Onun adını eşidən orta və yaşlı nəsil istər-istəməz sovet dövrünü xatırlayır. O illərin ən məşhur müğənnilərindən biri, öz gözəl səsi ilə bu gün də insanların ürəyini fəth etməyi bacaran Radmilla Karaklaiç. Keçmiş Yuqoslaviya Sosialist Federasiyasının və Serbiyanın Xalq artisti Radmila Karaklaiç iyunun 4-dən 6-dək Bakıda səfərdə olub. Ötən əsrin 70-80-ci illərindən etibarən dəfələrlə respublikamıza gələn, Azərbaycan musiqisevərlərinin dərin rəğbətini qazanan sənətçi budəfəki səfəri gedişində paytaxtımızın mədəni həyatı, görməli yerləri ilə tanış olub, konsert proqramlarını izləyib.
Müğənni Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Həmçinin zəmanəmizin böyük musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən musiqiçi ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb. Buradan paytaxtın mənzərəsini seyr edən qonağa şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Onunla müsahibəmiz Fəxri xiyabanı ziyarətindən sonra baş tutdu. Sənətçi öncə xatirələrini dilə gətirdi:
- Heydər Əliyev və Zərifə xanım Əliyeva haqqında xatirələrim çox təsirlidir. Xüsusilə Zərifə xanımla tez-tez görüşürdük, aramızda bir duyğusal bağlılıq var idi. Sonradan mən Sevil Əliyevanın yazdığı mahnılarla tanış oldum. İlk dəfə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Bakıya gələndə konsertdən sonra Sevil xanımla tanış oldum. Beləcə, dostlaşdıq. Sonra hər dəfə Bakıya gələndə onlarla görüşürdüm. Heydər Əliyevi də bir neçə dəfə görmüşdüm. Belə insanlar nadir şəxsiyyətlərdir. Bu şəxsiyyətləri Allah Yer üzünə ona görə göndərir ki, öz böyük missiyalarını yerinə yetirsinlər. Heydər Əliyev Azərbaycanın rəhbəri kimi bütün dövlətlərlə əməkdaşlıq etməyi bacarırdı. Əlbəttə, bunu balanslaşdırmaq, məncə, asan deyil.
- Sizin hitlərinizdən biri olan «Budu!» (“Malenkiy malçişka, malenkiy korablik” - “Balaca oğlan, balaca gəmi”) mahnısı da Sevil Əliyevanın bəstəsidir. Mixail Taniçin sözlərinə yazılmış bu ifanın tarixçəsi çox maraqlıdır...
- Sevil xanımla görüşlərimizdən birində mənə dedi, Radmilla, mənim mahnımı dinlə. Mahnı uşaqlara həsr olunmuşdu. Mahnını çox bəyəndim. Sevil xanım çox ağıllı, ciddi və hissiyyatlı insandır. Beləcə, bizim əməkdaşlığımız başlandı. Mahnı tezliklə hitə çevrildi və bu gün də sevilir. Sevil Əliyeva yalnız mənə və Müslüm Maqomayevə mahnı yazırdı və bu mahnılar uğurlu alınırdı.
- Mahnılarınızdan biri də İstanbula həsr edilib...
- Bu çox qədim mahnıdır. Bəlkə də 100 ildir ki, ifa olunur. Sadəcə olaraq mən ona serb dilində mətn yazdım və bu mahnını sevirəm. Onu da deyim ki, mənim nənəm türk olub. Axı biz beş əsr Osmanlı imperiyasının tərkibində yaşamışıq. Bu baxımdan çoxlu qarışıq nikahlar olub. Məsələn, mən Osmanlı imperatoru Sultan Süleymandan bəhs edən “Möhtəşəm yüz il” filmini çox sevirəm...
- O halda necə düşünürsünüz, sizdə türk elementi var? Ümumiyyətlə, bunu daha çox nə zaman hiss etmisiniz?
- Əlbəttə var. Bilirsiniz, mən ilk dəfə İstanbula gedəndə bu şəhərdə nə varsa, mənim xoşum gəldi. Bu elə təsirli anlar idi ki... Sözlə ifadə etmək olmur. O zaman mən bunu daha çox hiss etdim.
- Müğənnilər hər zaman içlərindən gələn, onları daha çox həyəcanlandıran mahnıları ifa edirlər. Sizin repertuarınızda qaraçı mahnıları da var. Məsələn, “Balalayka” kimi mahnınız dinləyicilərinizə yaxşı məlumdur. Bu janra sevgi sizdə haradandır?
- Bilirsiniz, mən adətən konsertlərdə öz hit mahnılarımı ifa edirəm. Amma fasilədən sonra bir neçə qaraçı mahnısı oxuyuram. Qaraçı mahnıları məni hər zaman özünə cəlb edib. Yəqin bunu həm də mənim dinləyicilərim istəyir. Ümumiyyətlə, əgər sən insanları sevmirsənsə, onların hisslərini başa düşmürsənsə, nəyə lazımsan. Deməli, sənin sadəcə forman var. Mənim həmişə ən yeni aranjirovkalarım olur. Elə müğənni var ki, bütün mahnıları, səhnədə onu müşayiət edən rəqslər eynidir. Məncə, əgər həyat sevgisi yoxdursa, artıq bu incəsənət deyil. Bəlkə də başqaları belə düşünmür. Mənim isə baxışım belədir. Əgər sən öz ifalarınla tamaşaçıya nə isə verə bilirsənsə, onda bu, incəsənətdir.
- İfalarınız da hər zaman pozitiv olur. Yəqin bu sizin təbiətinizdən irəli gəlir...
- Hər bir müğənninin özünəməxsus xarakteri var. Mən hətta kədərli anlarımda da düşünmüşəm ki, həyat davam edir, özünə inanıb ona davam etməlisən. Bu mənim həyat prioritetimdir. Zəifliyə qalib gəlməlisən. Mən Allaha inanıram. Hər kəs insanları sevməli, valideyninə hörmət etməli, övladları üçün bacardığını etməli və heç kimə ziyan vurmamalıdır. Bir sözlə, mən həyatı çox sevirəm.
- Sizin bioqrafiyanızdan, verdiyiniz müsahibələrinizdən də bəlli olur ki, heç vaxt ulduz həyatına can atmamısınız. Bu nədən irəli gəlir?
- Mən Belqradda Qərb Dilləri Universitetini bitirmişəm. Bir müddət ingilis dili müəlliməsi işləmişəm. Ailəmizdə hər kəs gözləyirdi ki, ixtisasım üzrə işimi davam etdirəcəyəm və hətta doktorluq işi yazacağam. Amma belə olmadı və dostlarımın təkidi ilə bir beynəlxalq müsabiqəyə qatıldım, qalib oldum və beləliklə, ifaçılığı seçdim. Bilirsiniz, müğənni olduqda sən məşhurlaşırsan, sənin pulun olur. Əlbəttə, bütün bunlar yaxşıdır, həyatını təmin edir. Amma ən əsası odur ki, sən başqası ola bilmirsən. Sən öz daxilindən zövq ala bilirsən. Bütün bunlardan başqa sənə heç nə lazım deyil. Müğənni olmaq üçün ulduz olmaq vacib deyil. Sənə sevgi yaranmalıdır ki, ondan zövq ala biləsən. Bu da səni müəyyən mərtəbəyə, zirvəyə qaldırır. Çünki şan-şöhrət, populyarlıq zamanla çıxıb gedəcək, amma malik olduğun intellektual səviyyə həmişə qalacaq.
Bir də ki, mənim hər zaman gərgin həyatım olub. Ev işləri - yemək bişirmək, təmizlik, paltar yumaq mənim üzərimdə olub. Görürsünüz, bu mənim əllərimdə də özünü göstərir (gülümsəyərək əllərini göstərir). Hətta saçlarımı da bu günə qədər özüm boyayır, makiyajı özüm edirəm. Demək istəyirəm ki, mənə işlərimdə heç kim kömək etmir. Həmişə qaçaqaçdayam.
- Deyirsiniz ki, populyarlıq zamanla keçib gedir, amma intellektual səviyyə həmişə qalacaq. Bu baxımdan peşəkar kimi gənc nəslə nələri tövsiyə edərdiniz?
- Hər halda bunun üçün məktəb keçmək lazımdır. Dediyim kimi, insanın məşhurluğu zamanla yoxa çıxır. İntellektual səviyyə isə ona hər zaman qalır. Ona görə də gənc nəslə tövsiyəm budur ki, daim mütaliə etsinlər və öz üzərində işləsinlər.
- Bu gün sizi dinləyən, adınızı eşidən hər kəs bir anlıq sovet dövrünə qayıdır. Həmin illərdə ən məşhur müğənnilərdən biri olmusunuz. O zaman sizə hətta İngiltərədə, Amerikada işləməklə bağlı təkliflər də gəlmişdi. Nə üçün getmədiniz?
- O zaman Yuqoslaviyaya gələn məşhur Amerika estrada ulduzu bütün müğənnilər arasında məni seçmişdi. Bəlkə bu həm də ona görə idi ki, mən ləhcəsiz ingilis dilində danışırdım. Əgər razılaşsaydım, beş il orada yaşamalı idim. Düşündüm ki, ailəmi, həyat yoldaşımı, ətrafımı qoyub gedə bilmərəm. Bilmirəm, doğru qərar idi, yoxsa səhv. Hər halda mən o zaman Sovet İttifaqında, Bakıda sevildim. Bunun özü də zənginlikdir. Sən o zaman zənginsən ki, insanlar səni sevir. Mən varlı deyiləm, amma xoşbəxtəm.
- Peşəkar musiqiçi kimi necə düşünürsünüz, bu gün dünyada musiqi ilə bağlı necə proses gedir?
- Düşünürəm ki, dünya inkişaf edir, hər şey irəliyə doğru gedir. İnsanlar və musiqi dəyişir. Ona görə də, müəyyən proseslər baş verməlidir. Mənim yeganə oğlum Oqnen DJ-dir. Bu baxımdan mən müasir musiqini də sevirəm. Yeri gəlmişkən, 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycandan Eldar və Nigar dueti qalib olanda çox sevindim. Onlar istedadlı gənclərdir və çox yaxşı ifa edirdilər. Bundan başqa, builki müsabiqədə ölkənizi təmsil edən Dilarənin ifasını çox bəyəndim. Yeri gəlmişkən, deyim ki, sizin milli musiqilərinizlə serb milli musiqisi arasında oxşarlıq var. Ona görə də, Azərbaycan musiqisini çox sevirəm.
- Vaxtilə, istər Serbiya, istərsə də Azərbaycan sosializm rejiminin bir parçası olub. O zaman münasibətlər də bu çərçivədə bəlkə bir az da məhdud idi. İndi isə dünyada çox sürətlə qloballaşma gedir. Bu fonda mədəni qloballaşmaya münasibətinizi bilmək maraqlı olardı...
- Bu gün biz istəsək də, istəməsək də qloballaşma baş verəcək. Ona görə də deyirəm ki, öz adət-ənənələrini və özünəməxsusluğunu saxlamalısan. Nə üçün Serbiya və Azərbaycan bir-birinə bu qədər yaxındır? Bizim avtoritetimiz, ailə ənənəmiz, əsrlərlə formalaşan dəyərlərə hörmətimiz var. Ona görə biz hər şeyə açıq gözlə baxa bilirik. Qloballaşmanın daha yaxşı elementlərini götürmək lazımdır. Amma bunu da müəyyən hədlər daxilində etməlisən.
- Yeri gəlmişkən, Azərbaycan-Serbiya mədəni əlaqələrinin inkişafı sizdə hansı təəssüratı yaradır?
- Düşünürəm ki, mədəni əlaqələrimiz uğurla inkişaf edir. Əlbəttə, əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin mühüm xidmətləri var. İki ölkənin müvafiq nazirlikləri də bu istiqamətdə addımlar atır. Azərbaycanın Serbiyadakı səfirliyi xalqlarımız arasında əlaqələrin sıxlaşmasına səy göstərir. Belqradda Taşmaydan parkında Azərbaycan xalqının milli lideri Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələri ucaldılıb. Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsi qoyulub. Şairlərimizin əsərləri qarşılıqlı şəkildə serb və Azərbaycan dillərinə tərcümə olunur, teatr tamaşalarımız nümayiş olunur və bu da əlaqələrimizi daha da möhkəmləndirir. Hətta serb dilində çoxlu türk sözləri var. Bizim müəyyən dərəcədə oxşar tariximiz, xarakterimiz var. Beləliklə, mədəniyyət insanları yaxınlaşdırır.
- Uzun illərdən sonra bu dəfə sizə doğma olan şəhəri - Bakını necə gördünüz?
- Bakı son 10 ildə çox gözəlləşib. Onu sadəcə tanımaq olmur. Bakının özünəməxsusluğu qorunub-saxlanılmaqla o, çox müasirləşib. Bilirsiniz, Bakıda dəfələrlə olmuşam, istərdim ki, Azərbaycanın rayonlarına da səfər edim və onların gözəl təbiətini görüm. İndi Azərbaycanda turizm inkişaf etdirilir və ona görə növbəti dəfə turist kimi gəlmək istərdim. Sizin mətbəxi də sevirəm. O qədər dadlı yeməkləriniz var ki, bu qısa müddətdə kilo almışam. Yeməklərinizin belə dadlı olması da sizin zəngin mədəniyyətinizdən xəbər verir.
Mehparə