“Biz yalnız Türkiyənin mədəniyyətini deyil, bu coğrafiyada mövcud olan digər mədəniyyətləri də dünyaya tanıdırıq”

Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi hazırda dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində qurum 2012-ci ildə ölkəmizdə də fəaliyyətə başlayıb. Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri əvvəllər Türkiyənin məşhur qəzetlərindən birində jurnalist kimi çalışmış Əli Curadır. Onunla söhbətimizdə fəaliyyətlərinə ətraflı nəzər saldıq.

- Belə bir təsisatın qurulmasını daha çox zəruri edən səbəblər nə oldu?
- Yunus Əmrə İnstitutu Türkiyədə 2007-ci ildə Böyük Millət Məclisində qəbul edilən qanuna əsasən qurulub. Qurum Türkiyənin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, mətbəxini, musiqisini, ənənəvi əl sənətlərini tanıtmaq, eyni zamanda türk dilini digər dünya ölkələrində öyrətmək məqsədilə qurulan ictimai vəqfdir. Xarici ölkələrdə isə Yunus Əmrə İnstitutu olaraq fəaliyyət göstərir. 2009-cu ildə ilk mərkəzimizi Sarayevoda (Bosniya və Herseqovina) açdıq. Artıq dünyanın müxtəlif ölkələrində - Yaponiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Rusiya (Kazan), İran, Misir, Serbiya, Rumıniya, Almaniya, Fransa, Hollandiya, Belçika, İngiltərə və digər yerlərdə 40-dan çox mərkəzimiz fəaliyyət göstərməkdədir. Əsas məqsədlərimizdən biri 2023-cü ilə qədər, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə institutlarımızın sayını 100-ə çatdırmaqdır. Əlbəttə, Türkiyənin mədəniyyətini təbliğ edərkən, türk dilini də öyrətmək lazımdır. Çünki mədəniyyətin ən böyük vasitəsi dildir. Bu baxımdan Anadolu böyük mədəniyyət məkanıdır. Xüsusi olaraq onu da vurğulamaq istərdim ki, biz yalnız Türkiyəni deyil, bu coğrafiyada vaxtilə mövcud olan digər mədəniyyətləri də dünyaya tanıdırıq.
- Yeri gəlmişkən, Yunus Əmrə İnstitutu dil, din, tarix, mədəniyyət baxımından fərqli ölkələrdə fəaliyyət göstərir. Maraqlıdır, qurum öz fəaliyyət prinsiplərində bu amili nəzərə alırmı?
- Təbii ki, nəzərə alırıq. Fəaliyyətimizi hər ölkənin təhsil və mədəni mühitinə uyğun qururuq. Məsələn, həm Türkiyənin tarixini, mədəniyyətini Azərbaycanda, həm də ölkənizin tarixini, ədəbiyyatını, mədəniyyətini Türkiyədə tanıdırıq. Bu günə qədər 40 ölkədə 5 mindən çox müxtəlif tədbir və layihələr gerçəkləşdirmişik. Yunus Əmrə Vəqfinin baş ofisi Ankarada yerləşir, oradan bizə layihələr göndərilir və biz onları ilk öncə Azərbaycanda reallaşdırmağa başlayırıq. Məsələn, “Səhnədəki Türkiyə” adlı böyük bir layihə çərçivəsində Türkiyənin önəmli səslərinin konsertlərini təşkil etdik. 2015-ci ildə bu layihəni Azərbaycandan başlamış olduq. Önəmli layihələrimizdən olan “Yerində tarix” isə Türkiyənin tarixini başqa ölkələrdən gələn tələbələrə, alimlərə, ziyalılara bilavasitə həmin məkanlara ziyarətlər təşkil etməklə göstərilməsidir. Məsələn, Osmanlı dövləti harada quruldu, paytaxtları hansı şəhərlər oldu. Aprel ayında başda Azərbaycan Diplomatik Akademiyası olmaqla 25 müəllim və tələbəni Türkiyəyə yolladıq. Bu layihə Ankaradan başladı. Osmanlı dövlətinin paytaxtları - Bursa, Ədirnə, İstanbul onlara göstərildi. Həm də bu layihəni 18 Mart - Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr etdik. Bu döyüşün aparıldığı yerlər tələbələrə tarixçilərin müşayiəti ilə göstərilir, onlara bilgi verildi. Əlbəttə, buradan gedən tələbə Türkiyədə öz mədəniyyətini də təbliğ edir. Bundan əlavə, 2010-cu ildən bəri “Türk dilində yay məktəbləri” adlı layihə gerçəkləşdirilir. Türk dilini öyrənən və öyrənmək istəyən tələbələr seçilir və Türkiyəyə göndərilir. Layihə çərçivəsində 10 azərbaycanlı tələbəni də Türkiyəyə yolladıq. Artıq ay yarımdır ki, onlar İstanbulda türk kino tarixi, mədəniyyət tarixi dərsləri keçirlər. Nəticədə onlar həm də türk dilini də çox yaxşı öyrənir, təkmilləşdirirlər. Bəlkə də elə bu tələbələr gələcəkdə bizim qurumlarda işləyəcəklər. Ümumilikdə dünyanın müxtəlif ölkələrindən olan 500 tələbə hazırda Türkiyədə təcrübə keçir. Onlar birlikdə olanda yeganə ünsiyyət vasitəsi türk dili olur. Bu yolla biz həm də bütün mədəniyyətləri bir araya gətirmiş oluruq.
- Layihələr yalnız Yunus Əmrə Vəqfinə aiddir, yoxsa yerlərdəki institutların öz təşəbbüsləri də olur?
- İki növ layihəmiz var: Ankaradan göndərilənlər və özümüzə aid olanlar. Məsələn, 2014-cü ildə Bakıdakı Muzey Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr edilən fotosərgi keçirdik. Bundan başqa, ötən il Türkiyənin qədim geyimlərindən ibarət sərgi düzənlədik. Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı Bakıda “Son məktub” filminin təqdimatı təşkil olundu, Bakıda və Gəncədə fotosərgi keçirdik. Biz Lənkəranda “Lavaş günü” keçirmək istəyirik. Çünki lavaş bizim mədəniyyətimizə aiddir. Bu gün də Anadoluda lavaş bişirirlər. Bu festivalı əvvəlcə Azərbaycanda, sonra isə iki ölkə arasında da keçirə bilərik. Onu əvvəlcə türk dünyası, sonra isə dünya festivalına çevirmək istəyirik. Ümid edirəm ki, “Lavaş günü” nün keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək verəcək. Artıq ikinci ildir ki, İçərişəhərdəki beynəlxalq Novruz festivalında biz də öz çadırımızı qururuq. Türkiyədən dəvət alan sənətkarlar gözəl ifalar edir, Türkiyə mədəniyyətini, mətbəxini təqdim edirik. Ortaq mədəni dəyərlərimizdən olan Nəsrəddin Hoca və ya Molla Nəsrəddinlə bağlı hər iki ölkənin elm adamlarının, folklorşünaslarının iştirakı ilə keçirdiyimiz konfrans da maraqlı idi.
- Mədəni əməkdaşlıq çərçivəsində qarşıda başqa hansı layihələr gözlənilir?
- Mədəniyyət həyatımız deməkdir. 2016-cı ildə iki ölkənin musiqisini Bakıda bir araya gətirərək, ortaq bir zəmin qurmağa çalışacağıq. Bizdə olan, amma sizdə olmayan, sizdə olan, lakin bizdə olmayan unudulmuş musiqiləri gündəmə gətirib bunları elmi müzakirələrə çıxarmaq istəyirik. Biz eyni mədəniyyətə aidik. Azərbaycan-Türkiyə kino platforması da düzənləmək istəyirik. Hər iki ölkənin tanınmış filmlərini bir araya gətirib nümayiş etdirmək niyyətindəyik. Bundan başqa, gələcəkdə birgə sənədli filmlərin çəkilməsini də düşünürük. Qarşılıqlı şəkildə işləməli və ortaq zəmin qurmalıyıq. Türkiyədən Bakıya tez-tez jurnalistlər gəlir, onlarla söhbət zamanı da Azərbaycanla bağlı məlumatlar veririk. Jurnalistlər də Türkiyəyə döndükdə bunları yazarlar. Bizim hazırda institutumuzun fəaliyyət göstərdiyi Bakı Dövlət Universiteti ilə, Bakı Slavyan Universiteti, Bilik Fondu, Multikulturalizm Mərkəzi ilə işbirliyimiz mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi ilə daha yaxından təmas qurmaq, işləmək, regionlarda da tədbirlər keçirmək niyyətindəyik. Bildiyimiz kimi, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı olacaq. Orada həm də Gəncədəki konsulumuz vasitəsilə də tədbirlər keçirmək fikrindəyik. Son olaraq bildirmək istərdim ki, Yunus Əmrə İnstitutu bütün dünyada türk dili imtahanı keçirən və yetərlilik sertifikatı verən qurumdur.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar