Geoloq-rəssam Kərim Kərimov: “Hər iki sahə mənə doğmadır. Birindən yorulanda o birinə keçirəm”

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, neftçi-geofizik Kərim Kərimov həm də tanınmış karikaturaçı rəssamdır. Şərq Neft Akademiyası, Avropa Elmlər Akademiyası, Beynəlxalq Ekoenergetika Akademiyası, Lütfi-Zadə adına Akademiyaya üzv seçilib. Müxtəlif ölkələrin neft və geofizika cəmiyyətlərinin üzvüdür. Amerika Bioqrafiya İnstitutu və Kembric Universiteti soydaşımızı “İlin adamı” seçib, medallarla təltif edib.

Kərim Kərimov Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi çoxsaylı əsərləri ilə ölkəmizdə və dünyada tanınmaqdadır. İndiyədək geoloq-rəssamın 6 mindən çox siyasi karikaturası çap olunub, bununla bağlı kitabları işıq üzü görüb.

- Kərim müəllim, ictimaiyyət sizi əsasən elm xadimi kimi tanıyır, həm də alimlikdən geri qalmayan sənət uğurlarınız var...
- Mənim köküm Sisyandandır, özüm Qarabağda doğulmuşam. Soyumuz həm orada, həm də burada erməni təcavüzünə məruz qalıb. Rəssamlıqda mənim başlıca mövzularımdan biri erməni təcavüzünü ifşa etməkdir. Buna görə karikaturanı silaha çevirmişəm. Sovet-alman savaşında Kukrınikslər olub və onlar yaradıcılıqları ilə düşmənə az zərbə vurmayıblar. Karikatura janrında belə bir imkan var. İndiyə kimi karikaturalardan ibarət "Terrorizm və qanlı ləpirlər", "Terrorizmə yox", "Terrorizm, separatizm, soyqırımı", "Soyqırımı" və başqa kataloq-albomlarım işıq üzü görüb. Əsərlərimdə "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edirəm, dünyanı beynəlxalq hüquq normalarını pozanlara qarşı mübarizəyə səsləyirəm, erməni faşizminin necə dəhşətli və təhlükəli olduğunu göstərməyə çalışıram. Bu vaxta qədər 20-dək sərgim keçirilib.
- Bilirik ki, xaricdə də fərdi sərgiləriniz olub...
- 1991-ci ildə İstanbulda fərdi sərgim keçirildi. Orada 141 əsərim nümayiş olundu. Tədbiri Türkiyənin o vaxtkı baş naziri Məsut Yılmaz açdı. Sərgi ilə tanış olandan sonra soruşdu ki, əsərlərini satmağa gətirmisən? Dedim, yox, istəyirəm ki, Azərbaycanın erməni təcavüzündən nələr çəkdiyini türkiyəli qardaşlarımız görsünlər. O dedi ki, Kərim bəyin əsərlərini almaq gərəkdir. Bir gündə 108 min dollarlıq əsərlərim satıldı. Mən də həmin pulu Milli Ordunun hesabına keçirdim. 1994-cü ildə Türkiyədə ikinci sərgim baş tutdu. Londonda da sərgim olub. Onu İngiltərənin baş nazirinin köməkçisi təşkil etmişdi. Bundan başqa, İranda və Türkmənistanda sərgilərim keçirilib. Sovet vaxtı SSRİ Geologiya Nazirliyində sərgim olub, 120 əsərim nümayiş etdirilib. Buna görə SSRİ geologiya naziri mənə böyük mükafat da yazmışdı. Azərbaycanda da çoxlu sərgilərim olub. Naxçıvanda, Qubada, xüsusilə Bakıda sərgilər keçirmişəm. Hələ gəncliyimdən müxtəlif qəzet və jurnallarda karikaturalarım çap olunub.
- Sizin əsərlərdə karikatura və plakat janrlarının sintezi çox maraqlı təsir bağışlayır.
- Karikatura janr kimi böyük imkanlara malikdir. Sənətkar millətini ürəkdən sevməlidir. Onun ağrı-acısını duymalı, yaşamalı və sənət vasitəsilə ifadə etməyi bacarmalıdır. Düzdür, mənim əsərlərimdə karikatura və plakat janrları birləşir. Hər iki janrın imkanlarından istifadə edirəm. Bu, başqalarında yoxdur, elə mənim uğurum da bundadır.
- Alim kimi ən böyük kəşflərinizdən biri zəlzələnin qısamüddətli proqnozlaşdırılmasıdır.
- Bununla bağlı iki beynəlxalq patent almışam. Ümumilikdə 28 patentin müəllifiyəm. Bu ixtira imkan verir ki, beş saat öncədən zəlzələnin olacağını xəbər verək. Yarım saat qabaq isə zəlzələnin yeri lap dəqiqləşdirilir. Xarici ölkələrdən bu kəşflə çox maraqlanırlar. Bundan əlavə, “Azərbaycanın neft-qaz potensialı” monoqrafiyam 8 dildə çap olunub.
- Yaşınız 80-i ötüb, yenə gərgin elmi axtarışlarla və rəssamlıqla məşğulsunuz. İki sahədə çalışmaq sizi yormur ki?
- Hər iki sahə mənə doğmadır. Birindən yorulanda o birinə keçirəm. Ardıcıl elmi məqalələr üzərində işləyirəm. Həm də Bakı Dövlət Universitetinin seysmologiya kafedrasının professoruyam. 800-dən artıq elmi əsərin müəllifiyəm. 14 monoqrafiyam var. Rəssamlığın başqa janrlarında da əsərlərim var, ancaq karikatura məni daha çox özünə çəkir, yaşamağa ruhlandırır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar