Afaq Hüseynova tanınmış rəqqas və rəssamdır. 1955-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dekorativ-tətbiqi sənət fakültəsini bitirib. 1980-1985-ci illərdə Azərbaycan Bədii Fondunda rəssam, 1985-1991-ci illərdə “Azkonsert”də solist işləyib. Sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işçisi olub. 2003-cü ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
- Afaq xanım, taleyinizdə incəsənətin iki böyük sahəsi - rəqqaslıq və rəssamlıq birləşib. Sizə bunlardan hansı daha doğmadır?
- Hər ikisi mənə doğmadır. Mən uşaqlıqdan rəqslə məşğul oluram. Atam Böyükağa Hüseynov AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini idi, zəngin kitabxanası vardı. Fars dili mütəxəssisi idi, məni də bu sahəyə yönəltməyə çalışırdı. Mən də onun istəyini yerə salmayıb Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil oldum. Ancaq gördüm ki, bu sahəyə içdən bağlana bilmirəm. Rəqs və rəsm məni daha çox özünə çəkirdi. Universitetdən çıxdım, İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsinə daxil oldum. Uşaqlıqdan rəqslə yanaşı, rəssamlıqla məşğul olurdum, ancaq bunu hamıdan gizlədirdim. Rəqs və rəssamlıq həyatımın mənasıdır.
- Bir müddət “Azkonsert”də çalışmısınız...
- Orada işlədiyim müddətdə 80-ci illərin bir çox müğənniləri ilə yaradıcı işbirliyim olub, dünyanın müxtəlif ölkələrində qastrollarda olmuşam. Mən rəssamam, xoreoqrafam, geyimi, musiqini və bunların sintezini yaxşı bilirəm. Hələ gənc ikən özümdən rəqslər qururdum. Hər rəqsin öz geyimi olur. Rəqs üçün bütün geyimlərimin eskizlərini özüm çəkirəm. Rəssamlıq burada rəqslə birləşir. 90-cı illərin əvvəllərində Türkiyəyə getdim və orada həm rəqqas, həm də rəssam kimi çalışdım.
- Bu gün həm pedaqoji, həm də ictimai fəaliyyətlə məşğul olursunuz.
- Memarlıq və İnşaat Universitetində rəqsdən dərs deyirəm. Bu təhsil ocağında idman dərslərinin yerinə rəqs tədris olunur və gözəl nəticələr verir. Tələbələr rəqsə böyük həvəs göstərirlər. Onlara milli və dünya rəqslərini öyrədirəm. Yaxşı rəqs edən adam özünü tamam başqa cür hiss edir. Rəqs musiqili idmandır. Eyni zamanda Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəriyəm. Bu qeyri-hökumət təşkilatında müxtəlif layihələr həyata keçirmişik. Məqsədimiz yaradıcı qadınları bir araya gətirmək, onların imkanlarını üzə çıxarmaqdır.
- Bir neçə ay öncə Rəssamlar İttifaqında “İn-Yan arasında” adlı fərdi sərginiz açılmışdı. Ekspozisiya çox zəngin idi...
- Sərgilərim tez-tez olur. Həmin sərgidə bir çox janrlarda əsərlərim vardı. Dekorativ-tətbiqi sənətin bütün sahələri mənim üçün maraqlıdır. Özəlliklə, indi keramika ilə məşğul olmaq çox çətindir. Ona ayrıca şərait gərəkdir. Keramika qədim sənətdir, tarixdən soraqdır. Tətbiqi sənət xalqın tarixi, folklorudur. Çətin də olsa, onu yaşatmağı özümə borc bilirəm.
S.Soltanlı