bunun üçün şərait də olub. Amma nə isə alınmayıb. Bəzən kollektivdə küsüb incidiyim anlar da olub. Bir dəfə 70-ci illərdə getmək istədim. Daha doğrusu, rəhmətlik Tofiq Kazımov Akademik teatrda baş rejissor işləyən vaxt gedib orada işləmək istədiyimi bildirdim. Rejissorun sınağından da çıxdım və o mənə işdən çıxıb gəlməyimi dedi. Konkret danışan adam idi. Onun bu sözündən çox sevindim və işdən çıxmaq üçün teatrın rəhbərliyinə müraciət etdim. Müdir ərizəmə qol çəkmədi ki, bəs teatr qastroldadır və baş rejissor üstünü yazmalıdır. Mən də 15-20 günlük qastrol səfərinin bitməsini gözləmədim və eləmə tənbəllik, getdim rejissorun ardınca. Həmin vaxt kollektiv Qəbələdə idi. Təbii ki, bütün cəhdlərim boşa çıxdı və beləcə burada qaldım.
- Deməli, Sumqayıt teatrı ilə aranızda qəribə bir təhkimlik bağı mövcuddur.
- Bəli. Amma onu deyim ki, “Azdrama”ya bir dəfə də gəlmək şansım oldu. Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tamaşasında mənə də rol verdilər. Xalq artisti Hacı İsmayılovla dublyor idim. Xeyli məşq etdik, lakin sonra alınmadı. Rəhbərlik Sumqayıt teatrında qalmağımı məsləhət gördü. Əslində, haqlı idilər. Çünki məni o teatr tanıtdı, müəyyən mənada sevdirdi, Xalq artisti adını aldım. Beləcə, iki cəhdim və onların nəticəsizliyindən sonra anladım ki, Sumqayıt teatrı artıq mənim qismətimdir.
- Deyəsən, bu qismətdən elə də razı görünmürsünüz. 45 ildən sonra bunu söyləmək çətin olsa da...
- Niyə ki, sadəcə insan hər zaman arzularla yaşayır. Digər tərəfdən, onu da anlayıram ki, əsl aktyor üçün vacib olan səhnə və tamaşaçıdır. Əsas sənətini sevmək və onu vicdanla icra etməkdir.
- Əksər aktyorlar Akademik Dram Teatrına can atır, orada uğur qazanacağını düşünür. Amma elə o teatrın özündə illərdir çalışan, lakin tanınmayan aktyorlar da var.
- Təbii. Həmin o siz deyən aktyorlar öz perspektivlərinə uyğun başqa teatrlarda işləyə bilərdilər. Akademik teatrdan gedib daha da məşhurlaşan o qədər aktyor tanıyıram ki...
- Bayaq inciklik məsələsindən danışdınız. Aktyorlar tez-tez belə hallarla rastlaşırlar. Sizcə, daha çox sənətdən, rejissordan, yoxsa teatr rəhbərindən küsürlər?
- Aktyor özündən küssə belə səhnədən, sənətdən, tamaşaçıdan küsə bilməz. Təbii ki, əsl aktyor.
- Belə çıxır ki, aktyor taleyinizdən razısınız.
- Bəli, razıyam. Sumqayıt teatrında işləyə-işləyə böyük tamaşaçı kütləsi tərəfindən tanınmağım və təvazökarlıqdan uzaq olsa da, sevilməyim məni aktyor kimi xoşbəxt edir. Buna görə tamaşaçılarıma çox minnətdaram, xüsusən də sadiq sumqayıtlı teatrsevərlərə. Onlar hər zaman teatra bağlı olublar. 45 ildir o tamaşaçıların qarşısına çıxıram və hər dəfə də sevgi və alqışları ilə qarşılanıram. Buna görə də onlara borcluyam. Bilirsiniz, tamaşaçını aldatmaq olmur. O əgər səhnədə aktyora inanmırsa, zalda otura bilmir. Bunu hər zaman aktyor dostlarıma da deyirəm. Rejissor kimi tamaşa qoyarkən də aktyorlardan məhz səmimi və inandırıcı olmalarını istəyirəm.
- Necə düşünürsünüz, bütün bunları nəzərə alan aktyorun bir ampluada çıxışı uğurlu alınarmı?
- Bu, aktyorun peşəkarlıq və potensialından irəli gəlir. Məsələn, mən faciə, komediya, dram, tragikomediya oynamışam. Mütəmadi yumoristik səhnəciklər təqdim etmişəm. Düşünürəm ki, burada ən vacib məqam aktyorun obraza girməsi, özündən o rolların hər birinə bircə detal belə qatmasıdır.
- Əgər belədirsə, siz özünüzü bir aktyor kimi hansı ampluada tapırsınız?
- Tamaşaçılar məni daha çox komediya aktyoru kimi tanıyır. Amma mən istərdim ki, dramatik, faciəvi obrazlarım ön plana çıxsın.
- Bəs aktyorun xarakterinə əks bir roluna görə sevilməsinə necə baxırsınız?
- Yəqin bunu fağır Moşu Göyəzənliyə görə deyirsiniz (gülür).
- Çünki sizi komik obrazlarınız daha çox tanıdıb. Deməli, ifanız bu ampluada uğurlu alınır...
- Gəncliyimdə “Müsibəti-Fəxrəddin”də Fəxrəddini oynamışam. Həmin əsərdə böyük aktyorlarımız Barat Şəkinskaya, Rza Əfqanlı kimi bənzərsiz sənətkarlarla tərəf-müqabil olmuşam. Onlar mənə hər zaman böyük dramatik aktyor olacağım barədə ilham verirdilər. Sonra tale elə gətirdi ki, tam əksi oldu. Mən Balaşı, Fəxrəddini, Müsyö Jordanı oynaya-oynaya Moşu Göyəzənli ilə “tanış” oldum. Bu əsər teatrın repertuarına daxil edilənədək mən başqa komik obrazlar da ifa etmişdim. Lakin bu roldan sonra elə Moşu kimi xatırlandım. Burada televiziyanın da rolu böyükdür. Çünki tamaşanın televiziyada nümayişi həm o səhnə əsərini, həm də məni birə-beş tanıtdı.
- Bu obrazın gətirdiyi şöhrətdən sonra komik rollarınızın sayı daha da artdı. Yəqin aktyor kimi rol seçmək vərdişiniz də yarandı?
- Qətiyyən. Allah eləməsin, mən hər bir rolu oynamışam, oynayıram və oynamağa da hazıram. Əslində aktyor üçün vacib olan səhnədə olmaqdı.
- O məşhur obraza bu gün də qayıdardınız?
- Mən Moşunu hissə-hissə elə həmişə oynayıram da (gülür). Olduğum hər yerdə məndən şairi soruşurlar, ondan sitatlar gətirirlər. İstədim-istəmədim, moşulaşıram da.
- Bu sizi yormur?
- Yox. O da mənim bir parçamdır axı.
- Moşu Göyəzənli sadəlövhdür, bəs Valeh Kərimov?
- Vallah, o obraza sadəlövhlük elə Valeh Kərimovdan gəlib. Mən həyatda da çox sadəlövh adamam. Hər şeyə tez inanıram, məni aldatmaq çox asandır.
- Ümumilikdə, 8 film-tamaşada rol almısınız. Təbii ki, hamısında da komik obrazlar. Qəribə də olsa, onların hamısında Moşu Göyəzənlidən işartılar var.
- O məndən gəlir. Sözsüz ki, hər aktyorun rollarında onun öz xarakterindən məqamlar var və olmalıdır da. Bu halda obraz qəbul olunar, baxılar.
- Həyat və sənət obrazınız kimdir?
- Mən fəhləyəm, sənətin fəhləsi. Həyatda da sadə bir adamam. Nə böyük iddialarım var, nə də tələblərim.
- Belə çıxır ki, sənətdə dostlarınız çoxdur.
- Dostlarım var. Mən ümumiyyətlə, konflikti sevən adam deyiləm. Heç vaxt hansısa aktyor yoldaşımla və ya rejissorla konflikt yaşamamışam. Rol və obrazlarla bağlı müəyyən mübahisələr olur, bu da təbii ki, elə orada qalır.
- Adətən belə konfliktlərin nüvəsində rol istəyi dayanır. Bildiyimə görə, çalışdığınız teatrda əsas etibarilə baş və aparıcı rolları sizə verirlər. Yəqin ona görə belə sülhsevərsiniz...
- Yox vallah (gülür). Niyə elə düşünürsünüz, mən o qədər kiçik rol oynamışam ki... Əsas odur ki, oynadığın rolu sevəsən, sevərək təqdim edəsən. Bir də improvizə edib hər bir obrazı özününküləşdirməyi bacarasan. Bu, mütləq şərtdir. Ona görə də şəxsən məşq mənim üçün tamaşadan daha maraqlıdır. Çünki məşqdə yaradırsan, yaratmağa can atırsan. Tamaşaçını düşünürsən, onun reaksiyasını xəyal edərək mütləq nə isə yenilik etməyə çalışırsan.
- Bu sualım əsas etibarilə komik rollar oynadığınıza görə yarandı: hər zaman güldürürsünüz?
- Bunu demək çətindir. Əgər tamaşaçı sadəcə yüngül gülüş üçün teatra gəlirsə, onu güldürmək mümkünsüzdür. Çünki hər gülüş bir düşüncədir, eyhamdır, cəmiyyətə mesajdır.
- Tamaşaçının aktyoru güldürmə obyekti kimi görməsi onun xoşbəxtliyidir, yoxsa?..
- Bu, aktyorun böyük bədbəxtliyidir. Bundan heç xoşum gəlmir. Bəyəm Əliağa Ağayevə, Siyavuş Aslana, Yaşar Nuriyə sadəcə güldürür deyə tamaşa edirdilər? Onların oyunçuluğuna, obrazdan məharətlə çıxış etmələrinə tamaşa edirdilər. Boş-boş hırıltı, atmaca, hoqqabazlıq gülüşünün sonu, mənası olmur.
- İllərdir səhnədəsiniz, sonsuz tamaşaçı sevgisi, alqışlar, şöhrət qazanıbsınız. 70-dən baxan zaman bunlar yetərlidirmi?
- Əlbəttə ki, yox. Aktyor heç vaxt “bəsimdir” deməməlidir, mən yaratdım, işim bununla da qurtardı deyə düşünməməlidir. Ömrü boyu rol arzusu ilə yaşamayan aktyorun sənətkarlığı şübhə doğurar.
- Rol arzuları barədə ürəyiniz doludur.
- Eh, o qədər arzum var ki. Amma deməyəcəyəm hansı rol, çünki onsuz da reallaşmayacaq.
- Onda keçmişə nəzərən daha çox nəyə təəssüflənirsiniz?
- Arzusunda olduğum və heç vaxt oynaya bilməyəcəyim rollara. Cavanlıq getdi, qəlbimdə həsrətində olduğum rolların sızıltısı qaldı. İndi də Şeyx Nəsrullahı oynamaq arzusu ilə yaşayıram. Qorxuram, elə bunlar da arzu olaraq qalsın. Görək, qismət...
Söhbətləşdi:
Həmidə Nizamiqızı