“İndiki elmi-texniki sivilizasiya hələ qədim misirlilərin səviyyəsinə çatmayıb”

Əlibəy Novruzi 1942-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Gənc yaşlarından imzası keçmiş SSRİ-də və onun hüdudlarından kənarda tanınıb. Onun memarlıqda ən böyük nailiyyətlərindən biri dəlikli strukturların aerodinamikası ilə bağlı kəşfidir. Memar bu strukturların küləyi yönləndirdiyini və yaşayış evlərinin mexaniki qurğularsız təbii havalandırılmasını üzə çıxarıb. Belə binalar yüksək təzyiqli küləyin qarşısını alır, üstəlik, az küləkli havalarda külək yaradır. Əlibəy Novruzinin elmi işi də bu mövzudadır.

O, keçmiş SSRİ-də 7 dəfə “İlin ən yaxşı memarlıq layihəsi” müsabiqəsinin qalibi olub. İki beynəlxalq akademiyanın akademiki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi və respublikanın Əməkdar memarıdır. 400-dən artıq memarlıq layihəsinin, 200-dən çox rəsm əsərinin, 3 kitabın müəllifidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

- Əlibəy müəllim, dünya tarixində hansı memarlıq abidəsi sizi daha çox heyrətləndirib?
- Dünyada çoxlu memarlıq inciləri var. Misir piramidalarını dünyanın ən möcüzəli memarlıq abidəsi sayıram. Nəinki piramidaları, eləcə də əzəmətli məbədləri, oradakı heykəl komplekslərini də. Qədim yunan tarixçisi Herodot e.ə. 6-cı əsrdə Misirdə olarkən onu Giza piramidaları yox, olduqca nəhəng - 1500 yerüstü və bir o qədər də möhtəşəm yeraltı otaqları olan Labirint sarayı heyran edib. O, özünün “Tarix” kitabında yazır ki, bütün Yunanıstanda mövcud olan bina və sarayların hamısının tikilməsinə o qədər xərc və material işlədilməyib, nəinki tək bu Labirintə. Tarixçini şaşırdan 640 km perimetrdə insan əli ilə yaranmış süni Meridova gölü və onun ortasında su səviyyəsindən 90 m hündürlükdə, bir o qədər də su altına gedən iki piramida olub. Maraqlıdır ki, Herodot bunları özü görüb, ölçüb. Onun göstərdiyi ölçülər şübhə doğurmur, çünki Xeops piramidasının ölçüləri həqiqətə uyğundur.
- Siz Misirdə piramidalarla bağlı araşdırmalar aparmısınız. Sirli Giza piramidalar kompleksi haqqında fikirlərinizi eşitmək maraqlı olardı.
- Giza kompleksi Xufu, Xafra, Menkaura piramidalarından və Sfinksdən ibarətdir. Misirlilər onlara öz fironlarının adlarını veriblər. Herodot isə həmin piramidaları Xeops, Xefren, Mikerin adlandırmışdı. Böyük piramidaların ayrı-ayrı vaxtlarda tikilməsinə baxmayaraq, onlar bitkin bir əsərdir. Vaxtilə Misirdə apardığım tədqiqatlar göstərdi ki, bütün kompleks dahi bir memarın layihəsi əsasında tikilib. Kompleksin baş planında gözəllik qanunauyğunluqları, harmoniya və nisbətlər yetkinliyi aydın görünür. Məsələn, Xufu piramidasının hündürlüyü 146,7 metr, hər tərəfinin uzunluğu isə 232 metrdir. Kompozisiyada belə ölçü uyğunluqları “qızıl tənasüb” adlanır. Qızıl tənasüb - obyektlərin planda və fasadda bir-birinə görə yerləşmə məsafəsi, bir obyektdə elementlərin yerləşdirilmə nisbətidir. Bu nisbət 1:0,62-yə bərabərdir. Kompozisiyada belə nisbət həmişə cəlbedicidir. Yaraşıqlı bədən quruluşunun nisbətləri, sağlam adamın qan təzyiqinin aşağı və yuxarı göstəriciləri də qızıl tənasübdədir. Qızıl tənasübün incəsənətdə ilk dəfə tətbiqi Leonardo da Vinçinin adıyla bağlıdır.
- Deyilənə görə, Xeops piramidasının hündürlüyü Yerlə Günəş arasındakı məsafənin milyardda biri qədərdir.
- İndiki elmi-texniki sivilizasiya və bizim zəkamız hələ qədim misirlilərin səviyyəsinə çatmayıb. Bu çağacan Böyük Piramidaların inşaat sirləri açılmayıb. Ola bilsin, misirlilər daha mükəmməl kosmik gəmilərdə uçurlarmış. Giza məbədi məqbərə məqsədilə tikilməyib. Boş yerə indiyəcən orada sərdabələr axtarırlar. Əgər bu vaxta qədər nəsə tapılıb və tapılacaqsa, demək, onlar oraya sonradan qoyulub. Mən Sfinksin önündə, aydın səma altında Böyük Piramidalar kompleksini kosmosla bağlılığı olan obyekt kimi dərk etdim. Eləcə də süni Meridova gölü, onun ortasında ucalan iki piramida və yörəsindəki böyük Labirint sarayının kosmik əlaqələr kompleksi olması məndə hansısa şübhə oyatmadı.
- Herodotun piramidalarla bağlı yazdıqları nə dərəcədə doğrudur?
- Herodot Böyük Piramidalar tikilən vaxtdan üç min il sonra Misirdə olub. Onda həmin abidələrdən başqa keçmiş sivilizasiyadan heç nə qalmamışdı. O, misirlilərdən bu böyüklükdə abidənin necə tikildiyini soruşub. Misirlilər ona deyiblər ki, Xeops piramidasını milyona yaxın qul və fəhlə 20 ilə tikib. Herodot yazıb ki, piramidalarla bağlı kim misirlilərin sözlərinə inanırsa, bu, onların öz işidir, lakin onun bu yazısına tarixçilər əhəmiyyət verməyiblər. Memarlar bilirlər ki, hər bir memarlıq layihəsi onun həyata keçirilməsi baxımından hazırlanır, mövcud inşaat texnikasına hesablanır. Layihədə tikintinin təşkili də nəzərə alınır. Tikinti meydançasında 100 minlərlə fəhlə işləyə bilməz, onlar bir-birinə dəyər, heç tərpənmək imkanları olmaz. Böyük Piramidalar inşa edilən dövrdə Misir sivilizasiyası elə yüksək olub ki, bunu indi təsəvvür edə bilmirik.
- Dünyanın ən böyük tikililərindən biri Çin səddidir. Onun inşası necə mümkün olub?
- Eramızdan öncə III əsrdə tikilən sədd-yolun uzunluğu 7 min kilometrdir. Səddin hündürlüyü 7-10 metr, eni 6 metrdir. Bunun tikintisində də müəyyən çətinliklər yaşanıb. Ən böyük çətinlik sədd keçəcək bütün ərazinin geodezik çəkilişinin tərtib edilməsi olub. Belə vertikal planlaşma layihəsini tərtib etmədən tikinti mümkün olmazdı. Layihə hazır olduqdan sonra hər kənd, hər əyalət öz hissəsini tikib. Vertikal planlaşma olmadan hissə-hissə tikilən sədd-yolu bir-birinə eyni səviyyədə calamaq, birləşdirmək olmazdı. Əgər onu hissə-hissə yox, bir ucdan tikə-tikə getsəydilər, səddin tikintisinə azı 5 min il gərək olardı ki, indi də başa çatmazdı.
- Milli memarlığımızın rəmzi olan Qız qalası haqqında fikriniz necədir?
- Qız qalasının girişi üstündə ərəb əlifbasında yazılmış kiçik lövhəyə görə, onu eramızın XII əsrinə aid ediblər. O vaxt tikilən möhtəşəm binaların fasadı, mütləq Quran ayələri ilə bəzədilməli idi. Naxçıvanda Möminə xatun türbəsi də belədir. Memar Davud Axundov doktorluq dissertasiyasında elmi axtarışlarla Qız qalasının eramızdan öncə X əsrdə tikildiyini göstərib. Keçən əsrin 80-ci illərində Fransa alimləri məhlulun, palçığın, boyanın yaşını dəqiqliklə təyin edən cihaz ixtira etmişdilər. Azərbaycan Memarlar İttifaqının sədri Mikayıl Hüseynov 1988-ci ildə fransız həmkarı ilə danışaraq həmin ixtiraçı mütəxəssisləri Bakıya dəvət etmişdi. Onlar Davud Axundovun iştirakı ilə Qız qalasının müxtəlif yerlərindən daşarası məhluldan götürüb getdilər və bir aydan sonra analizin nəticəsini M.Hüseynova göndərdilər. Qız qalasının tikintisinə işlədilən daşarası məhlulun, palçığın yaşı 3450 il imiş. Bu da eramızdan öncə 14-cü əsrə gedib çıxır. Demək, Davud Axundovun araşdırması həqiqətə yaxın olub.
- Layihələrinizi əllə, yoxsa kompüterlə çəkirsiniz?
- Memar layihəni əllə çəkməyi bacarmalıdır. Mən əlimlə çəkirəm, belə rahatdır. İndi elə gənc memarlar var ki, əllə çəkməyi bacarmırlar, birbaşa kompüterdə işləyirlər.
- Sizi həm də rəssam kimi tanıyırıq. Nəyə görə daha çox abstrakt, sürreal janrlarda əsərlər yaradırsınız?
- Mən öncədən hansı janrda çəkməyi qarşıma məqsəd qoymuram. Fantaziyalarımı rənglərlə ifadə etməyə çalışıram. Tamaşaçılar onları hansı janra aid edir-etsin, bu, onların öz işidir. Abstraksionizm - tamaşaçıda rənglərlə, xətlərlə duyğu yaratmaqdır. Belə əsərlərə tamaşaçı özü məna verir. Almaniyada belə bir eksperiment aparıblar. Psixi xəstələrə fırça və boya veriblər və onlar şəkil çəkməyə başlayıblar. Mən həmin şəkillərdən ibarət albomu rəssamlara, memarlara göstərib bunların kim çəkdiyini soruşdum. Onlar məşhur sürrealist rəssamların adlarını söylədilər.
- Əlibəy müəllim, çağdaş memarlığı necə dəyərləndirirsiniz?
- Şəhərsalma planlaşdırılması keçmişdən bu günədək dəyişməz olaraq qalır. Yəni binalar, evlər, küçələr... Çağdaş şəhərlərin ən böyük problemi nəqliyyat sıxlığı, havanın çirklənməsidir. Bu da XX-XXI əsrlərin texniki yüksəlişini orta əsrlərin planlaşma strukturuna yükləməkdən irəli gəlir. Nə qədər küçələr enlədilsə də, yeraltı, yerüstü keçidlər yaradılsa da, bu problemlər qalır. Çağdaş memarlığın ən gözəl örnəklərinə Dubayda daha çox rast gəlmək mümkündür. Memarlıqla bağlı bütün eksperimentlər demək olar, ilk dəfə orada sınaqdan keçirilir. Çağdaş memarlıq mücərrədliyə çox meyl edir, müəyyən vaxtdan sonra bu da insanları bezdirəcək.

Soltan Soltanlı