“Xalqın yaddaşında qalan, ürəyində, qanında, cövhərində yaşayan şairlər nidası olan şairlərdir”

Xalqın dilində danışan, sözlə onun ruhunu oxşayıb, dərinliklərə varıb, tarixindən baxa bilən şairdir Zəlimxan Yaqub. Məhz bu məqama görə də onunla oxucu görüşü bir ayrı həyəcanlı, arzulanan olur. Söhbətimiz də şairin oxucularla növbəti görüşlərinin birində gerçəkləşdi.
Bu dəfə elm adamları ilə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu rəhbərliyinin əsasını qoyduğu yeni ənənə - ayda bir dəfə şairlərlə görüş günü çərçivəsində bir araya gəlib, səmimi, sazlı-sözlü ortamda söhbətləşmək imkanı qazandıq.
Oxucular, şeir bulağından söz umanlar şairi gözəl sözlərə, şeirlərindən umacaqlı suallara tutdular. Bu məqamdan istifadə edib mən də onun heç vaxt yorulmayan, təslim olmayan, ağrınmayan söz dünyasına bir neçə sualla varmaq istədim.
Beləliklə, həmsöhbətimiz “Nə yaşadım, zamanında yaşadım” deyən, “Bir əli torpaqda, bir əli haqda” olub dünyanın şəklini çəkmək istəyən, təpədən-dırnağa söz adamı, Xalq şairi Zəlimxan Yaqubdur.


- Zəlimxan müəllim, deyirlər, şairlər zamanlarının güzgüləridir. Yəqin bunu sizə də şamil etsək, zaman adlı məfhumun nə ifadə etdiyini demək elə də çətin olmaz?
- Bir şeirimdəki misraları yadıma saldınız:

Nə sözdən, nə nəğmədən, nə bulaqdan doymadım.
Nə oddan, nə alovdan, nə ocaqdan doymadım.
Nə ana təbiətdən, nə torpaqdan doymadım.
Həyat adlı güzgünü, aynanı istəyirəm.


Bu anlamda həyatı dərk edib, onun hər üzünə bələd olub, onu sevərək yaşamaq yəqin elə ən dərin və mənalı ömürdür.
- Şeirlə başladınızsa, elə şeirlə də davam edək: deyirsiniz ki, “Zəlimxansız dünya bir şey itirməz, Allah səni pənahında saxlasın”. Amma Zəlimxansız dünya çox şey itirər...
- Bu, özlüyündə çox dərin və geniş mənası olan sözdür. Bir mənası budur ki, dünya məkan olaraq çox böyükdür, çox qədimdir, çox genişdir. Amma, həm də çox kiçikdir. Çünki insan ömrü çox azdır. Ona görə də “Zəlimxansız dünya bir şey itirməz”im bir həqiqətdir.
- Demək, bu mənada insanların təkrarolunmazlığı fikri də irrealdır?
- Yox, hər bir fərd təkrarolunmazdır, o mənada, əlbəttə, Zəlimxansız dünya çox şey itirər. Bunu da demişəm axı:

Bu çiçəyin qədrini bil,
Solub getsə, gec olacaq.
Qara yellər ağ gülləri,
Yolub getsə, gec olacaq.


Öp bu çiçəyin gözünü,
De bu çəmənin sözünü,
Qoru bulağın gözünü,
Dolub getsə, gec olacaq.

Haqqı bir bil, biri saxla.
Ocağa dön, piri saxla,
Zəlimxanı diri saxla,
Ölüb-getsə, gec olacaq.


- Bəzi şairlərin elə şeirləri var ki, adam oxuduqca ilham qaynağını, ürəkdən süzülən andakı halını hiss edir. Yəni onun “bəzək-düzək” vurulmadan “qara”lamadan “ağ”lamaya köçdüyünü sezə bilir...
- Altıncı sinifdə ilk şeirimi yazmışam. Yeddinci sinifdə oxuyanda Borçalıda ilk dəfə mətbuatda çap olunmuşam. Bundan sonra yaradıcılıq axıb gəlib. Bəzən qoşma kimi, bayatı kimi, gəraylı kimi, təcnis kimi gəlib. Mənim yazı üslubum belədir ki, heç vaxt yazıma düzəliş vermirəm. Heç vaxt redaktə etmirəm. Nə cür gəlirsə, o cür də köçürürəm. Yəni mən redaktəni içimdə edirəm, içəridən hazır gəlir. Sonradan vərəqin üstündə cızma-qara etmirəm.
- Şairlərin öz həyatlarını, öz dərdlərini, şəxsi talelərini yazdıqlarını deyirlər. Bu nə qədər real və səmimi alınır?
- Söz ürəkdən gəlirsə, ruhun yoluna yoldaşdırsa, sözün də səmimi olacaq, dərdin də. Çünki əbədi olan odur - söz.

Yox, mənimlə getməyəcək bu dünya.
Öz yerində axşam, səhər qalacaq.
Ağlayan da tapılacaq, gülən də.
Yenə sevinc, yenə kədər qalacaq.


İnsan yaranan gündən müqəddəs olan bütün kitabların başında gələn bir aləm var ki, onun da adı sözdür. Müqəddəs kitablarımız da sözlə başlayır, həyat hekayətlərimiz də. Hər bir kəs sənətindən, peşəsindən asılı olmayaraq, dilini, mədəniyyətini, tarixini bilməlidir. İnsanları ucaldan onun dilidir. Dilində, mayasında söz durur. Azərbaycan xalqı çox müdrik və çox zəngin xalqdır və ona görə də ruhunu duyan hər şairin sözünü ucalda bilir.
- Şairə sevgidən danışdıqsa, yəqin onu da bilirsiniz ki, sizi sevənlər, misralarınızla mənən qidalananlar səhhətinizə görə də narahatdırlar...
- Əgər Zəlimxan Yaqub, həqiqətən, ürəklərdə, könüllərdə, dillərdə, məclislərdə, evlərdədirsə, bu onun ən böyük əsəridir. Mənim ən böyük sevincim, səadətim, qazancım da elə budur.
Həm də narahatlığa əsas yoxdur, hər şey qaydasındadır. Xəstəliyin yaradıcılığa heç bir təsiri yoxdur. Çünki yaradıcılıq mənim ruhumdadır, ürəyimdədir, içimdə, daxili dünyamdadır. Onu heç nə mənim əlimdən ala bilməz. Ölümdən başqa...
- Bu gün elm adamları ilə ünsiyyətdə sizi daha xürrəm gördüm. Necə düşünürsünuz, oxumaq və yeni şeylər öyrənmək üçün yaş sərhəd ola bilərmi?
- İnsan yaranandan ölənədək mütləq öyrənməli, elmlə, biliklə qidalanmalıdır. Özü də bunun hər hansı həddi, sonu yoxdur. Ümumilikdə özünü ziyalı hesab edən adam mənsub olduğu xalqın, yaşadığı dünyanın elm-ürfanından da xəbərdar olmalıdır.
- Xalq şairi, xəlqi şair, xalqın şairi kimi ifadələr az-az qələm sahiblərinin ünvanına səslənir. Nədir bu hikmətin sirri?
- Şeir yazanlar nə qədər desəniz var və bütün zamanlarda olub. Amma Allahla bağlı olan, göylərlə yerləri bir-birinə qatan şairlər az olub. Xalqın yaddaşında qalan, ürəyində, qanında, cövhərində yaşayan şairlər nidası olan şairlərdir.

İşıqlandı nurda dostlar,
İşıq saldı yurda dostlar.
Xırdalandı xırda dostlar,
Böyük dosta salam olsun.


Bax, o böyük dost Allahdır və öz dostluq payından hansı insana veribsə, şair odur.
- Bu anlamda şair olaraq siz də öz söz abidənizi yaratmısınız artıq. Buna baxmayaraq, inanmıram, yazmaq eşqiniz azalsın...
- Yazmaq da, oxumaq da, öz ürək sözünü kağıza köçürmək də nəfəs almaq kimidir. Yəni hər günün öz əsəri var. Hər əsərin də özünün mənası, məzmunu, kəsəri, gözəlliyi var.
- Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə deyirdi ki “Sevən doxsanında hələ cavandı. Sevməyən qocadır otuzunda da”. Bu mənada şair Zəlimxan Yaqub qocadır, yoxsa cavan?
- (gülür) Zəlimxan Yaqub həm qocadır, həm də cavan. Qocadır, ona görə ki, həqiqətən, sözlə bir yerdə olan adam bütün zamanların adamıdır. Yəni onların yaşı-başı bəlli olmayan bir zamanlarda yaranıb-yaşlanıb. Həm də cavanam. Ona görə ki, Füzuli demişkən “sizinlə bir yerdəyəm”.
- Müsahibələrinizin birində sazdan küsdüyünüzü demişdiniz. Amma buna inanmadım. Bayaqkı saz havaları sizi alıb haralara apardı, bir Allah bilir...
- Sazdan uzaq düşməmişəm. Nəinki indi, saza həmişə qulaq asıram. Ancaq son vaxt səhhətimlə bağlı özüm istədiyim kimi saz çala bilmirəm. Buna görə də bəzən sazdan “küsürəm”. Mənim yarım, sevgilim, sirdaşım, könül dostum telli sazdır. Ondan küsməyim mümkünsüzdür.
- Şair, dünyanın bir çox yerlərində olub, fərqli məkanları görmüsünüz. Bu an şairin könlü haradadır?
- Getmək, zirvəsinə qalxmaq istədiyim, havasını udub könlümcə dərdləşmək istədiyim Dəlidağda...
- Şairin oxuculara sözü, arzusu olmamış olmaz...
- Canınız ağrımasın, ömrünüz uzun olsun. İnsanın ən böyük neməti sağlam can və mənalı olan ömürdür.
Nizami “Sirlər xəzinəsi”ndə deyir ki, “Mətanət meydanında kimlər tutdu gör səfi, Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!”. Bu gün yaşayan şairlər, həqiqi şairlər, xalqın şairləri Allahın və xalqın dostlarıdır.
Xəlil Rza deyir ki,
Nəsimi alnında qanlı bir qürur,
Baxır kainata öz dan yerindən,
On dördüncü əsr yıxılır, durur,
Tutur o dahinin ətəklərindən.

Bu mənada zaman öncə sözə söykənir, şairlərə söykənir. Böyüklərə, nəhənglərə, dahilərə söykənir və zaman titulunu qazanır.
Gözəl insanlar, mayasında uca Yaradana, onun yaratdıqlarına eşq olan insanlar sözə dəyər verdikcə elə şairlər də əbədi qalacaq.
Bu anlamda inanın ki, mən dünyanın ən sonsuz ömrünü yaşamış - həm oxucu sevgisinin əhatəsində, həm də əbədi sevgini dadmış bir şairəm. Buna görə xalqıma minnətdaram.
- Şairin xalqla görüşü şeir sovqatıdır deyə daha canlı və daha gözəldir...
- Küsmə təbiətin şıltaqlığından,
Duman bu dağlardan getmir, getməsin.
Torpaq yanımızda, su yanımızda,
Əlimiz bir yana yetmir, yetməsin.

Cana dərd eyləmə çəni, dumanı,
Nə ahı yaxın qoy, nə də amanı,
Mən sazı götürüm, sən də kamanı.
Bülbül özü bilər ötmür, ötməsin.

Əgər ağıl varsa başın içində,
Diləklər gül açar daşın içində.
Zəlimxan yaz tapar qışın içində,
Tək arzu tükənib, ömür bitməsin.

Məni yaşadan, uzunömürlü edən, ruhumu havalara qaldıran Azərbaycan xalqıdır. Mən ömrü mənalı edən bu oxucu sevgisi ilə hər gün qarşılaşıram. Onların şairə olan məhəbbətini, sözə olan ehtiramını təsəvvürə gəlməz dərəcədə böyük ölçüdə görürəm. Məni şair edən, məni əzizləyən, böyüdən, ucaldan, özünün sərvətinə çevirən Azərbaycan xalqına eşq olsun. Hər söhbət xalqla bir ünsiyyət şansıdır. Mən bu ünsiyyətin formasından asılı olmayaraq, ondan doymuram...

Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar