“Elə ki, Lənkəran teatrında ilk rolumu oynadım, sanki məni caduladılar, bir də Bakının adını tutmadım”

Azərbaycan teatr sənətində, xüsusən bölgə teatrlarının həyatında qadın aktrisaların rolu bir ayrıdır. Ömrün böyük hissəsini bu sənətə həsr edib yaşamaq güc, iradə tələb edir. Təbii ki, bu sənət yükündən məmnunlar onun hər çətinliyinə dözüb, məhrumiyyətlərə sinə gərərək zirvəsində qərar tutanlardır.
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident mükafatçısı Böyükxanım Əliyeva ömrünün 70-ci ilini də sənətlə yaşayır, teatrı məbəd sayaraq onun səhnəsində olmaqdan məmnundur. 42 ildir doğma teatrda çalışan, 100-dən çox obraza səhnə həyatı verən yubilyarla söhbətimizə bu yolun lap əvvəlindən başladıq.

- Gəlin, ilk olaraq bu teatra gəlişinizdən keçən illərə nəzər salaq...
- Biz, Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinin 13 məzunu, böyük rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun kursunu bitirən sənət sevgili gənclər idik. Təhsilimizi başa vuran kimi bizi təyinatla Lənkərana, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş dram teatrının işini bərpa etməyə göndərdilər. O vaxt Lənkərana gələn gənclərdən burada biz ikimiz qalmışıq - mən və ömür-gün yoldaşım, Əməkdar artist Təvəkkül Əliyev. İndi həmin vaxtdan nə az, nə çox, düz 42 il keçir.
- 1973-cü ilin 6 dekabrını, yəni professional sənətə qədəm basdığınız günü necə xatırlayırsınız?
- Həmin gün indiki kimi yadımdadır. Xalq yazıçısı Mirzə İbrahimovun “Yaxşı adam” komediyasını hazırlamışdıq. İlk tamaşaya baxmaq üçün Lənkərana Bakıdan, respublikanın şəhər və rayonlarından çoxlu qonaqlar gəlmişdi. Mən üç uşaq anası olan Sənəm xala rolunda çıxış edirdim. Tamaşadan öncə saçlarımı ağartdım, sifətimə qırışlar çəkdim və özümü qoca qadın qiyafəsinə saldım. Yeri gəlmişkən, deyim ki, indi qrimsiz həmin rola çıxa bilərəm. Çünki artıq saçlarım ağarıb, üzüm qırışıb... Zaman hər yerdə öz izini qoyur. Nə isə, qoy ardını danışım. Həmin axşam tamaşa zamanı mən səhnəyə zaldan çıxmalı, qapını açıb hay-küy sala-sala, qızımı axtara-axtara səhnəyə qalxmalı idim. Təsəvvür edin ki, elə bil əl-qolumu bağlamışdılar. Hiss-həyəcandan ayaqlarım yer tutmurdu. Kənardan isə mənə deyirdilər: “Tez ol, gir içəri!” Foyedə dayanmışdım, qapını açmışdılar, amma mən heç cür içəri girməyə cürət etmirdim. Axır ki tamaşanın quruluşçu rejissoru rəhmətlik Əşrəf Quliyev arxadan məni itələyərək zala saldı. Dayanıb bir anlığa ora-bura göz gəzdirdim və birdən başladım çığırmağa: ”Ay kişi, ay kişi, hardasan, hardasan?” Bunu ki dedim, ardı öz ritmi ilə getdi. Tamaşa gözlənildiyindən də yaxşı alındı. Tamaşaçıların sürəkli alqışları binanı başına götürmüşdü. Tamaşa bitəndən sonra elə ki biz səhnəyə çıxıb tamaşaçılara təzim etdik, ondan sonra rahat nəfəs aldım. Səhnə çiçəklərə bürünmüşdü. Hamı yaxınlaşıb bizi təbrik etməyə can atırdı.
- Ötən illərdə teatrınızda çox hadisələr baş verib. Sizinlə birlikdə Lənkərana gəlmiş tələbə yoldaşlarınızdan, haqq dünyasına qovuşmuş Əməkdar artist Elşad Zeynalov istisna edilməklə, demək olar ki, hamısı paytaxt Bakıya üz tutdular. Bəs sizi Lənkəranda saxlayan nə oldu?
- Bakıda qalmaq fikrim olsaydı mən bunu elə institutu bitirən vaxt, yəni 1973-cü ildə edə bilərdim. Məni müəllim kimi institutun səhnə danışığı kafedrasında saxlamaq istəyirdilər. Amma mən 4 il bir yerdə oxuduğum tələbə dostlarımdan ayrı düşmək istəmədim. Həm də tələbə partasından birdən-birə müəllim qismində auditoriyaya çıxmaq məsuliyyətindən ehtiyat etdim. Açığını deyim ki, sənəti çox sevirdim, neçə illərdən bəri aktrisa kimi tamaşaçıların qarşısına çıxmaq arzusu ilə yaşayırdım. Teatrımızın ilk direktoru rəhmətlik Məbud İsmayılzadə də çox təkid etdi, atamla danışıb mənim Lənkərana işləməyə gəlməyimə onu da razı saldı. Dedi ki, Böyükxanım qoy burada bir-iki rol oynasın, sonra istədiyi vaxt Bakıya instituta qayıda bilər. Amma elə ki, Lənkərana gəldim, teatrda ilk rolum olan Sənəm xalanı oynadım, sanki məni caduladılar, daha bir də Bakının adını tutmadım. Bu teatrda işlədiyim illər ərzində həmişə qarşımda günəşli üfüqlər açılıb. Arzusunda olduğum bütün rolları burada ifa etmişəm.
- Səhnədə sözünü demiş iki tanınmış sənətçinin ailədə ümumi dil tapmasında hər hansı bir çətinlik olurmu?
- Qətiyyən yox! Biz hər hansı tamaşanın məşqində birgə məşğul olduğumuz vaxt bir-birimizə müdaxilə etmirik. Amma evdə ikilikdə olanda məşq prosesini müzakirə edir, bir-birimizin, əgər olubsa, nöqsanlarını deməkdən də çəkinmirik. Mənim fikrimcə, yaradıcı insanlar belə də etməlidirlər. O vaxt övladlarımız hələ yanımızda olanda bizim söhbətlərimizə çox diqqətlə qulaq asardılar. İndi artıq onların da öz övladları var və bəzən söz düşmüşkən necə işlədiyimizi yadımıza salırlar. Yadımdadır, teatrda Cəfər Cabbarlının “Aydın” tamaşasını hazırlayırdıq. Təvəkkül Aydın, mən isə Gültəkin rolunda çıxış edirdik. Məktəbdən sonra qızlarımız gəlib məşqə baxırdılar. Evə gələndən sonra onlar qayıdıb bizə nə desələr yaxşıdır: “Siz Allah, belə kasıb rollar oynamayın, nə olar!?” Uşaq ki, uşaq! Nə bilsinlər ki, Aydın və Gültəkin obrazlarını yaratmaq hər aktyora nəsib olmur.
Uşaqlardan söz düşmüşkən deyim ki, qızım 2-ci sinifdə oxuyurdu. Bir dəfə evə qanıqara gəldi. Soruşdum nə olub? Dedi ki, ana, sinifdə uşaqlar məni artistin qızı çağırırlar, mən də bundan pis oluram. Mən onu sakitləşdirib dedim ki, qızım, niyə pis olursan? Heç bilirsənmi bizim nə qədər hörmətimiz var?! Onlar uşaqdırlar, hələ qanmırlar. Amma vaxt gələr, sən bizimlə fəxr edərsən. Mənim 50 illik yubileyim qeyd ediləndə qızım mənim bu sözlərimi yada saldı. Dedi ki, ana, mən, həqiqətən də, sizinlə fəxr edirəm! Mənim bir qanadım atam, digər qanadım isə, ana, sənsən!
- Teatrda çalışdığınız ötən müddətdə həmişə baş qəhrəman obrazlarını yaratmısınız. Bəs bundan sonra oynamaq arzusunda olduğunuz hər hansı bir rol varmı?
- Vallah, mənim ürəyimdən hansı rol keçibsə, onu da oynamışam. Amma indi artıq 70 yaşım var. Əgər istedadlı rejissor və yaxşı əsər olsa, mən yenə də məmnuniyyətlə səhnəyə çıxıb oynayaram.
- Müxtəlif yaradıcılıq prinsiplərinə məxsus rejissorlarla işləmisiniz. Onlardan kiminlə işləmək sizin üçün daha asan olub?
- Nə gizlədim, mənim bir aktrisa kimi yetişməyimdə Oruc Qurbanovun zəhmət payı çoxdur. Ümumiyyətlə, aktyorun yetişməsində rejissorun üzərinə böyük məsuliyyət düşür.
- Sizi Lənkəranda hamı tanıyır və sevir. Bu münasibət qarşılıqlıdır?
- Əlbəttə! Başqa cür ola da bilməz. Lənkəran bizə doğma diyardır. Xoşbəxtliyimizi, səadətimizi məhz burada tapmışıq. Lənkəranda çoxlu ailəvi dostlarımız var. Həmişə, hər şəraitdə bir-birimizin yanındayıq.
- Bugünkü tamaşaçıların sənətə münasibəti barədə nə deyərdiniz?
- Ən tələbkar tamaşaçı uşaqlar və gənclərdir. Əgər onları ələ ala bilirsənsə, sakit oturub səhnəyə diqqət kəsilirlərsə, deməli, tamaşa uğurlu alınıb, deməli, aktyor öz vəzifəsinin öhdəsindən gəlməyi bacarıb.

Söhbətləşdilər:
Həmidə Nizamiqızı,
Ağaddin Babayev