Bugünlərdə İstanbulda Dünya Qarapapaq Türklərinin I Qurultayı keçirilib. Möhtəşəm rəqslər, mehtər marşları ilə müşayiət olunan mədəni proqram tədbirə xüsusi rəng qatıb. Toplantıda Türkiyə Böyük Millət Məclisinin üzvləri, elm, mədəniyyət xadimləri iştirak ediblər. Ankara İldırım Bəyazid Universitetinin professoru Salih Yılmaz Qarapapaq türkləri ilə bağlı araşdırmalar aparır. Onunla müsahibəmizdə bu türkdilli xalqların tarixi, türk dünyasında yeri və digər məqamlara nəzər saldıq.

- Dünyada yaşayan Qarapapaq türklərini ilk dəfə bir araya gətirən elmi-mədəni tədbir düzənləndi. Bəlkə əvvəlcə bu türk boyu, onların mənşəyi haqqında məlumat verəsiniz. Onların tarixi kifayət qədər araşdırılıbmı?
- Günümüzdə Türkiyə başda olmaqla, Gürcüstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə yaşayan, sayları bir milyona yaxın olan Qarapapaq türklərinə dair yazılı mətnlər olduqca azdır. Bu türk boyunun kökəni ilə bağlı hələ geniş bir araşdırılma aparılmayıb. Onların xəzərlər, peçeneq və digər türk tayfaları ilə qohumluğu və haradan gəlmələri ilə bağlı bir sıra versiyalar irəli sürülməkdədir. Qarapapaqların ana vətəni olan Borçalı tarixi qıpçaq bölgəsidir. Qızıl Orda dövlətinin dağılmasından sonra Orta Asiyadan Anadoluya doğru köç edən türkmən topluluqları günümüzdəki Azərbaycan və İran coğrafiyasına, Osmanlı-Səfəvi müharibələrində Azərbaycan və İranın oğuz-avşar kütlələri Borçalı bölgəsinə yerləşiblər. Bölgədə qıpçaq qrupları ilə qaynayıb-qarışan boylar zamanla qarapapaq-tərəkəmə adlandırılmağa başlanılıb. Qarapapaq adı bu türk boyuna qara quzu dərisindən papaq geyindiklərinə görə verilib. Tərəkəmə termini isə heyvandarlıqla məşğul olan yarımköçəri olanlara verilən addır. Qarapapaq-tərəkəmə türkləri qıpçaq-oğuzların qarışması ilə meydana gələn türk boyudur. Şimali Qafqazın Dəryal və Dərbənd keçidlərindən gələn qıpçaqlar ilə Cənubi Qafqaz-İran üzərindən gələn oğuzların qarışması ilə bugünkü Gürcüstanın Borçalı və Azərbaycanın Qazax bölgəsi mərkəz olmaqla Qarapapaq-tərəkəmə adıyla yeni bir türk boyu yaranıb. Bu türk boyu yaşadıqları bölgələrə görə, qazaxlı, borçalılı, çıldırlı, sulduzlu kimi adlarla da anılmışlar. Qarapapaq türkləri tarixi proseslər içərisində özlərinə Borçalı sultanlığı və Qazax-Şəmsəddin sultanlığı kimi müstəqil dövlətlər qursalar da, Rusiya, İran və Osmanlı dövlətlərinin hakimiyyətində hərbi güc olaraq yer alıblar. 1800-cü illərdən etibarən Osmanlı orduları yanında döyüşdüklərindən itkilərlə əlaqədar olaraq Anadoluya köç etməyə məcbur oldular. Rusların Qafqazda hakim olmasından sonra bu tayfalar ana vətənləri olan indiki Gürcüstanın Borçalı bölgəsinə, Azərbaycana və indiki Ermənistanın Dilican bölgəsinə yerləşdilər. Sonralar isə Ermənistandakı qarapapaqlar Azərbaycan və Anadoluya köç etdilər.
- Hazırda qarapapaqlar təxminən hansı coğrafiyada yerləşir?
- Bu gün qarapapaqlar Türkiyənin şimal-şərqində, Qars-Ərdəhan, Gürcüstanın Borçalı, Azərbaycanın Qazax, İranın Sulduz, Özbəkistanın Fərqanə, Qazaxıstanın Çimkənt, Kentav, Taraz, Rusiyanın Dərbənd bölgələrində və Ukraynada yaşamaqdadırlar. Bildiyimiz kimi, Stalin dönəmində Gürcüstanda yaşayan türk tayfaları Orta Asiyaya sürgün ediliblər. Bu sürgündə Axısxa türkləri ilə birlikdə Qarapapaq türkləri də Qazaxıstan, Özbəkistan və Qırğızıstana köç etdilər. Ruslar Qafqazdan köçürdükləri türklərin yerinə erməniləri yerləşdirdi. Beləliklə, Qafqazda özlərinə güvənli bölgələr yaradaraq Türkiyə sərhədində yenidən etnik düzənləmə etməyə çalışıblar. Bunun sayəsində İran-Azərbaycan-Gürcüstan-Türkiyə xəttində türk ünsürlərinin bağlarını qoparmaq istəmişlər. Qarapapaq türkləri həm Osmanlı, həm də Türkiyə Cümhuriyyəti zamanlarında vətənlərindən sürgün edilməyi belə gözə alaraq hər zaman türklərlə bir arada olmağı seçiblər. Lakin təəssüf ki, onlar türk dünyasında geniş tanınan boy deyil. Türklərin fərqli coğrafiyada yaşamaları onların bir-birilərini tanımalarına və mədəni anlamda güc birliyi ortaya qoymalarına mane olmamalıdır.
- Türkdilli xalqları bir-birinə yaxınlaşdırmaq üçün belə qurultaylar, toplantılardan başqa daha hansı layihələrin reallaşdırılması vacibdir?
- Qarşılıqlı ali təhsil ocaqlarının, məsələn, universitetlərin açılması türkdilli xalqların bir-birilərini daha yaxından öyrənmələrinə, ünsiyyətdə olmalarına kömək edə bilər. Məsələn, Qazaxıstanda Türkiyənin Əhməd Yasəvi, Qırğızıstanda Manas universitetləri var. Azərbaycanda da belə bir universitet açıla bilər. Qarşılıqlı olaraq Azərbaycan da Türkiyənin hər hansı bölgəsində öz universitetini qura bilər. Hər il Azərbaycandan xeyli tələbə təhsil almaq üçün Türkiyəyə gəlir. Əgər Azərbaycan öz universitetini, məsələn, Antalyada qura bilərsə, incəsənət, turizm sahələrində burada da mütəxəssis yetişdirə bilər. Bu, çox önəmli addım olardı.
- Türkdilli xalqların mədəni yaxınlaşması baxımından müəllifi olduğunuz “Şeir şöləni” layihəsini də bir neçə il öncə Azərbaycanda gerçəkləşdirmisiniz...
- 2013-cü ildə bizi Azərbaycana Yazıçılar Birliyinin sədri Anar dəvət etdi. “Şeir şöləni” layihəsini də o zaman gerçəkləşdirdik. Türkiyənin fərqli bölgələrindən şair və yazarları, alimləri toplayaraq avtobusla yola çıxdıq. Yəni bu səfəri tam bir mədəni proqrama çevirdik. Əvvəlcə Batuma getdik, şəhərin qədim yerlərini ziyarət etdik. Bunun ardınca daha bir gün Tiflisi gəzdik, bir şeir şöləni keçirdik. Oradan Gəncəyə keçdik, universitetdə görüş keçirdik, tarixi yerləri gəzdik. Azərbaycanın və türk dünyasının tanınmış şairi Əhməd Cavadın qəbrini ziyarət etdik. Mədəni turumuzu Bakıda tamamladıq. Azərbaycan Yazıçılar Birliyində birgə tədbirlərimiz keçirildi. Bu layihə vasitəsilə şair və yazıçılarımızın bir-birilərini tanımaq imkanları oldu. Bunun ardınca xeyli layihə ortaya çıxdı. İstanbul, Elazığ, Tokat və Adanada düzənlənən şeir şölənlərinə Azərbaycan şairləri də dəvət olundular. Ötən il Türkiyə Yazarlar Birliyi ilə 11-ci şeir şölənini Kazanda gerçəkləşdirdik və Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin şair və yazıçılarını dəvət etdik. Növbəti tədbiri ya Gürcüstanın paytaxtı Tiflisdə, ya da İranda, Cənubi Azərbaycan şəhəri Təbrizdə keçirmək istəyirik.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar