“Əlaqələrimizin zəifliyinin bir səbəbi ölkələrimiz arasında birbaşa hava reysinin
olmamasıdır. 2015-ci ildə İstanbul-Bakı-İslamabad reysinin açılacağını gözləyirik”


Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında, Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın səfirliyi açılıb. Hazırda ikitərəfli münasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf etməkdədir. Pakistanın Azərbaycandakı yeni səfiri Xalid Usman Qayserlə müsahibəmizdə də bu əlaqələrə nəzər saldıq.

- Cənab səfir, ölkələrimiz arasında münasibətlərin mövcud durumunu necə dəyərləndirirsiniz?
- Azərbaycan və Pakistan bir-birlərinə çox yaxın, qardaş ölkələrdir. Bizim münasibətlərimiz ona görə güclüdür ki, bu əlaqələrin əsası möhkəm olub. Azərbaycanın ulu öndəri, mərhum Prezident Heydər Əliyev 1996-cı ildə Pakistana səfər etdi və münasibətlərimizin əsasını möhkəmləndirdi. Prezident İlham Əliyev də hazırda ulu öndərin yolunu davam etdirir. İki ölkənin siyasi müstəvidə əməkdaşlığı başqa ölkələr üçün də bir nümunə ola bilər. Bildiyiniz kimi, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Pakistan xalqı Azərbaycana Kəşmir məsələsində dəstəyinə görə çox minnətdardır. Ölkələrimiz münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıdır. Pakistan xalqı həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna ölkəmizdə həyata keçirilən xeyirxah layihələrə görə minnətdardır. İki ölkənin dostluq münasibətlərinin möhkəmlənməsində Mehriban xanım Əliyevanın xüsusi rolu var. O, Pakistanda gördüyü işlər sayəsində çox yaxşı tanınır və sevilir.
- Azərbaycanla Pakistan arasındakı əlaqələrin kökləri qədim dövrlərə dayanır. Bununla bağlı nə deyə bilərsiniz?
- Biz nisbətən fərqli coğrafi məkanlarda yaşasaq da, bir çox mədəni dəyərləri bölüşürük, eyni dinin daşıyıcılarıyıq. Bakıdakı Pakistan səfirliyi və İslamabaddakı Azərbaycan səfirliyi qarşılıqlı olaraq hər iki paytaxtda təşkil olunan mədəniyyət və xeyriyyə tədbirlərində iştirak edir. Amma düşünürəm ki, bu, kifayət deyil. Mədəni əlaqələrimizin genişləndirilməsi üçün davamlı mübadiləyə ehtiyac var. Məsələn, iki ölkənin sənət kollektivlərinin, tələbə və jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunarsa, bu, ölkələrimizin və xalqlarımızın bir-birini tanıması baxımından çox faydalı olar. Mədəniyyət sahəsində əlaqələrimizi inkişaf etdirmək istəyirik. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla bu sahədə hansı işləri görə biləcəyimiz barədə fikir mübadiləsi, müzakirələr aparırıq.
- İki ölkənin hansı sahələrdə daha çox əməkdaşlıq imkanları mövcuddur?
- Pakistan və Azərbaycan mövcud münasibətlərin səviyyəsinin daha da inkişaf etdirilməsini istəyir. Təhsil və insan resursları sahəsində əməkdaşlıq üçün potensial çox böyükdür. Ölkəniz müstəqilliyini qazandıqdan sonra azərbaycanlılar Pakistanda müxtəlif kurslarda iştirak ediblər. Təxminən 40 nəfər Pakistanın Xarici Xidmət Akademiyasında diplomatiya sahəsində kurs keçib. Bu gün Azərbaycanın təhsil sahəsində infrastrukturu əlverişlidir. Bu, o deməkdir ki, tələbə mübadiləsini genişləndirə bilərik. Ticarət sahəsində təəssüflər olsun ki, hələlik ciddi nailiyyətlər əldə edə bilməmişik. Bunun birinci səbəbi ölkələrimiz arasında birbaşa hava reysinin olmamasıdır. Hazırda Azərbaycan, Türkiyə və Pakistan hava yolları vasitəsilə bu sahədə iş aparılır. 2015-ci ilin əvvəlində danışıqların başa çatacağını və İstanbul-Bakı-İslamabad reysinin açılacağını gözləyirik.
Pakistanın tekstil məhsulları dünyada ön sıralardadır. Ölkəmizdə istehsal olunan əczaçılıq məhsulları yüksək keyfiyyətə malikdir və bu sahədə də əməkdaşlıq imkanları var. Azərbaycanda neft-qaz sahəsi çox inkişaf edib. Pakistanda bu sahədə iş adamları xaricdən olan tərəfdaşları ilə birgə qazıntı, axtarış işləri aparırlar. Pakistan neft-kimya məhsullarını idxal edir. İş adamları bu sahədə də əməkdaşlıq edə bilərlər. Hərbi sənaye, müdafiə sahəsində də əməkdaşlığımız inkişaf edir. Beləliklə, siyasi sahədə əlaqələrimiz yaxşıdır, qeyd etdiyim sahələrdə münasibətlərin inkişafı diqqət mərkəzindədir.
Təbii ki, mədəni əlaqələrimizi də inkişaf etdirmək istəyirik. Onu da vurğulayım ki, noyabrın 14-də ADA Universitetində mədəniyyət tədbiri keçirildi və biz əvvəlki illərə nisbətən orada daha uğurlu çıxış etdik, öz mədəniyyət nümunələrimizdən ibarət sərgi təqdim etdik. Bu gün Pakistanın və Azərbaycanın tanınmış incəsənət adamları çoxdur. Bu sahədə qarşılıqlı səfərlər, tədbirlər təşkil etmək olar. İncəsənət adamları bu xüsusda əsasən hökumətdən dəstək gözləyirlər. Amma dünyada tendensiya dəyişir və bu işi özəl şirkətlər öz üzərinə götürür.
- İki ölkə arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?
- Son illərdə təkcə Bakıda deyil, eyni zamanda Azərbaycanın digər bölgələrində də yeni turizm obyektləri, istirahət mərkəzləri tikilir. Allah Azərbaycana gözəl təbiət, iqlim bəxş edib. Ölkənizdə qədim mədəni irs çox yaxşı qorunur. Pakistanda da bəzi qədim sivilizasiyaların və mədəni irsin izləri var. Bundan başqa, ölkəmizdə müasir turizm infrastrukturları yaradılıb. Azərbaycanlı bacı və qardaşlarımız kimi, pakistanlılar da qonaqpərvərdirlər. Sadəcə olaraq burada lazım olan əsas məqam xalqlarımızı birbaşa münasibətlərin qurulmasına həvəsləndirmək və turizm xidmətlərimizi inkişaf etdirməkdir.
- Azərbaycana gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz? Azərbaycan sizdə necə təəssürat yaradıb?
- Azərbaycana gələnə qədər mən İslamabadda Xarici Xidmət Akademiyasına rəhbərlik etmişəm, ölkəniz haqqında müəyyən məlumatım vardı. Burada mən də, ailəm də özümüzü çox rahat, mehriban bir mühitdə hiss edirik. Azərbaycanlı uşaqlar bizim övladlarımızla dostluq edirlər. Ölkə rəsmilərindən hər zaman diqqət və hörmət görürük. Azərbaycan haqqında təəssüratlarım olduqca müsbətdir. Mənə elə gəlir ki, Azərbaycan mənim ölkəmə, Pakistana bənzəyir. Məsələn, burada olduğumuz müddətdə ailəmlə birlikdə Azərbaycanın gözəl regionlarından biri olan Naxçıvanda olmuşuq. Eyni zamanda mənim Qəbələ və digər yerlərə də səfər etmək imkanım olub. Bu səyahət Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuşdu. Qarşıdakı günlərdə isə ailə üzvlərimlə birlikdə ölkənizin başqa yerlərinə də səfər etməyi planlaşdırırıq.
- İşdən vaxt tapıb teatra, konsertə gedə bilirsinizmi?
- Biz musiqi və teatrı çox sevirik. Lakin işlərin, rəsmi tədbirlərin çoxluğundan konsert və teatra vaxt tapmaq çətin olur. Hələ ki, mən ailəmlə birlikdə hərdən gəzməyə getməyə vaxt tapıram.
- Cənab səfir, milli mətbəximizlə aranız necədir?
- Bilirsiniz, bizim mətbəxlərimiz demək olar ki, eynidir. Yeganə fərq ondan ibarətdir ki, biz yeməklərə bir az ədviyyatlar əlavə edirik. Azərbaycanlılar kimi, biz də evimizə gələn qonaqları sevgi ilə qarşılayır, ən ləziz yeməklərdən süfrə açırıq. Hətta onu da bilirəm ki, bizim toy adətlərimiz bir-birinə bənzəyir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar