“Azərbaycanın çox gözəl, cəlbedici təbiəti var. Birbaşa aviareyslərin olması turist səfərlərinə imkan yarada bilər”

Azərbaycanın müstəqilliyinin ilk illərindən tarix, din və mədəni köklərlə bağlı olduğumuz İslam dünyası, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi xarici siyasətin prioritet istiqamətlərindən olub. Respublikamızın sıx əməkdaşlıq etdiyi müsəlman ölkələrindən biri də Küveytdir. Hazırda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr inkişaf etməkdədir. Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə müsahibəmiz bu ölkənin milli bayramı (26 fevral - Azadlıq Günü) ərəfəsinə təsadüf etdi. Onunla söhbətimizdə ölkələrimiz arasında münasibətlərin bir sıra istiqamətlərinə toxunduq. Diplomat əvvəlcə ölkəsinin milli bayramı barədə danışdı:

- Bu günü biz üç hadisə münasibətilə qeyd edirik. Birinci hadisə 1961-ci ildə Küveytin öz müstəqilliyini qazanmasıdır. 53 il əvvəl Küveyt müstəqil dövlət oldu. 1990-cı ildə Səddam Hüseyn rejimi Küveyti işğal etdi. 1991-ci ilin fevralında Küveyt xalqı dostların köməyi ilə İraq hərbi qüvvələrinin işğalından azad oldu. Bundan əlavə, biz bu günlər Küveytin indiki dövlət başçısı Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın hakimiyyətə gəlməsinin (2006) ildönümünü də qeyd edirik.
- Azərbaycan-Küveyt əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında əlaqələr ildən-ilə güclənir və daha da aktivləşir. Bizi Azərbaycanla çox yüksək səviyyədə əlaqələr bağlayır. Xalqlarımız eyni dinə inam gətirir. 90-cı illərdən bəri Bakıda Küveytin Asiya İslam Təşkilatı fəaliyyət göstərir. Bu qurum Küveytin Vəqflər və Dini İşlər Nazirliyinin nəzarəti altında işləyir. 90-cı illərdə Asiya İslam Təşkilatı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə yardımlarla bağlı çox fəal şəkildə iştirak edib. İqtisadi əlaqələr barədə danışarkən qeyd etməliyəm ki, bu günlərdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşdə bır sıra məsələləri müzakirə etdik. Biz xüsusilə hər il Küveytdə keçirilən böyük sərgilərdən danışdıq və Azərbaycan şirkətlərinin, iş adamlarının bu sərgilərdə iştirakını arzu etdiyimizi bildirdik. Onu da qeyd etməliyəm ki, bizim öz əlaqələrimizi genişləndirmək və daha da fəallaşdırmaq üçün mühüm hüquqi baza mövcuddur. Dövlətlər arasında bir çox sahələr üzrə müqavilələr var ki, onların əsasında əməkdaşlığımızı inkişaf etdirə bilərik. Azərbaycanın dövlət başçısı bir neçə il bundan əvvəl Küveytə səfər etdi və bu çox faydalı oldu. Bu yaxınlarda bizim səylərimizlə ölkəmizin ən yüksək dövlət xadimlərindən biri Azərbaycana səfər edəcək. Keçən il Baş nazirin müavini və xarici işlər nazirinin rəhbərlik etdikləri böyük nümayəndə heyəti hökumətlərarası əməkdaşlıq komissiyasının ikinci iclası çərçivəsində Azərbaycanda olmuşdu və bu toplantı zamanı bir sıra razılaşmalar əldə edildi. Küveytin Azərbaycandakı səfiri kimi bu gün əsas məqsədim bütün sahələrdə əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaqdır.
- Ölkələrimiz arasında mədəni əlaqələr haqqında nə demək olar? Azərbaycana gələnə qədər onun tarixi, mədəniyyəti haqqında nə dərəcədə məlumatlı idiniz?
- Qeyd edim ki, buraya gələnə qədər Azərbaycan haqqında çox informasiyaya malik deyildim. Bundan öncə Argentinada səfir kimi fəaliyyət göstərirdim və Azərbaycanın oradakı müvəqqəti işlər vəkili ilə görüşlərimizdə ölkənizlə bağlı müəyyən qədər məlumat ala bilmişdim. Bura gəlməzdən öncə Azərbaycanın belə inkişaf etmiş bir ölkə olduğunu da, açığı, təsəvvür etmirdim. Azərbaycan bu regionun öz təbii sərvətləri ilə zəngin iqtisadiyyata malik çox mühüm dövlətidir. Dostlarımla söhbət edərkən mənə deyirlər ki, bu gözəllik və firavanlıq ildən-ilə artacaq. İnsanlarınız çox istiqanlıdır. Ölkədə sabitlik və əmin-amanlıq hökm sürür. Mədəni əlaqələrə gəlincə, bu, ikitərəfli münasibətlərimizin mühüm bir istiqamətini təşkil edir. Son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xoş ənənə halını alıb və bu, münasibətlərimizə öz töhfəsini verir. 2011-ci ilin mayında və 2013-cü ilin fevralında Küveytdə Azərbaycan mədəniyyəti günləri gerçəkləşib. 2012-ci ilin noyabrında isə Azərbaycanda Küveyt mədəniyyəti günləri keçirilib. Küveytin mədəniyyət üzrə məsul, nazirlik səviyyəsində olan Ali Mədəniyyət Şurası Azərbaycanla əlaqələrə xüsusi önəm verir və bu tədbirlər gələcəkdə də davam edəcək. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşümdə bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindəyəm. Coğrafi baxımdan yaxın olmağımıza və müsəlman ölkələri olmağımıza baxmayaraq, xalqlarımız biri-birlərinin mədəniyyəti haqqında kifayət qədər məlumata malik deyillər. Bunun üçün çoxsaylı qarşılıqlı görüşlər keçirmək lazımdır. Məsələn, mən istərdim ki, xalq folklor qruplarımız qarşılıqlı olaraq universitetlərdə tədbirlər təşkil etsinlər. Bu yolla əlaqələri genişləndirmək istəyirik. Qarşılıqlı mədəniyyət günləri isə ölkələrimizin xalqlarının bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması üçün imkandır. İstəyirik ki, bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirək.
- Azərbaycanda olduğunuz müddətdə regionlarımıza səfər etmək imkanınız olubmu?
- Cəmi iki aydır ki, Azərbaycandayam. Ona görə də hələlik belə imkanım olmayıb. Amma onu deyim ki, ilk səfər edəcəyim bölgə Naxçıvan olacaq. Mən Naxçıvan və onun tarixi haqqında çox eşitmişəm. Bu səbəbdən birinci ora səfər edib, sonra başqa regionlara da gedəcəyəm. Mən özüm belə səfərlərə çox əhəmiyyət verirəm. Yerli əhali ilə tanış olmaq, görüşmək, xalqla birbaşa təmasda olmaq fürsətini qiymətləndirirəm. Bundan başqa sizin mədəniyyət, musiqi ilə çox yaxından tanış olmaq arzum var. Azərbaycan musiqisini dinləməyi, teatrlara getməyi çox istərdim. Ölkənizin incəsənəti ilə yaxından tanış olmaq arzusundayam.
- İki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivlərini necə dəyərləndirirsiniz?
- İki-üç il bundan əvvəl Küveytdən Azərbaycana uzağı 30-40 nəfər turist gəlirdi. Keçən il Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevlə görüşərkən, o mənə dedi ki, təkcə iyul-sentyabr ayları ərzində 720 nəfər küveytliyə viza verib. Bunlar Azərbaycana gələn küveytli turistlərdir. Küveytlilər ölkənizə 20-30 günlük sırf turizm məqsədilə gəlirlər. Azərbaycanın çox gözəl, cəlbedici təbiəti var. Yeri gəlmişkən, Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə görüşümüzdə bu barədə də danışdıq. Xüsusilə vurğuladıq ki, ölkələrimiz arasında birbaşa hava reysi olsun. Aramızda təyyarə ilə 1-2 saatıq məsafə var. Amma birbaşa uçuş olmadığına görə burdan Qətərə və ya Dubaya, sonra da Küveytə gedirik. Biz bu məsələni bir daha geniş şəkildə müzakirə edəcəyik. Çünki hazırda çoxlu sayda küveytli Azərbaycana gəlmək istəyir. Birbaşa aviareyslərin olması turist səfərlərinə imkan yarada bilər.
- Maraqlıdır, Küveyt hansı turizm növü ilə azərbaycanlı turistləri özünə cəlb edə bilər?
- Küveyt kiçik ölkədir. Ölkəmizdə ticarət, kommersiya turizmi inkişaf edib. Xüsusilə qeyd etmək istərdim ki, Yaxın Şərqdə ən böyük ticarət mərkəzi paytaxt El-Küveytdə yerləşir və şəhərin bütün sahil boyunu əhatə edir. Bizdə mallar da gömrük rüsumundan azaddır və çox ucuzdur. Məsələn, avtomobillərə, neft-kimya məsullarına vergi yoxdur. Küveyt dünyada yeganə ölkədir ki, burada əcnəbilərin müalicəsi pulsuz həyata keçirilir. Bu yaxınlarda bizə bir azərbaycanlı xanım xəstəliyinə görə müraciət edib. Hazırda onun Küveytə göndərilməsi və orda müalicə alması ilə bağlı şəraiti öyrənirik. Məsələn, mən səfir və siz azərbaycanlı Küveytdə həkimə getsək, orada bərabər dayanıb növbə gözləyəcəyik. Bu, Küveytin qanunudur. Bizim ölkəmizdə ayrı-seçkilik yoxdur, insanpərvərlik mövcuddur. Hazırda İraqdan da çox saylda xəstə Küveytə müalicəyə gəlir. Bizdə tibb inkişaf edib, yüksək ixtisaslı həkimlər fəaliyyət göstərir. Eyni zamanda xaricdən yüksək ixtisaslı həkimlər müəyyən müddətə ölkə xəstəxanalarında işləmək üçün dəvət edilir.
- Şoppinq turizmindən başqa Küveytdə digər turizm növləri necə, inkişaf etdirilirmi?
- Ölkəmizdə qədim dövrləri, o cümlədən Osmanlı dövrünü əhatə edən qədim mədəniyyət abidələri var. Disneylənd tipli şəhərciklər də var ki, turistlər onlara maraq göstərirlər. Eyni zamanda tariximizlə bağlı maddi mədəniyyət nümunələri xüsusi muzeylərimizdə nümayiş olunur. Əlbəttə, bunlar da turistlərin diqqətini cəlb edir.
- Regionlarımıza hələlik səfərə çıxa bilməsəniz də, yəqin ki, Bakı və onun ətrafını seyr etmək imkanınız olub? Milli mətbəximizlə tanış ola bilmisinizmi?
- Tarixi abidələrə xüsusi marağım var. Bakıda, İçərişəhərdə gözəl abidələriniz, Qız qalası xüsusilə çox xoşuma gəlib. Burada olduğumuz müddətdə Azərbaycan mətbəxi ilə də yaxından tanış olmuşuq. Demək olar ki, bütün restoranlarda yerli mətbəxin dadına baxmışıq. Mən özümlə Küveytdən aşpazlar gətirmişəm. Lakin istədik ki, ailəliklə Azərbaycan mətbəxini də dadaq. Ailə üzvlərim sizin salat növlərini, turşuları, kababları çox xoşlayır. Ümumiyyətlə, mətbəxlərimiz arasında oxşarlıq çoxdur. Amma küveytlilər düyünü sizdən daha çox xoşlayır. Bundan başqa, Azərbaycan toylarında iştirak etmək arzum da var. Biz küveytlilər digər xalqlarla münasibətlər qurmağa meylliyik. Düşünürəm ki, insanın hər bir ölkəyə səfəri zamanı əldə etdiyi ən qiymətli nemət dostluq olur. Mən bir müddət burda işləyəcəyəm və sonra gedəcəyəm, əldə etdiyim isə azərbaycanlı dostlarım olacaq. Dostluq çox mühüm amildir. Eyni zamanda arzu edək ki, qəzetinizlə də davamlı əməkdaşlıq edək və gələcəkdə də öz təəssüratları sizinlə bölüşüm.

Mehparə