“Türkiyədə Azərbaycan türkcəsini ən yaxşı bilənlərdən biriyəm. Ancaq heç zaman hansısa əsəri Azərbaycan türkcəsinə çevirməyə cəhd etmədim”

İmdad Avşar Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə tanınmasında, yazarlarımızın əsərlərinin Türkiyə türkcəsinə çevrilməsində böyük xidmətləri olan şəxsdir. İndiyədək Azərbaycan ədəbiyyatından 100-ə yaxın əsəri çevirərək çap etdirib.

- İmdad bəy, neçə ildir Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirmələr edirsiniz?
- Azərbaycan ədəbiyyatı ilə ilk dəfə 1990-cı ildə tanış olmuşam. Sovet İttifaqı dağılmaqdaydı, o zaman mən 22 yaşında universitet tələbəsiydim. Şəhriyar, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Məmməd İsmayıl, Məmməd Aslan, Sabir Rüstəmxanlı və başqalarının əsərlərini o illərdə oxumuşdum. Azərbaycan ədəbiyyatından ədəbi tərcümələrə isə 2007-ci ildə başladım. İndiyə kimi bir hissəsi şeir olmaqla 100-ə yaxın əsəri çevirib çap etdirmişəm. Mirzə Fətəli Axundzadə və Mirzə Cəlildən indiki cavan yazar və şairlərə qədər çoxlarının hekayə, roman və şeirlərini Türkiyə türkcəsinə çevirmişəm.
- İki türkcə arasında çevirmələrdə hansı çətinliklər ortaya çıxır?
- Ədəbi tərcümə çətin, məsuliyyətli işdir. Tərcümə zamanı əsəri öz dilində yenidən yazmalısan. Şeir tərcüməsində isə həmin şeiri öz duyğularınla yenidən yaratmaq gərəkdir. Azərbaycan türkçəsi ilə Türkiyə türkcəsi, Nazim Hikmət demiş, “əkiz qardaşlar qədər bir-birinə bənzəyir”, ancaq ədəbi tərcümələrə gəldikdə müəyyən çətinliklər ortaya çıxır. Azərbaycan türkcəsi və Türkiyə türkcəsində eyni cür səslənən sözlər çoxdur. Bu sözlər hər iki dildə fərqli mənalar ifadə edirlər. Tərcüməçiləri yanıltdığı üçün biz bu sözlərə “yalançı qarşılıq” deyirik. Məsələn, Azərbaycan türkcəsində “qalxmaq”, “düşmək”, “götürmək”, “yatmaq”, “durmaq” felləri var. Bu fellərin hamısı bizdə də var, ancaq başqa anlamlarda işlədilir. Biz bunları sırayla tərcümə etsək “çıkmak”, “inmek”, “almak”, “uyumak”, “kalkmak” deməliyik. Hər iki türkcədə minə yaxın bu sayaq söz var.
Azərbaycan türkcəsinə bələd olmayan adamlar mətn içində yalançı qarşılığı olan belə sözlərdən istifadə etməklə böyük yanlışlığa yol verirlər. Bizdə “Azərbaycan türkcəsi asandır” deyərək ədəbiyyata dəxli olmayan bəzi adamlar tərcüməçiliyə başladılar. Bu da keyfiyyətsiz tərcümələrin ortaya çıxmasına nədən oldu. Belədə biz tərcümə etdiyimiz əsərləri yayımlamaqda çətinlik çəkirik. Nəşriyyatlar tərcümə əsərlərin çapından imtina edirlər. Neçə nəşriyyata “Azərbaycan ədəbiyyatından bir tərcümə roman var” deyə telefon etdim, “əlimizdə onlarla var, bir neçə səhifə oxuduq, ancaq yayımlamaya gərək duymadıq” dedilər. Nəşriyyatların belə davranışlarında başqa bir nədən də var. Azərbaycanlı yazarlar əsərlərini ya özləri çevirirlər, ya da Türkiyədə təhsil almış gənclərə çevirtdirib buradakı nəşriyyatlara göndərirlər. Bunu özəlliklə gənc yazarlar edirlər. Onlara demək istəyirəm ki, türkcəni əsərinizi tərcümə edəcək qədər yaxşı bilirsinizsə, türkcə yazın, tərcümə nəyə gərək? Türkiyədəki nəşriyyatlar bu cür tərcümələrə yaxın durmurlar.
Eləcə də şeiri çevirmək çox çətin işdir. Türkcəniz ahəng qanununa sıx bağlı olduğundan bizim türkcəyə çevrildiyində onun səsindən, ahəngindən çox şey itir. Mənə görə, Azərbaycan şeiri bizim türkcəyə çevrilməməli, orijinal halda verilməli, onun alt hissəsinə türk oxucu üçün sözlük qoyulmalıdır. Rəsul Rza, Məmməd İsmayıl, Afaq Şıxlı kimi şairlərin şeirlərini çevirdim, çox da bəyənildi.
- Başqa türk dillərindən də tərcümələr edirsinizmi?
- Türkməncə və özbəkcədən də Türkiyə türkcəsinə bədii tərcümələr edirəm. Yaxşı ədəbi tərcüməni bədii əsərlər yazdığın bir dilə edə bilərsən. Bədii əsər yazmadığın bir dilə etdiyin tərcümə ədəbi dəyərdən məhrum olur. Mən Türkiyə türkcəsində əsərlər yazmışım, üç kitabın və yüzlərlə ədəbi yazının müəllifiyəm. Buna görə yalnız türkcəyə tərcümələr edirəm. Mən Türkiyədə Azərbaycan türkcəsini ən yaxşı bilənlərdən biriyəm. Ancaq heç zaman hansısa əsəri Azərbaycan türkcəsinə çevirməyə cəhd etmədim.
- Çevirmə məsələsində ortaq türk sözlərindən, yoxsa yabançı sözlərdən daha çox istifadə edirsiniz?
- Mən türkcənin vurğunuyam. “Türkcə” deyərkən bütün türk ləhcələrini nəzərdə tuturam. Türkiyə türkcəsi vaxtilə imperiya dili olduğu üçün daha əhatəlidir. Tərcümə edərkən Türkiyə türkcəsi yetərli olur. Başqa türk ləhcələrindən tərcümə edərkən Türkiyə türkcəsində olmayan deyimləri, ata sözlərini, bir sözlə, ədəbi dəyər daşıyan və türkcənin gəlişməsinə qatqı verən sözləri mətn içində qorumağa çalışıram. Bunların anlamlarını isə qeydlərdə izah edirəm. Bəzi terminləri keçmiş sovet məkanındakı qardaşlarımız ruscadan, biz isə fransızca, ya da ingiliscədən almışıq. Ona görə bizim dildə işlədilən yabançı sözləri də istifadə edirəm.
- Türkcələrimiz arasında fərq, ayrılıq hansı səviyyədədir?
- Türkcə əslində tək dildir. Biz, Altaylardan Dunaya, Krımdan Kərkükə qədər eyni dili danışırıq. Say sistemimiz, cümlə quruluşumuz, təməl fellərimiz və əşyalara verdiyimiz adlar eynidir. Coğrafi ayrılıqlar, yazılı ədəbiyyatdakı fərqlər, başqa mədəniyyətlərə təsirlər və səslərdəki dəyişmələr türkcədə bəzi kiçik fərqlər yaradıb və ləhcələr əmələ gəlib. Dillərimiz arasında yadlıq yoxdur, ona görə mənəvi ayrılığımız da yoxdur. Yalnız coğrafi ayrılıqdan qaynaqlanan fərqlər var. Biz türklər öz aramızda bir danışıq dili yarada bilərik, bu, çətin deyil. Ancaq ortaq ədəbi dil yaratmaq çətin məsələdir.
- İndiyə kimi hansı Azərbaycan yazarlarının əsərlərini Türkiyə türkcəsinə çevirmisiniz?
- Mirzə Fətəli Axundzadənin komediyalarını, “Aldanmış kəvakib” əsərini, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Rəsul Rzanın “Gecənin susqun nəğməsi”, Nigar Rəfibəylinin “Ala gözlüm”, Anarın “Kərəm kimi”, Elçinin “Seçilmiş hekayələr”i, Sabir Rüstəmxanlının “Difai fədailəri”, “Ölüm zirvəsi”, Məmməd İsmayılın “Unutduğun yerdəyəm”, Eyvaz Zeynalovun “Ölümlə oyun”, “Komandirin meymunu”, Varis Yolçuyevin “Sənə inanıram”, “Son məktub”, Məqsəd Nurun “Seçilmiş hekayələr”i, Günel Anarqızının “Qarabağ hekayələri” və s. əsərlərini Türkiyə türkcəsinə çevirib və yayımlamışam. Bundan başqa, Azərbaycanın tanınmış yazarlarının hərəsindən bir hekayənin yer aldığı “Keçmişdən günümüzə Azərbaycan hekayələri antologiyası” və Qarabağ savaşıyla bağlı əsərlərin yer aldığı “Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri antologiyası” adlı iki kitab da hazırlamışam.
- Türkiyədə ən çox oxunan Azərbaycan yazarı kimdir?
- Çox oxunma məsələsi təbliğ olunmaqla bağlıdır. 1990-cı illərdə Türkiyədə türk dünyası ədəbiyyatına ciddi maraq vardı. Bu illərdə Azərbaycan ədəbiyyatından Anar, Elçin, Kamal Abdulla kimi yazarlar, özəlliklə milli ruhda şeirlər yazan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan kimi şairlər çox oxunurdu. Ancaq indi daha fərqli şair və yazarlar oxunur. Məsələn, universitetlərin ədəbiyyat fakültələrində Əjdər Ol, Elçin Hüseynbəyli kimi yazarların əsərləri tədris olunur. Azərbaycanın ən güclü çağdaş şairlərindən Musa Yaqub, Ramiz Rövşən kimi müəlliflər yetərincə təbliğ edilmədikləri üçün Türkiyədə önə çıxa bilmirlər.
- İndi Azərbaycan ədəbiyyatından çevirdiyiniz hansısa əsər varmı?
- Hazırda həm öz hekayələrimi yazıram, həm də Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanını çevirirəm. Cavad xan haqqında bu roman ümumtürk tarixinin Azərbaycan xanlıqları örnəyində bir panoramıdır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar