Maya Xristova: “Ölkələrimiz arasında 2 min kilometr məsafənin olmasına baxmayaraq, özümü evimdəki kimi hiss edirəm”

Azərbaycanla Bolqarıstan arasında sıx əlaqələr hələ sovet dövründə təşəkkül tapıb. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanıyıb, həmin il iyunun 5-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1999-cu ildə Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb, 2004-cü ildə isə Azərbaycan Respublikasının Bolqarıstanda səfirliyi təsis edilib.

Ötən dövrdə iki ölkənin prezidentləri səviyyəsində dostluq münasibətləri, qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişafına zəmin yaradıb. Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova ilə söhbətimizdə iki ölkə arasında əlaqələrin hazırkı durumuna və gələcək perspektivlərinə toxunduq.

Azərbaycana səfir təyinatını necə qarşıladınız? Buraya gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz?
- Buraya səfir kimi gəlməzdən öncə də Azərbaycan haqqında kifayət qədər məlumatlı idim. Əvvəllər Bolqarıstanda energetika nazirinin müavini işləmişəm, həmçinin Bolqarıstanın enerji şirkətlərinin fəaliyyətinə nəzarət edən dövlət holdinqinin icraçı direktoru olmuşam. Səfir təyinatımdan əvvəl vəzifə fəaliyyətimlə bağlı iki dəfə Bakıya gəlmişəm. Birinci dəfə 2011-ci ildə “Nabukko” beynəlxalq layihəsi ilə əlaqədar Bakıda toplantımız oldu. İkinci dəfə isə 2012-ci ilin aprelində Bolqarıstan Baş nazirinin səfəri zamanı nümayəndə heyətinin tərkibində buraya gəldim. Səfir təyinatımdan öncə qəzet və jurnallarda da ölkəniz haqqında oxumuşdum. Bilirdim ki, Azərbaycan sürətlə inkişaf edir, Avropada getdikcə populyarlaşır. Mən Bakını ilk dəfə görəndə çox təsirləndim: şəhər çox müasir, gözəl, insanları da mehriban... Qısa müddətdə Azərbaycanda olmağıma baxmayaraq, artıq bu ölkəni və onun insanlarını özümə yaxın hiss edirəm.

İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Bolqarıstanla Azərbaycan dost ölkələrdir, ənənəvi mehriban münasibətlərimiz var. Son bir neçə il ərzində əlaqələrimizdə xüsusilə fəallıq hiss olunur. 2012-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ilini qeyd etdik. Lakin qeyd etmək lazımdır ki, iqtisadi, mədəni əməkdaşlıq və ümumilikdə ikitərəfli dialoqun inkişafı üçün böyük potensial mövcuddur və bu baxımdan çox iş görə bilərik. Ticarət, tikinti, turizm, təhsil, kənd təsərrüfatı sahələrində geniş əməkdaşlıq imkanlarımız var. Hesab edirəm ki, münasibətlərimiz intensivləşməli, azərbaycanlılar Bolqarıstanı, bolqarlar isə Azərbaycanı daha yaxından tanımalıdırlar.

“Bakını ilk dəfə görəndə çox təsirləndim: şəhər çox müasir, gözəl, insanları da mehriban...”

Azərbaycanla Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsi qaneedicidirmi?
- Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan sənədlər, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin genişlənməsinə zəmin yaradıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə bu əlaqələr yeni layihələrlə daha da zənginləşəcək. İndiyədək iki ölkə arasında mədəniyyət sahəsində müəyyən sazişlər imzalanıb, tədbirlər həyata keçirilib. Lakin insanlarımız bir-birilərinin mədəniyyətləri, adət-ənənələri, tarixləri haqqında çox şey bilmirlər. Bu baxımdan Bolqarıstanla Azərbaycan arasında mədəni əməkdaşlığa dair 2011-ci ilin aprelində imzalanan sazişin bu sahədə əlaqələrin genişlənməsinə şərait yaradacağına inanırıq. Bildiyiniz kimi, bu il dekabrın 17-də Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Bakıya səfər etdi. Səfər çərçivəsində heyət Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşdü və ölkələrimiz arasında mədəni əməkdaşlığın, turizm əlaqələrinin inkişafı haqqında müzakirələr aparıldı, hər iki sahənin prioritet olduğu diqqətə çatdırıldı.
Mədəni əlaqələrimizin daha da genişləndirilməsi məqsədilə 2014-cü ildə Bolqarıstanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Eyni zamanda Azərbaycanda Bolqarıstan mədəniyyəti günlərinin keçirilməsi barədə düşünürük. Belə tədbirlər insanların məlumat əldə etməsi baxımından çox faydalıdır. Məsələn, bir xalq digər xalqın filminə baxır, rəsmlərini, əl işlərini görür və beləliklə, əyani təsəvvür yaranır. Biz iki ölkənin təhsil nazirlikləri arasında imzalanmış sazişin ratifikasiyasına da önəm veririk. Bolqarıstan ali təhsil ocaqları Azərbaycandan daha çox tələbə qəbul etməyə hazırdır. 2012-2013-cü tədris ilində Bolqarıstanda oxuyan azərbaycanlı tələbələrin sayı 18 nəfər təşkil edib.

Turizm əlaqələrinin inkişaf perspektivlərini necə görürsünüz?
- Bakı ilə Sofiya arasında aviareyslərin sayının azlığı turizm əlaqələrinin hələlik istədiyimiz səviyyədə inkişafına imkan vermir. 2011-ci ildə Azərbaycandan Bolqarıstana 2 minədək turist gedib. Ötən il Azərbaycana gələn bolqarların sayı isə təxminən 200 nəfər olub. Lakin buna baxmayaraq turizm sahəsində də əlaqələrin inkişafı ilə bağlı məqsədyönlü iş aparılır. Məsələn, Bakıda keçirilən ənənəvi beynəlxalq turizm sərgilərində Bolqarıstanın turizm şirkətləri də iştirak edir. Lakin Bolqarıstandan Azərbaycana, Azərbaycandan isə Bolqarıstana turist axınını artırmaq üçün qarşılıqlı səylərə ehtiyac var. O zaman xalqlarımız tarixi, görməli yerlərimizlə daha yaxından tanış ola bilərlər.

Yeri gəlmişkən, Azərbaycanda olduğunuz müddətdə ölkəmizin görməli yerlərinə səyahət etmək imkanınız olubmu?
- Azərbaycanın bir neçə bölgəsinə səfər etmək imkanım olub. Şəki çox xoşuma gəlib. Gözəl şəhər olmaqla yanaşı, heyrətamiz təbiəti, gözəl dağları ilə də məni valeh etdi. Şəkidəki Xan sarayı isə misilsiz bir abidədir. Yeni tikililər, gözəl parklar da çox xoşuma gəldi. Ən əsası da odur ki, Bolqarıstanın Qabrovo şəhəri ilə Şəki şəhəri qardaşlaşmış şəhərlər hesab olunur. Çünki bu şəhərlərin hər ikisi öz lətifələri ilə məşhurdur. Şəhərlər həm coğrafi baxımdan bir-birilərinə bənzəyirlər, həm də insanlarının xarakteri oxşardır. Qabrovo Bolqarıstanın mərkəzində yerləşir və Şəki kimi o da dağlarla əhatə olunub. Şəkidə olarkən gördüm ki, yerli əhali qabrovolulara bənzəyir: gülərüz və yumor hissinə malikdirlər. Bütün bunları görmək çox maraqlı idi.
Yaxın zamanlarda Azərbaycanın digər regionlarına da səfər etmək niyyətindəyəm. Onu da deyim ki, ölkənizdə olduğum müddətdə yerli mətbəx nümunələrinizi də dadmışam. Düşbərə və lüləkabab çox xoşuma gəlib. Bolqarıstandan Azərbaycana gələn bütün nümayəndələrə və dostlarıma bu yeməkləri dadmağı tövsiyə edirəm.
Son olaraq demək istəyirəm ki, Azərbaycanda səfir kimi işləməkdən çox məmnunam. Ölkələrimiz arasında 2 min kilometr məsafənin olmasına baxmayaraq, özümü evimdəki kimi hiss edirəm.

Mehparə