“Biri qələmlə hesab-kitab, digəri şeir yaza bilər. Foto da belədir. Əsas odur ki, adamın qəlbinə toxunsun: bax onda bu, incəsənətdir”

Onun bu günə qədər müxtəlif münaqişə zonalarında, Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, eləcə də Azərbaycanda çəkdiyi savaş səhnələri hər kəsdə dərin təəssürat yaradır. Bu savaşlarda dünyanın hər üzünü görsə də, humanizmi, idealizmi heç vaxt onu tərk etmir. Söhbət dünyaca məşhur azərbaycanlı fotojurnalist Rza Deqqətidən gedir. 1952-ci ildə Təbrizdə anadan olub. 1981-ci ildən isə Parisdə yaşayıb fəaliyyət göstərir. “Frans-Press” agentliyində işləyib, “Newsweek” jurnalında fəaliyyət göstərib. Bundan başqa, UNİCEF üçün fotoşəkillər çəkib, «National Geographic» jurnalının sifarişlərini yerinə yetirib. O həm də 20 Yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan həqiqətlərini dünyaya göstərən fotojurnalist kimi tanınır. Ötən ay Bakının qonağı olan soydaşımızla müsahibəni oxuculara təqdim edirik.

- 30 illik fəaliyyətiniz dövründə çəkdiyiniz fotolar dünyanın ən mötəbər jurnallarının üz qabığını, səhifələrini bəzəyir. Fotojurnalistika sizin üçün nəyi ehtiva edir?
- 1979-cu ildən bəri mən fotoobyektivlə insanlar arasında əlbirlik forması yaratmağa çalışıram. Mən insanların gözləri vasitəsilə qəlblərini görmək istəyən fotoqrafam. Fotojurnalistika ilə dünyanın insanlarını bir-birilərinə tanıtdırır, yaxınlaşdırıram. Sanki insanların hekayələrini bir-birilərinə göndəririk. Burada əsas məsələ çəkilən şəklə necə ruh verməkdir. İncəsənətin işi odur ki, insan rəsminə rənglə ruh versin. Bəlkə də incəsənətdə ruh var, amma texniki işdə ruh yoxdur. Bu ruhu da biz vermirik, onu fotoya insanlar köçürür. Fotolarda insanları nağıllara uçurtmaq mənə maraqlı gəlir. İndi fotojurnalistika universal dünya dilinə çevrilib. Yəni insanlar müxtəlif dillərdə danışa bilərlər, amma bir vahid dil var ki, dünya əhalisini öz ətrafında birləşdirir - bu da fotodur.
- İlk dəfə çəkdiyiniz fotonu xatırlayırsınız?
- İlk dəfə Təbrizdə bir ağacın fotosunu çəkmişəm. O zaman 13-14 yaşlarında idim. Əslində, ağaca qonmuş bir quşun şəklini çəkmək istəyirdim. Elə aparatı hazırlayana, obyekti tutmaq istəyənə qədər quş uçdu, yalnız ağacın şəkli qaldı. Məhz bu hadisədən sonra fotoqraf olmaq qərarına gəldim.
- Dünyanın bir çox qaynar nöqtələrində olmusuz. Fotoqraflıq fəaliyyətinizdə yadınızda qalan ən təsiredici anlar hansılardır?
- Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkmişəm. 1 milyondan çox fotonun müəllifiyəm. Onların hamısı mənə əzizdir. Necə demək olar ki, üç uşağım var, ancaq birini çox istəyirəm. Hamısını istəyərək, sevərək çəkmişəm. Bu fotoların hansına baxsan onun ayrı bir hekayəsi, nağılı var. Amma bütün bunlara baxmayaraq, çox təsiredici bir anı Qarabağda, Xocalıdan qaçan yaşlı qadının timsalında yaşadım. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini tapan, əllərini yuxarı qaldırıb ah-nalə edən qadının fotosu... Bütün dünya da bu əsərə məyus olmuşdu. Qadın qaça-qaça əllərini açaraq gəlir, amma görür ki, əzizləri həlak olub. O rəsmi Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində sərgilədim, kitablarıma daxil etdim. Hətta Avropada buna görə ermənilərlə münaqişələrim də olub. Axı mən bundan öncə 1990-cı il Qara Yanvar hadisələrinin də şəkillərini çəkib dünyaya nümayiş etdirmişdim. O zaman mən Parisdən Bakıya gəlirdim, yollar da bağlı idi, jurnalistləri buraxmırdılar. Buna baxmayaraq, çətinliklə də olsa gəldim. Operator dostumla 3 gün Bakıda qaldıq, azərbaycanlılara qarşı törədilən faciədən film üçün kadrlar və fotolar çəkməyə nail olduq. Bunun ardınca Xocalı, Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürdüm. Sonra məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkdim, sərgilərdə nümayiş etdirdim.
- Bəs həmin rayonlara necə gedə bilirdiniz?
- Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də Bakıya gəldim. O zamankı “Azərbaycan” hotelində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, jurnalistlər və Qarabağa yardım etmək üçün müxtəlif təşkilatların əməkdaşları toplanmışdılar. Hoteldə Fransadan gələn qonaqlara yaxınlaşdım. Onların “Sərhədsiz həkimlər” təşkilatının xətti ilə Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə yardım aparacaqlarını öyrəndim. Mən özümü fransız kimi təqdim edərək, onlarla birgə getməyimi xahiş etdim. Azərbaycanlı olduğumu onlara söyləmədim. Bu komanda ilə birlikdə Ağdama gəldim. Ora çatanda gördüm ki, Xocalıda törədilən erməni vəhşiliyindən canını qurtaranlar buraya axın ediblər. Həmin vaxt Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərlə danışıq aparırdı ki, azərbaycanlıların meyitlərini geri qaytarsınlar. Mən orada gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkməyə başladım. Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözü çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu müharibə deyildi, əsl soyqırımı idi. Sonra Şuşaya üz tutdum. Lakin yol bağlı idi. Ermənilər snayper qüvvələri ilə yolu tutmuşdular. Ağdam qəbiristanlığına çəkilişə getmişdim. Güllə düz qulağımın yaxınlığından keçdi. Onun səsi hələ də qulağımdadır. Ağdamdan gizli yollarla neçə saatdan sonra Şuşaya çatdım. Neçə gün orada qaldım. Sonra geri dönüb Parisə getdim. Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı çəkdiyim bütün fotoları dünyaya yaydım. Mən Şuşadan çıxandan bir neçə gün sonra şəhər işğal olunmuşdu. Həmin fotolardan sonra ermənilər mənim əleyhimə iş görməyə başladılar. Onlar Parisdə təşkil etdiyim ən böyük sərgimə gəlib, çəkdiyim fotoları cırmışdılar. Mən onları yenisi ilə əvəzləmədim, ermənilərin bu xain xislətini həmin sərgidə bir daha dünyaya bəyan etdim. Daha sonra ermənilər nəinki Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı fotolarımı, digər ekzotik mövzularda olan fotolarımı da dərc etdirməyə imkan vermirdilər, amma bütün maneələrə rəğmən onların dərc olmasına çalışırdım.
- Dünyanın bir sıra bölgələrində müharibələri, münaqişələri görmüsünüz. Sizcə, müharibələr insanları necə dəyişir?
- Əslində, müharibə səhnələrini çəkməklə insanın heyvani, canavarlaşmış tərəflərini göstərməyə çalışıram. Demək istəyirəm ki, müharibə o canavarın əməlidir. Göstərməyə çalışıram ki, müharibə insanların başına nə oyun gətirir. Həm də bunu daha çox uşaqların simasında çəkib nümayiş etdirirəm. Axı müharibələrin qurbanları həmişə daha çox uşaqlar olur. Onlar bəşəriyyətin gələcəyidir. Xocalı faciəsini gördükdə isə insanın içərisindəki canavarın nə qədər dərinə işlədiyinin şahidi oldum. İnsanın qəddarcasına törətdiyi bu faciə məndə çox dərin iz qoydu.
- Rza bəy, güllə yağışının altında, fövqəladə vəziyyətlərdə işləmək sizin üçün bəlkə də adiləşib. Ölümlə üz-üzə qaldığınız vəziyyətlər çoxmu olub?
- 30-35 ildir ki, bu sənətdəyəm. Dəfələrlə elə olub ki, gözlərimi yummuşam, öz-özümə də demişəm ki, Rza, bu sənin son yaşam anlarındır, artıq gedirsən. Özlüyümdə 100 dəfə ölüb-dirilmişəm. Güclü döyüş gedir, güllələr atılır, qaçmağa imkan yoxdur, gözlərimi yummuşam ki, indi mən də gülləyə tuş gəlib öləcəyəm. Amma gözlərimi açanda görmüşəm ki, yanımdakılar həlak olub, ya da yaralanıblar, mən sağ qalmışam. Özüm də dəfələrlə yaralanmışam, amma hələ də yaşayıram. Bakıdan birbaşa İraqa, müharibə bölgəsinə gedəcəyəm.
- Bu günə qədər fotoqraflığın peşə və ya sənət olması ilə bağlı suala cavab tapılmayıb...
- Biri deyir yazı sənətdir, o biri deyir peşədir. Biri qələmlə hesab-kitab, digəri şeir yaza bilər. Foto da belədir, biri hesab-kitab kimi işləyir, o biri sənət kimi. Ola bilər ki, biri bununla elə bir incəsənət yaratsın ki, insan baxanda ürəyi tərpənsin. Bunun heykəl və ya bina olması vacib deyil, əsas odur ki, adamın qəlbinə toxunsun: bax onda bu, incəsənətdir.
- Dünyanın az ölkəsi tapılar ki, orada sərginiz keçirilməsin. Maraqlıdır, bu illər ərzində qeyri-adi sərginiz olubmu?
- Xatırlayıram ki, belə bir sərgini Əfqanıstanda dağın başında qurmuşam. Mən həmin dağda çox olmuşam. 80-ci illər idi və o zaman sovet ordusu Əfqanıstana girmişdi. Əfqanlara söz verdim ki, dağda bir sərgi edəcəyəm və bu ölkədə çəkdiyim şəkilləri göstərəcəyəm. Təklif isə əfqanların Əhməd şah Məsud adlı komandirindən gəlmişdi. O, mənə dedi ki, çəkdiyin fotoları sərgidə göstər. Dedim axı bunları Avropada göstərmək istəyirəm. Dedi, gəl, burda göstərək ki, reallığı birinci özləri görsün. Dağın başında böyük bir sərgi qurduq, xeyli ziyarətçi gəldi. Digər qeyri-adi sərgim Parisin ən böyük metro stansiyasında baş tutub. Bakıda isə hələ ki, belə sərgim olmayıb.
- Azərbaycana ilk dəfə nə vaxt gəlmisiniz?
- İlk dəfə 1987-ci ildə gəlmişəm. O vaxt “Vətən” cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyev Parisə gəlmişdi. Məni və iki azərbaycanlı rəssamı Azərbaycana dəvət etdi. O zaman Bakıya gediş-gəliş çox çətin idi. Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə də onun ən ucqar kəndlərini mənim qədər heç kim tanımır.
- Müharibələrin, münaqişələrin içərisində olub, həm də gələcəyə ümidlə baxmaq, daha yaxşı dünya qurmaq üçün nə etmək lazımdır?
- Bizim çox qədim mədəniyyətimiz, dəyərlərimiz var. Ata-babalarımız da bizə öyrədib ki, nə baş verirsə bizi yaxşılığa aparır. Müharibə, qaçqınlıq problemi aradan qalxmalıdır. Əslində, bu dünyada olmağımızın səbəbi də insanları yaxşı yola istiqamətləndirməkdir. Ona görə düşünürəm ki, nə vaxtsa müharibələrə son qoyulacaq. Necə ki, biz keçmişə baxıb həmin müharibələrdən bəhs edirik, gələcək nəsil də bizim dövrdən danışacaq. Ən böyük problemimiz müharibədir. Dünyanın büdcəsinin 30 faizi müharibələrə sərf olunur. Halbuki bu pulla uşaqların təhsilini, sağlamlığını təmin edə bilərik. Onda deyə bilərik ki, biz insanıq. Dünyanın müxtəlif nöqtələrində yaşayan insanların eyni bəladan-müharibənin törətdiyi ağrı-acıdan əziyyət çəkməsi isbatlayır ki, bütün bəşəriyyət bir ailədir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar