Oktyabrın 15-də Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Gəncədəki Heydər Əliyev Mərkəzində “Qafqaz tarixinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Özbəkistan nümayəndə heyəti - Daşkənddə fəaliyyət göstərən “Özbəkistan-Azərbaycan” dostluq cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsrail Şamsimuxamedov iştirak ediblər. Konfransdan sonra Bakıya gələn qonaqlarla görüşüb səfər təəssüratlarını öyrəndik, “Özbəkistan-Azərbaycan” dostluq cəmiyyətinin fəaliyyəti və həyata keçirilən mədəni tədbirlər barədə danışdıq.
Erkin Nuriddinov səfərin iki məqsədə xidmət etdiyini dedi: “Birincisi, təbii ki, beynəlxalq konfransda iştirak, mövzu üzrə məruzə və çıxışlar, digəri isə iki ölkənin təhsil ocaqları - Gəncə Dövlət Universiteti və Nizami Gəncəvi Daşkənd Dövlət Pedaqoji Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair ikitərəfli memorandumun imzalanması. Bu memorandum hər iki universitetin professor və tələbə heyətinin mübadiləsi, birgə elmi konfrans keçirmək və elmi məqalələr toplusunu nəşr etdirməyə imkan yaradacaq. Bundan əlavə, biz qarşıda daha bir razılaşmaya imza atmaq fikrindəyik və əməkdaşlığımız daha da genişlənəcək.
Ölkənizə hər səfərimiz zamanı “Özbəkistan-Azərbaycan” dostluq cəmiyyətinin yeni layihələrini buradakı həmkarlarımıza təqdim edirik. Universitetimizin nəzdində 7 ildən artıqdır fəaliyyət göstərən cəmiyyət Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Biz ildən-ilə qarışlıqlı mədəni əlaqələrə töhfə olan yeni layihələr həyata keçiririk. Artıq müsbət nəticələrin də şahidi oluruq. Ötən il cəmiyyətin 8 nəfərlik heyəti ilə birlikdə yaxından tanışlıq məqsədilə Azərbaycana səfər etdik, Bakıda və Gəncədə fəaliyyət göstərən mədəniyyət müəssisələrində olduq”.
İsrail Şamsimuxamedov qeyd edir ki, “Özbəkistan-Azərbaycan” dostluq cəmiyyəti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə hər il müxtəlif tədbirlər həyata keçirir: “Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinə həsr edilən gecələr, rəssamların sərgisi, yazıçılarla görüşlər bu silsilədəndir. 2012-ci ildə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində məşhur dramaturq, şair Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Həmin il Bakıda keçirilən yubiley mərasimlərində bizim cəmiyyətin üzvləri də iştirak etdilər, konfransda məruzə və çıxışlarımız oldu. Ötən il isə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bir daha Bakıda səfərdə olduq. Qarşılıqlı əlaqələrin inkişafı, geniş təbliğat işinin aparılması üçün bizim universitetdə “Azərbaycan otağı” fəaliyyət göstərir. Orada ölkənizə aid ədəbiyyatlar, Azərbaycanın təbiətini, turizm imkanlarını tanıdan nümunələr və s. toplanıb.
Cəmiyyətimiz ölkələrimizin əlamətdar tarixi günlərini, bayramları, kitab təqdimatlarını qeyd edir. Yazıçı Yunus Oğuzun böyük türk sərkərdəsi Əmir Teymurdan bəhs edən tarixi romanının təqdimatı da bu qəbildəndir”.
Həmsöhbətlərim bildirdilər ki, dostluq cəmiyyətinin layihələrinin bir mühüm məqsədi də gənc nəsli qardaş ölkənin mədəniyyəti ilə yaxından tanış etməkdir. “Azərbaycan haqqında ən yaxşı məqalə”, “Azərbaycan rəssamların gözü ilə” adlı layihələr də bu məqsədə xidmət edir. Ötən il Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunda "Odlar yurdunun baharı" adlı Azərbaycan rəssamlarının akvarel əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi də iştirak edib.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar