Britaniyalı rejissor Bakıda teatrsevərlərlə görüşdü

“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının iştirakçıları arasında Böyük Britaniyanın Dorset Kukla Teatrı Kompaniyası da var. Teatr “British Council”un təşkilatçılığı ilə sənət bayramına “Havada asılmış” adlı tamaşa gətirib. Tamaşanın quruluşçu rejissoru StefanMotram noyabrın 8-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında jurnalistlər və teatrsevərlərlə görüşdü.

Rejissor bildirdi ki, “Havadan asılmış” kukla tamaşası bir neçə hekayənin vəhdətindən yaranıb. 70 dəqiqəlik tamaşada sözdən istifadə olunmayıb, səhnə əsərində yalnız kuklalar maraqlı hərəkətlər edir, dinamik musiqi isə tamaşaçıların diqqətini çəkir. Yaratdığı teatrla 40-dan çox ölkədə tamaşalar nümayiş etdirən rejissor Bakıda olmasından məmnunluğunu ifadə etdi.
Tədbirdən sonra Stefan Motramdan qısa müsahibə aldıq:
- Necə oldu ki, məhz kukla teatrı rejissorluğunu seçdiniz?
- Mənim teatra gəlişim çox maraqlı olub. İsveçrənin Stokholm Universitetinin incəsənət və jurnalistika fakültəsində oxuyarkən bir filmə baxdım və məndə kukla teatrına maraq yarandı. Taxtadan kuklalar düzəltməyə başladım. İsveçdən qayıtdıqdan sonra bir neçə kuklam var idi. İplərdən asılmış kuklaların tamaşasına ilk dəfə 1979-cu ildə baxdım, sonra Londondakı kukla teatrları, bu sahə ilə yaxından maraqlanmağa başladım. Eyni zamanda İngiltərədə beynəlxalq münasibətlər üzrə ali təhsil aldım. Amma qərara gəldim ki, diplomat yox, kuklaçı olacağam. Universiteti bitirdikdən sonra artıq İngiltərənin ən yaşlı kuklaçısı Erik Braundan bu sənəti öyrənməyə başladım. Onun “Kiçik uşaq teatrı” ilə yanaşı, başqa teatrlarla da əməkdaşlıq edirdim. İlk dəfə mənə “Alisa möcüzələr ölkəsində” filmində kuklaları oynatmaq təklifi gəldi. Həmin işdən əldə etdiyim gəlirlə özümə kiçik furqon və avadanlıq aldım və bunlarla öz tamaşalarımı qoya bilirdim. O zaman bu tamaşaları əsasən Şotlandiyanın adalarında və ya kəndlərdəki orta məktəblərdə göstərirdim. Bu 80-ci illər idi. Sonra xarici ölkələrə yolum açıldı. 1992-ci ildə artıq 15 tamaşa göstərmişdim. Çox vaxt elə bilirlər ki, bu kuklalar səhnəyə çıxır, bizim işimiz də onları tərpətməkdən ibarətdir. Amma daha bilmirlər ki, bunun üçün uzun məsafə qət etmək lazım gəlir. Məsələn, üç gün maşınla yol gedirsən, yalnız 1 saat tamaşa göstərirsən. Demək istəyirəm ki, bu işin də öz çətinlikləri var. Öz teatr əsərlərimə əlavə olaraq Avropanın bir sıra kollec və teatr məktəblərində hərəkət və manipulyasiyalar üzrə dərs deyirəm. İtaliyanın Pinerolo şəhərində MAAF Akademiyasının daimi müəllimiyəm.
- Bu sahəyə hansı yeni mexanizmlər gətirmək istəyirdiniz və bu hədəflərə nail ola bildinizmi?
- Mənim üçün maraqlı idi ki, cansız kuklaları necə hərəkət etdirmək olar. Tamaşaçılara kuklaların sehrini açmaq istəyirdim. Amma bunun üçün hansısa süjet xətti tapmaq lazım idi. İstəyirdim ki, tamaşaçılar qarşısındakıların canlı və ya cansız olmasını ayırd edə bilməsinlər. Bəzən tamaşaçıya elə gəlir ki, biz cansız əşyanı hərəkət etdiririk, lakin onları kuklaların canlı olmasına inandırmaq üçün biz böyük zəhmət sərf edirik. Bir sözlə, kuklaları tamaşaçıya hərəkətli heykəl kimi təqdim etməyə çalışıram. Yəni tamaşaçı ilə oyun oynamaq xoşuma gəlir.
- Maraqlıdır, kukla teatrında süjet birinci yaranır, yoxsa hərəkət?
- Hər iksi eyni anda meydana gəlir. Mən tamaşaçıları aldada bilirəm. Mənim istifadə etdiyim kuklaların bədəni parçadan, başları şabalıd ağacından hazırlanıb. Onu səhnədə hərəkət etdirmək, tutmaq üçün üç yer var. Məsələn, “Havada asılmış” adlı tamaşa insan hərəkətləri xırdalıqlarının diqqətlə izlənməsinə əsaslanır. Sadəlik və eleqantlığa əsaslanan bu tamaşa yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tərəfimizdən hiss olunmasını dəyişdirir. Tədricən ifaçı tamaşaçıları bu fərqli qayda-qanunlara malik olan, sehrli, məzəli və poetik paralel aləmə çəkib aparır.
Sevindirici haldır ki, bu tamaşa xarici sponsorlar arasında məşhurluq qazandı və mən beynəlxalq qastrollara çıxmağa başladım. Bu, böyüklər üçün maraqlı tamaşadır. Mən bu tamaşa ilə özümün kukla oynatmaq bacarığımı və Qil Perinin əla elektron musiqisindən, müxtəlif musiqi janrlarından götürülmüş parçalardan istifadə edərək tamaşaçıları sürpriz və hərəkətlərlə dolu bu aləmlərə çəkib apara bilirəm. İnanıram ki, Azərbaycan seyrçiləri bu tamaşanı bəyənəcəklər.

Mehparə