Əyyub Quliyev: “Xoşbəxtliyim ondadır ki, indiyəcən işlədiyim kollektivlər sonradan məndən üz döndərməyiblər”

Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, tanınmış dirijor Əyyub Quliyevin gənc olmasına baxmayaraq, zəngin bioqrafiyası var. İstedadlı musiqiçi 1984-cü ildə Bakıda görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin ailəsində dünyaya göz açıb. İlk müəllimi atası olub. Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsində oxuyanda xalq çalğı alətləri kafedrasında da təhsil alıb, burada da atasının şagirdi olub. Bakı Musiqi Akademiyasından sonra Sankt-Peterburq Konservatoriyasının aspiranturasını bitirib. Avstriyada Vyana Musiqi Universitetində təcrübə keçib. Beləliklə, üç məktəbin yetirməsidir.

1999-cu ildə ölkə Prezidentinin sərəncamı ilə adı gənc istedadların “Qızıl kitab”ına salınıb. Həmin il Azərbaycan Mədəniyyətinin Dostları Fondunun “İlin ən yaxşı musiqiçisi” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını alıb. Bu yaxınlarda isə “Humay” mükafatına layiq görülüb. Bu il ölkə başçısının sərəncamı ilə üçüncü dəfə Prezident mükafatı ilə təltif olunub.
Əyyub Quliyev 2006-cı ildə Polşada, 2009-cu ildə Rumıniyada dirijorların müsabiqəsində birinci yeri tutub, 2008-ci ildə Afinada eyni müsabiqənin laureatı olub, 2010-cu ildə İtaliyada keçirilən müsabiqədə Qran-pri qazanıb. Vyana Konsert Evində, Sankt-Peterburq Dövlət Filarmoniyasında, Parisdə Yelisey sarayında orkestrləri idarə edib. Onunla söhbətimizdə də sənət dünyası vərəqləndi.

- Sizi uşaqlığınızdan atanızla birlikdə tar ifaçısı kimi görmüşük. Gözləmək olardı ki, gələcəkdə tarzən olacaqsınız. Necə oldu ki, dirijorluğu seçdiniz?
- Tarı unutmamışam, həmişə tarla nəfəs alıram. Fikrət Əmirov musiqi fəaliyyətinə tarzən kimi başlayıb. Arif Məlikov da tar ifaçısı olub. Dirijorluğa uşaqlıqdan həvəsim vardı. Hər ikisi yanaşı gedirdi. Tar həmişə diqqət mərkəzimdə olub. Atamla çoxlu xarici səfərlərə getmişəm. Bəstəkarlardan Azər Rzayev, Həsən Rzayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Arif Məlikov, Yaşar İmanov bizim üçün ayrıca əsərlər yazırdılar. Əvvəllər Səid Rüstəmovun, Hacı Xanməmmədovun, Süleyman Ələsgərovun əsərləri vardı. Sonradan atam bəstəkarları həvəsləndirdi. İndi 30-a yaxın tar konserti var. Onların çoxu festivallarda ifa olunub. Məmmədağa Umudov, Nəriman Məmmədov, Tofiq Bakıxanovun tar üçün konsertləri var. Eləcə də atam dünya bəstəkarlarının əsərlərini tar dueti üçün işləmişdi. Biz Norveçdə Edvard Qriqin vətənində onun əsərlərini ifa edirdik. Avstriyada Motsartı, Şuberti ifa edirdik. Rossini, Brams, Qlinka və başqa böyük bəstəkarların əsərlərini səsləndirmişik. Bunlar hamısı Azərbaycan tar ifaçılığı üçün edilən böyük işlərdir. Sonradan mən seçim etməliydim: ya dirijorluq, ya da tarzənlik. İndi özüm ifa etməsəm də, atamı həmişə dinləyirəm.
- Dirijorluğun mahiyyətini necə anlada bilərsiniz?
- Dirijorluq bir neçə fəaliyyət növünü özündə birləşdirən peşədir. Burada musiqini dərindən bilmək, duymaq gərəkdir. Tutaq ki, skripkaçı konsertə hazırlaşanda yalnız skripka üzərində işləyir. Dirijor isə bütün alətlərin “dili”ni, ifa texnikasını, onların imkanlarını bilməlidir. Eləcə də dünya musiqisi, dünya bəstəkarlarının yaradıcılığı barədə məlumatı, bu sahədə geniş dünyagörüşü olmalıdır.
- Üstəlik, musiqiçilərlə dil tapmalısan...
- Düzdür. Orkestrdə ən azı 50-60 nəfər olur, böyük kollektivlər 100, hətta bir neçə yüz nəfərdən ibarət olur. Təcrübəmdə 150 nəfərlik kollektivə rəhbərlik etmişəm. Burada hər bir insanın öz xarakteri, psixologiyası olur. Onlarla dil tapmalısan.
- Daha çox kim-kimi başa düşməlidir?
- Orkestr dirijoru başa düşməlidir. Ola bilsin, orkestr əsəri birinci dəfə ifa edir. Dirijor orkestrə informasiya verir. Nə suallar olursa, hamısı dirijora verilir. Məşq zamanı məndən soruşurlar: burada belə olmalıdır, burada keçidi necə eləyək? Müəyyən çətinliklər ola bilər, onda dirijor məşqi saxlayıb orkestri başa salmalıdır. Onu elə şəkildə eləməlidir ki, kimsənin nüfuzuna, ləyaqətinə toxunmasın. Dirijorlar bəzən musiqiçilərlə sərt davranırlar. Dirijor psixoloq olmalıdır, kimsənin xətrinə dəyməməlidir. Orkestrdə məndən 20-30 yaş böyük insanlar var. Mən onlara əmr edə bilmərəm.
- Siz ifa olunacaq əsəri öncədən əzbər bilirsinizmi?
- Əzbər bilməsəm də, öncədən hazırlaşıram. Günlərlə, həftələrlə partituranı öyrənirəm. Əsər beynimə həkk olunur. İlk məşqim evdə olur. Əsəri öyrəndikdən sonra onu məşqə gətirirəm. Musiqiçilər soruşanda mən hər şeyə cavab verə bilməliyəm. Məşqə ya fortepiano ilə hazırlaşıram, ya da əsəri oxuyuram, oradakıları eşidirəm, dərk edirəm. Lent yazısı varsa, ona qulaq asıram.
- İnanırsınızmı ki, orkestrin ifasında əsər bəstəkarın nəzərdə tutduğu kimi səslənir?
- Mən ümid edirəm ki, elədir. Ancaq həmişə elə olmur, görürsünüzmü, bir əsərin yüz variantı var. Hər dirijor özünəməxsus şəkildə işləyir. Müəllif sağ olanda gəlib qulaq asır, bizi yönləndirir. Əgər sağ deyilsə, onda biz keçmişdə qoyulmuş ənənələri bilməliyik. Dirijor bilməlidir ki, Niyazi bu cür, Mravinski isə başqa sayaq eləyib. Keçmiş ənənələri nəzərə almadan əsəri idarə etsən, diktatorluq yaranar, dirijorluq yox. Dirijor həm müəllim, həm repetitor, həm də ifaçıdır. Özəlliklə konsertdə əhval-ruhiyyənin, obrazın yaranması çox gərəklidir. Elə dirijor var konsertdə özünü itirir.
- Dirijor ifaçıdan istədiyini ala bilməyəndə neyləyir?
- Elə olur ki, orkestr müəyyən səbəblərdən hazır deyil. Ya əsəri öyrənməyib, ya yorğunluq var, orkestrdən istədiyini ala bilmirsən. Belə məqamda zorla heç nə alınmır, gülməklə, zarafatla bu durumdan onları çıxarmaq gərəkdir. Keçmişdə elə dirijorlar olub ki, kollektivlə diktator kimi davranıblar. Onlar əsəbiləşir, əlindəki çubuğu musiqiçiyə atır, stulları sındırırdılar. Deyirlər, mən nə istəyirəm, elə olmalıdır. Onlar dahi musiqiçilər olublar, ancaq kollektivlə yola gedə bilməyiblər.
Amma indi dövr dəyişib, belə dirijorlar yoxdur. Varsa da, artıq orkestrlər belələri ilə işləmirlər. Onları heç kim çağırmır. Orkestrlərin özləri dirijoru seçirlər. Berlin, Vyana orkestrləri özləri istəyən dirijorları dəvət edirlər. Orkestr görür ki, dirijor kobuddur, kollektivlə normal davrana bilmir, növbəti dəfə onu çağırmır. Bəzən də kollektiv düşünür ki, bu insan orkestrin bədii rəhbəri, baş dirijordur, ona görə hamı məcbur olub onu yola verir, sərt hərəkətlərinə dözür. Bu, hər yerdə olmur.
- Dirijorluq sənətində sizin üçün örnək kimdir?
- Azərbaycanda maestro Niyazidir. Onun musiqi mədəniyyətimizin, simfonik orkestrimizin, bəstəkarlıq məktəbimizin formalaşmasında böyük zəhməti var. Dünyada da böyük, örnək olası dirijorlar çoxdur.
- Vyana və Berlin orkestrləri ilə işləmək hər bir dirijorun istəyidir. Sizdə belə istək varmı?
- İnanıram ki, haçansa olacaq. O kollektivlərə düşmək çətindir. Dünyada elə məşhur dirijorlar var ki, indiyədək orada çıxış etməyiblər. Ya orkestr istəməyib, ya da növbə çatmayıb. Mənim xoşbəxtliyim ondadır ki, indiyəcən işlədiyim kollektivlər sonradan məndən üz döndərməyiblər. Dirijor üçün bu, böyük qiymətdir. Vasili Safonov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrində baş dəvətli dirijor işləyirəm. Bu orkestr Rusiyanın ən qədim kollektividir, 125 yaşı var. Əsas iş yerim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıdır. Beş ildir orada işləyirəm, gözəl bir kollektivimiz var. Avqustda həmin kollektivlə Almaniyanın Bavariya əyalətində keçirilən Qut-İmmlinq opera festivalında iştirak etdik. Kollektiv 9-cu dəfədir bu festivala dəvət alır. Eyni zamanda Bakı Musiqi Akademiyasının dosentiyəm. 2009-cu ildən orada dərs deyirəm.
- Niyə Azərbaycanda peşəkar dirijorluq məktəbi yoxdur?
- Bizdə xor dirijorluğu olub, indi-indi simfonik dirijorluq sinfi yaranır. Hər il iki-üç nəfər mütəxəssis hazırlanır. Amma demək olmaz ki, bu sahədə məktəbimiz var. Simfonik dirijorluq kafedrası açılsa, onda məktəbdən söhbət gedə bilər. Məktəb o zaman olur ki, böyük dirijorlar tələbələr yetişdirirlər. Niyazi, Rauf Abdullayev heç vaxt haradasa dərs deməyiblər. Mən Rauf Abdullayevdən şəxsi dərs almışam. Azərbaycanda heç vaxt simfonik dirijorluq fakültəsi olmayıb. Tanıdığımız dirijorların çoxu Rusiyada təhsil alıblar. Xor dirijorluğu 1960-cı illərdən var. Simfonik kafedranı açmaq üçün akademiyanın nəzdində peşəkar orkestr də olmalıdır.
- Dirijor kimi müxtəlif orkestrlərlə çalışmısınız. Müqayisədə bizim orkestrlər hansı səviyyədədir?
- Hər bir orkestrin öz tarixi, səviyyəsi var. Düzdür, biz özümüzü Fransa, İngiltərə, Almaniya orkestrləri ilə tutuşdura bilmərik. Ona görə ki, onların neçə yüzillik musiqi tarixləri var. Bizim peşəkar musiqimiz isə XX əsrdən başlayıb. Avropalılar böyük bəstəkarlarla işləyiblər. Bizdə vaxtilə sovet məktəbi güclü olub. Onların imkanları daha genişdir, texniki bazaları güclüdür. Mənə elə gəlir ki, biz artıq müəyyən addımlar atmışıq. Bir müddətdən sonra daha irəli gedəcəyik.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar