Xalq artisti Rafael Dadaşov: “Aktyorun xoşbəxtliyi canlandırdığı obrazlarla tamaşaçının yaddaşına həkk olunmasındadır”

“Aktyor obrazı içində yaratmalıdır. Mətni əzbərləməklə sən obrazı yalnız ifa edə bilərsən, yarada bilməzsən. İfa edilən obrazı isə tamaşaçı tez unudur. Amma obrazı canlı yaradanda, illər keçsə də, unudulmur, daim insanların yaddaşında yaşayır. İfaçı və yaradıcı aktyorlar da beləcə seçilirlər. Aktyorun xoşbəxtliyi canlandırdığı obrazlarla tamaşaçının yaddaşına həkk olunmasındadır”.
Bu fikirləri 70 illik yubileyini qeyd etməyə hazırlaşan tanınmış aktyor, Xalq artisti Rafael Dadaşov deyir. Bəlkə bu səbəbdən də illərdir sənətsevərlər onun televiziya tamaşalarından danışır, həyat verdiyi obrazlarını heç vaxt unutmurlar.


Xatırlatma

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən Akademik Dram Teatrının aktyor truppasında çalışır. Teatrın səhnəsində yaratdığı Zaur ("Ümid", M.İbrahimbəyov), Don Juan ("Bəşərin komediyası, yaxud Don Juan", M.İbrahimov), Klavdi ("Hamlet", U.Şekspir), Bəhram ("Fitnə", A.Şaiq), Vojevatov və Paratov ("Cehizsiz qız", A.Ostrovski), Rövşən ("Əliqulu evlənir", S.Rəhman), Knyaz Xasay, Cəmil ("Xurşudbanu Natəvan", "Unuda bilmirəm", İ.Əfəndiyev), Özdəmir ("Afət", H.Cavid), Şeyx Nəsrullah ("Ölülər", C.Məmmədquluzadə) və digər bir-birindən maraqlı obrazlar tamaşaçılar tərəfindən sevilir, alqışlanır.
Aktyorun televiziya tamaşalarındakı rolları da yaddaşlarda dərin iz qoyub. Bu mənada Rüstəm ("Ötən ilin son gecəsi"), Sinyor Kavaler ("Mehmanxana sahibəsi"), Vasif müəllim ("Səni axtarıram", "Bağışla"), Həmid ("Yollar görüşəndə"), Orxan ("Topal Teymur"), Həmid ("Ordan-burdan"), Sahib ("Mənim günahım"), Rauf ("Göz həkimi") və başqa obrazlar onun aktyor ustalığının daha aşkar göründüyü unudulmaz örnəklərdir.
Geniş tamaşaçı kütləsinin sevgisini qazanan sənətkar 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

“Taleyimizə sənətkar ailəsi kimi tanınmaq yazılıb”

Rafael müəllimlə görüşümüzdə ilk sualımız onun sənətlə yoğurulan nəsli barədə oldu.
- Mənim nənəm ilk səhnəyə çıxan Azərbaycan qadınlarından biri olub. Anam, atam, mən və qardaşım - bizim taleyimizə sənətkar ailəsi kimi tanınmaq yazıldı.
- Amma siz səhnəyə bir qədər gec gəlmisiniz...
- Bunun da səbəbi vardı. Mən Naxçıvanda rus məktəbini bitirmişdim və Azərbaycan səhnəsində rusdilli aktyorun qarşılanmasından ehtiyat edirdim. Həm də anam və atamın adının məsuliyyəti var idi. Amma zaman göstərdi ki, mən səhnədə olmalıyam. Sağ olsun, xalqımız da məni gözəl qarşıladı, rollarımı, obrazlarımı dəyərləndirdi. Artıq bu il 70 yaşım və səhnə fəaliyyətimin 40 illiyi qeyd ediləcək. Düzdür, buna qədər mən mədəniyyətin müxtəlif sahələrində çalışmışam, amma 40 ildir sırf səhnədəyəm. Teatra gəlişimin səbəbkarları isə unudulmaz rejissor Tofiq Kazımov və atam Məlik Dadaşovdur.
- Yaradıcılığınızı üç hissəyə bölmək olar: teatr, kino və televiziya tamaşaları...
- Gəlin, belə bölək: teatr, televiziya və kino. Çünki kinoda fəaliyyətim elə də çox olmayıb, 6-7 filmdə çəkilmişəm.
- Axı siz televiziya tamaşaları ilə çox məşhurlaşmışdınız. Bəs nə əcəb bu məşhurluq kinoya yol aça bilmədi?
- Bilirsinizmi, bunun da öz səbəbləri vardı. Qısaca demək istərdim ki, gərək övladlar heç vaxt valideynlərinə görə cavab verməsinlər. Bu, düzgün deyil.
- Kinoda ilk filminiz hansı olub?
- Kinoya epizodik rolla gəldim. Arif Babayev məni 1967-ci ildə “İnsan məskən salır” filmində çəkdi. 1972-ci ildə “Var olun, qızlar” filmində rol aldım. Ona qədər bir çox filmlərə dəvət alsam da, sonradan həmin rollara başqa aktyorlar çəkildi. Çox heyfsilənirəm ki, gəncliyim getdi və çox az filmdə çəkildim.
- Kinoda Rafael Dadaşov deyəndə nədənsə ağıla ilk olaraq “Bəxt üzüyü” filmi gəlir. Amma o vaxta qədər siz teletamaşalarla ən çox sevilən aktyor kimi birinciliyi qoruyurdunuz...
- Bəli. Çünki həmin dövrə qədər mən televiziya tamaşaları ilə məşhurlaşmışdım. Bu tamaşalar bu gün də qorunur, sevilir.
- Tamaşalardan aforizmə çevrilən ifadələriniz var. Məsələn, “Balam, alim olanda nə olar, alimlər də rəqs etməyi bacarırlar?”...
- Aslan Qəhrəmanovun məşhur trilogiyasının "Səndən xəbərsiz" teletamaşasında Vasif müəllimin dilindən deyilən bu fikir heç rejissor ssenarisində yox idi. Həmin fikrin tamaşaya salınmasını təkid etdim. Tamaşadakı toy səhnəsi də mənim təşəbbüsümlə oldu. Toydakı rəqs isə sırf öz yaradıcılığımın məhsulu idi. Kinodan fərqli olaraq çox şadam ki, 30 ildən artıqdır çəkildiyim tamaşalar nümayiş olunur və rəğbətlə qarşılanır. Bütün obrazlarım da əsas və baş rollardır. O tamaşaların hamısı əsl aktyor, rejissor sənətinin məhsuludur. Belə olmasaydı, bu gün qorunmazdı, sevilməzdi.
- Bu gün də teletamaşalarda, seriallarda toy səhnələri lentə alınır, amma bu qədər sevilib yadda qalmır...
- İlk növbədə təbiilik lazımdır. Bir də gərək obrazı ifa etməyəsən, yaradasan. Bu gün çox əfsus ki, gənc aktyorlar rolu ifa edib getməyi daha üstün tuturlar.
- 80-ci illərdə hədsiz məşhurluğunuz sizə mane olmurdu ki?
- O qədər də yox. Çünki teletamaşalara, teatra gələnə qədər mən Bakı Dövlət Sirkində proqram aparıcısı idim. O zaman sirkə maraq yüksək idi. 6 il orada rejissor və aparıcı olmuşam. Şəhər əhalisi artıq məni tanıyırdı, kifayət qədər populyar idim. Məhz bu faktura-görünüşümə görə Tofiq Kazımov məni teatra dəvət etdi. Elə bir professional aktyor deyildim ki, xariqələr yaradım, mənə tələbat olsun. Ona həmin dövrdə səhnədə yeni Don Juan lazım idi. Tofiq müəllim də məhz bu səbəbdən məni Akademik Dram Teatrına dəvət etmişdi. Teatrda ilk rolum da "Bəşərin komediyası, yaxud Don Juan"da (M.İbrahimov) Don Juan oldu. Məşhurluq isə hərdən, həqiqətən də, mane olurdu. Adam bəzən sərbəst olmaq istəyir, amma çərçivədən çıxmaq olmur.
- Bu il 70 illiyiniz qeyd edilir. Yaşınızın hansı dövrü üçün daha çox darıxırsınız?
- Şeirlərimdən birində yazmışam ki,
Bir gün çatsan yetmişə,
İllərinə nəzər sal.
Dönüb baxsan keçmişə...

Bu yaşda keçmişə daha ciddi nəzər salırsan. Yaş artdıqca həyata daha da məsuliyyətlə yanaşırsan. Atalar yaxşı deyib: “Hər işi vaxtında gör”. Nə zaman, nə də yaş, o yaş deyil. Ən çox uşaqlığım üçün darıxıram. Bir də uşaqlıq dövrümdə olan fotolarım qorunmayıb. Çox heyfsilənirəm ki, uşaqlıq xatirələrim çox azdır.
- Niyə şeirlərinizi kitab şəklində çap etdirmirsiniz?
- Mən əsasən mahnı mətnləri yazıram. Özümə şair demirəm...
- Yubileyə hazırlıq nə səviyyədədir?
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, sağ olsunlar, yubileyimlə bağlı “Müfəttiş” əsərinin hazırlanmasına göstəriş verilib. Tamaşanın rejissoru Mikayıl Mikayılovdur. Məşqlər gedir. İnşallah, yaxın aylarda təqdim edilər. Yubileyimlə bağlı ayrıca yaradıcılıq gecəsi nəzərdə tutulmur. Bu tamaşa ilə 70 illik yubileyim qeyd ediləcək, tamaşaçılarımın görüşünə gələcəyəm.

* * *
Rafael müəllimlə söhbətimiz zamanı səhnədə çiyin-çiyinə çalışdığı dahi aktyorları, ilk tərəf-müqabili olduğu xalq artistləri İsmayıl Dağıstanlını, Ağasadıq Gəraybəylini, Nəcibə Məlikovanı, Məmmədrza Şeyxzamanovu, Məlik Dadaşovu minnətdarlıqla yada saldı. Bildirdi ki, aktyoru sənətdə yaşadan xalqdır: “Tamaşaçı məhəbbəti və diqqəti bizi mənfi fikirlərdən yayındırır. Mən çox bəxtəvər sənətkaram ki, məni “brend aktyor” adlandırırlar. Əgər xalqım məni sevirsə, diqqət edirsə, mən davam etməliyəm. Tanrı mənə bu səhnəni və sevgini çox görməsin”.
Biz də sənətkarı təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar