“Türkiyədə çoxlu tələbələr yetişdirmişəm, onlar indi ölkənin fərqli bölgələrində, eləcə də xaricdə yaşayıb çalışırlar”
Tanınmış pianoçu, soydaşımız Gülər Dəmirova-Györffy 19 ildir ki, qardaş Türkiyədə yaşayır. Hazırda Ankara Universiteti Dövlət Konservatoriyası direktorunun müavinidir.
- Gülər xanım, öncə özünüz haqqınızda məlumat verməyinizi istərdik...
- Gəncə şəhərində anadan olmuşam. Anam həkim, atam mühasib idi, amma evimizdə həmişə musiqiyə böyük maraq vardı. Anamın yaxşı səsi vardı, yəqin bu, şuşalı olmağından irəli gəlirdi. Gəncədəki 1 saylı musiqi məktəbində oxuduğum illərdə hər il Bakıda keçirilən müsabiqə və festivallara, televiziya proqramlarına qatılırdım. Sonra Gəncə Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. Tələbəlik illərində də müsabiqələrdə iştirak edir, fəxri fərmanlar alırdım. 1983-cü ildə indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub dosent Tamilla Qasımovanın sinfində oxumağa başladım. Beşillik tələbəlik dönəmində çoxlu sayda konsertə, yarışmalara, elmi konfranslara qatıldım. 1988-ci ildə təhsilimi başa çatdırıb doğma şəhərimə təyinat aldım. Orada Orta İxtisas Musiqi Məktəbində piano müəllimi və müşayiətçi olaraq çalışdım. Eyni zamanda Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrində solo pianoçu və müşayiətçi işlədim.
1997-ci ildən Türkiyədə çalışıram. İki il Niğde Universitetindəki pedaqoji fakültədə piano dərsi verdim. 2000-ci ildə Ankara Universitetinin Dövlət Konservatoriyasında işləməyə başladım. Eyni zamanda işləyərək burada magistr və doktorluq proqramlarını bitirdim. 2014-cü ildə imtahana girib “dosent” adını aldım. 10 aydır ki, konservatoriyada direktor müaviniyəm. Bununla yanaşı, 16 ildir TRT Ankara Uşaq Xorunun pianoçusuyam.
Həyat yoldaşım da musiqiçidir, Bilkent Universitetində violonçel müəllimidir. O, kökəncə macardır, 25 il öncə Türkiyəyə gəlib.
- Xaricdə işləmək istəyi sizdə necə yarandı?
- Sovet İttifaqının dağılmasından sonrakı illəri orta və yaşlı nəsil yaxşı xatırlayır. O illərdə vəziyyət ağır idi. Azərbaycandan Türkiyəyə çoxlu sənət adamları işləməyə getmişdilər. Konservatoriyadan tanıdığım bir çox müəllimlərimin, tələbə yoldaşlarımın Türkiyədə olduğunu öyrəndim. Ona görə mən də Türkiyəyə getməyə həvəsləndim. Amma, doğrusu, başqa bir hadisə də getməyimə səbəb oldu. 1997-ci ilin sentyabrında Gəncə Orta İxtisas Musiqi Məktəbində yanğın baş verdi. Gözümüzün önündə məktəbimiz yanıb kül oldu. Mənə bu hadisə çox pis təsir etdi. “İşsiz qaldım” - deyə sarsıntı yaşadım. Heç unutmuram, məktəbin direktoru, rəhmətlik Vahid Mirzəyev işdən çıxmaq və Türkiyəyə getmək üçün yazdığım ərizəni elə küçədəcə oxuyub, maşınının üstündə imzaladı və dedi: "Get, Gülər, sənə uğurlar. Bil ki, geri dönsən, həmişə bu məktəbdə yerin var”. Doğma yurddan ayrılmaq çox çətini idi.
- Türkiyədə necə, müsabiqələrə qatılırsınızmı?
- Hər şeydən öncə mən yaxşı, peşəkar müəllim olmağı qarşıya məqsəd qoydum. Həmişə bu yöndə oxudum, öyrənməyə çalışdım. Türkiyədə bu illərdə çox sayda konsertlərim olub. Bəzən solist, bəzən də müşayiətçi olaraq səhnəyə çıxdım. Xarici ölkələrdə (Yunanıstan, Almaniya, İtaliya, Bolqarıstan, Macarıstan) həm solist olaraq çıxış etdim, həm də konsertmeyster kimi başqa solistlərin, xorların müşayiətçisi oldum. Məsələn, Budapeştdə bir sənət mərkəzi və musiqi məktəbində Azərbaycan, türk və macar bəstəkarlarının əsərlərindən ibarət proqramla konsertim oldu. Eyni zamanda elmi konfranslara, simpoziumlara da qatılmağa çalışıram.
- Yetirmələriniz varmı?
- Bu 19 ildə Türkiyədə çoxlu tələbələr yetişdirmişəm, onlar indi ölkənin fərqli bölgələrində, eləcə də xaricdə yaşayıb çalışırlar. Tələbələrimdən çox razıyam, məni unutmurlar. Bayramlarda zəng vururlar, mesaj yollayıb təbrik edirlər. Müəllimi xoşbəxt edən budur.
- Vətəndə konsert vermək fikriniz varmı?
- Hər il yayda Gəncəyə gedirəm. Orada filarmoniya binası tikilir. Çox istərdim ki, o binanın açılışında Gəncə Dövlət Kamera Orkestri ilə təkrar səhnəyə çıxım.
- Qarşıdakı işləriniz nədən ibarətdir?
- Nə qədər ömrüm var, işləmək, yaradıcılıqla məşğul olmaq istəyirəm. Bizim sənətimiz elədir ki, gərək ardıcıl öz üzərində çalışasan. Mənim devizim “yüz il yaşa, yüz il öyrən”dir. Musiqiçilər, özəlliklə alət ifaçıları öz sevimli alətlərindən ayrılmamalı, daim formada qalmaq üçün məşq etməli, sənətlərini diri saxlamalıdırlar. Mən də buna çalışıram. Bir azərbaycanlı olaraq öhdəmə düşən iş konsertlərdə öz bəstəkarlarımızın əsərlərini də səsləndirməkdir. Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, T.Quliyev və başqaları repertuarımda həmişə var. Bu yaxında Ankarada Arif Məlikovun Nazim Hikmətin sözlərinə bəstələdiyi 8 romansı konservatoriyamızın vokalisti ilə konsertdə ifa etdik. Çox uğurlu keçdi.
S.Soltanlı