Araz Əhmədoğlu çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindəndir. İxtisasca həkim və ingilis dili mütəxəssisidir. Həm şairlik, həm də yazıçılıqla məşğul olur. Ötən il Bakıda iki kitabı nəşr olunub.

- Araz bəy, öz dilinizdən sizi tanımaq istərdik.
- 1968-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşam. İlk müəllimim atam olub. Atam həkim olmağımı istəyirdi, ona görə ki, həkimlər burada ən zəngin adamlardır. Orta təhsili bitirdikdən sonra Şiraz Tibb Universitetinin radiologiya fakültəsinə daxil oldum, ilk dəfə yad bir çevrəyə düşdüm. Orada fars tələbələr türklərə, bizə yuxarıdan aşağı baxırdılar. Biz də buna cavab olaraq farscanı onlar kimi ləhcəsiz danışmağa can atırdıq. Belə durum bizi həm də sıxırdı. 1989-cu ildə “Varlıq” dərgisinin nəşrindən sonra öz dilimiz və mədəniyyətimiz ilə yaxından tanış oldum. Ana dilimizi dərindən öyrəndikdən sonra durum mənim üçün dəyişdi. 1990-cı ildən həkim işləməyə başladım. 1994-cü ildə Təbriz Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul oldum. 26 ildir Xoy şəhərində xəstəxanada çalışıram, həm də Pəyame-Nur Universitetində ingilis ədəbiyyatından dərs deyirəm. Səhənd adına özəl ingilis dili məktəbində həm ingilis, həm də öz dilimizi tədris edirəm. 2007-ci ildə ingilis ədəbiyyatından fəlsəfə doktoru dərəcəsini almaq üçün Azərbaycan Dillər Universitetinin qiyabi şöbəsinə qəbul oldum, burada “Kitabi-Dədə Qorqud” üzərində araşdırma aparmağa başladım.
- Haçandan ədəbi yaradıcılıqla məşğul olursunuz?
- “Varlıq” dərgisi ilə tanış olmamışdan öncə şeir kimi mətnlər yazırdım, amma düz olub-olmadığını bilmirdim və bilən kimsələri də tanımırdım. Ona görə də ingilis ədəbiyyatı kursunda oxumağa qərar verdim. Təbriz Universitetində təhsil alarkən ədəbi yaradıcılığa başladım və ilk rəsmi çıxışım ustad Şəhriyarın anım törənində oldu. O zamandan şeir, esse, tənqid, nəsr və s. yazıram. Yazılarım öz dilimizdə, Türkiyə türkcəsində, ingiliscə və farsca olur. Hərdən ingilis dilindən çevirmələr də edirəm.
- Ötən il Bakıda şeirlərinizdən ibarət “İki daş” və hekayələrinizdən ibarət “Son tüfəng” kitablarınız nəşr olundu...
- “Son tüfəng” öz dilimizdə, ingiliscə və farsca yazdığım hekayələr toplusudur. Kitabın içindəkilər Qarabağdakı erməni cinayətlərini televiziyada gördüyüm gündən bəri yaşadığım dərdlərin bədii ifadəsidir. Bu hekayələri neçə il beynimdə gəzdirib yazmışam. Kitabda başqa hekayələr də var, onlar güneydə yaşadığımız durumları əks etdirir. “Dara” hekayəsi assimilyasiyamız haqqındadır. Bu əsərləri dünya ədəbiyyatı ilə tanış olduqdan sonra qələmə almışam. Türkcəmizdə və ingiliscə yazdığım, eləcə də ingiliscədən dilimizə çevirdiyim şeirlər toplusu “İki daş” adlanır. Bu kitablarıma İranda iki il çap icazəsi verilmədi və sonda Bakıda çap etdirə bildim. Hər ikisi yüksək səviyyədə qarşılandı.
- Doğrusu, şeir dilinizdə sadəlik, axıcılıq, nəsr dilinizdə isə ağırlıq hiss etdim...
- Nəsr dilinin ağırlığı ana dilimizdə təhsil almadığımdan irəli gəlir. İkincisi, bu tayda ana dilimizdə yazanların ortaq türkcə dilinə yaxınlaşma düşüncəsi geniş yayılıb. Biz əsərlərimizi xalis öz sözlərimizlə yazmağın tərəfindəyik. Türk dillərinin hamısında olan türkcə bir söz varsa, onun yerinə ərəb, fars, başqa yad sözləri işlətmək məntiqsizdir.
- Orada Azərbaycan türkcəsində yazılan əsərlər satılırmı, oxunurmu?
- Burada öz dilimizdə yazılan əsərlərin sayı artmaqdadır, təkrar çap olunanları da var. Bu, türk dilində oxuyanların sayının çoxaldığını göstərir. Millət nə qədər ağır durumda olsa da, kimlik uğrunda çabalar dayandırılmaz. Amma burada kitab buraxmaq istəyənlər ərəb əlifbası ilə çap etdirmək zorundadırlar. Latın qrafikasında çap etdirmək olası bir işə bənzəmir.
- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- Bir roman üzərində işləyirəm. Bu roman kimlik uğrunda çalışıb köləliyə qalib gəlmək istəyən bal arıları haqqındadır. Bundan başqa, Güney şairlərinin şeirlərindən ibarət bir antologiya üzərində də çalışıram.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar