İrfan Gürdal: “Türkiyədə çövkəni yenidən canlandırmaq niyyətindəyik və bu sahədə Azərbaycanla əməkdaşlıq qura bilərik”

İrfan Gürdal türkdilli xalqlar arasında mədəni əlaqələrin bərpası və inkişafına öz töhfələrini verən simalardandır. Sibirdən Orta Asiyaya qədər türk xalqlarının musiqi nümunələrini bir araya gətirərək, verdiyi konsert proqramları ilə onları daha da yaxınlaşdırıb, “mədəniyyət xalqlar arasında ən gözəl körpüdür” deyimini əməli işlə isbatlayıb. Uzun illər TRT-nin Türk Musiqi Topluluğuna rəhbərlik etmiş İrfan Gürdalla söhbətimizdə bu məsələlərə toxunduq.

- İrfan bəy, məlum səbəblər üzündən türkdilli xalqlar uzun illər bir-birindən uzaqlaşdırılıb. Türkləşmə dediyimiz prosesin rüşeymləri ötən əsrin 90-cı illərində yenidən cücərməyə başladı. Amma siz bu fəaliyyətə 80-ci illərdən başlamısınız. Əlaqələrin zəifliyi, informasiya yetərsizliyi şəraitində türk xalqlarının ənənəvi musiqilərini toplamağa necə nail ola bilirdiniz?
- Musiqiyə marağım uşaqlıqdan var idi. Hələ 80-ci illərdə tələbə ikən universitetdə xalq musiqi topluluğunda (ansambl - red.) çalışırdım. Universiteti bitirdikdən sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Türk Xalq Musiqi Xoruna imtahan verib saz sənətçisi kimi işə başladım. O zaman Türkiyədə yaşayan müxtəlif xalqlar bizə yardım edirdilər. Təəssüf ki, onlar çox tanınmırdılar. Məsələn, İstanbulda Topqapı məhəlləsində Əfqanıstandan gələn türkmənlər yaşayır. Eyni zamanda Adanada yaşayan Özbəkistan kökənli türkmənlər var. Onlara Türkiyədə “əfqan” deyə müraciət edirdilər. Onlar isə “biz türkük” deyirdilər. Onların mədəniyyətlərinə hörmətlə yanaşan insanlara qapıları açarlar. Əslində, bizdən öncə İstanbulda bu işlə məşğul olan bir həvəskar qrup olmuşdu. Onların fəaliyyətləri də bizə işıq tutdu. Ankarada təsadüfən tanış olduğum Əfqanıstandan gələn özbək kökənli bir dostumla birlikdə fəaliyyətə başladıq. Bu tarix 1985-ci ilə təsadüf edir. Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyinə, Krım Türkləri Mədəniyyət Dərnəyinə davamlı gedərdim. Belə bir çevrənin içərisində bu iş yavaş-yavaş bişdi və peşəkar səviyyəyə çatdı. 2000-ci ildə isə artıq Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə rəsmi şəkildə Türk Dünyası Musiqi Topluluğunu qurduq. “TRT Avaz”da da bir proqramçı kimi çalışdım.
- Bəs bu xalqların öz ölkələrində konsert proqramları ilə çıxış etdinizmi?
- Təbii ki... Amma mən həmin dövrdə olan vəziyyətdən də bəhs etmək istərdim. Bildiyiniz kimi, sovet dönəmində türk xalqlarını bir-birindən ayrı salmaq siyasəti yeridilirdi. Bu gün belə bunun izləri görünməkdədir. “Türk dünyası” anlayışını Azərbaycanda dilə gətirdikdə, ağlına Azərbaycan və Türkiyə gəlir. Qazaxıstana gəlincə, onların da düşüncəsində türk dünyası Qazaxıstan və Türkiyədən ibarətdir. Yəni Qazaxıstanla Azərbaycanın da içində olduğu türk dünyası qavrayışı hələ də oturuşmayıb. Daha öncə bu coğrafiyanın adı Türküstan idi. Sovet dönəmində isə “qazaxlaşma”, “qırğızlaşma” kimi bölgülər başladı. Türkçülük şüuru 90-cı illərdən güclənməyə başladı. İlk dəfə peşəkar konsert proqramı ilə Bosniyada çıxış etdik. “İpək Yolu” adlı həvəskar topluluğumuz var idi. 1996-cı ildə Qırğızıstanda konsert vermişdik. Təsəvvür edin, qazax tamaşaçısı repertuarında Azərbaycan, özbək, qırğız, qazax musiqisi ifa edilən bir ansamblı dinləyir. Qazax tamaşaçısı əslində özbək musiqisini belə az eşitdiyi halda, Türkiyədən gələn bir ifaçı ona bu ifanı da təqdim edir. Bununla da beyinlərdə bir “Türk dünyası birliyi” qavrayışı formalaşmağa başlayır. Yəni konsertlərimizin ən böyük əhəmiyyəti də budur. Qazaxıstanda ənənəvi Türk Dünyası Musiqi Festivalı keçirilir. Onun təqdimatı iki dildə - qazax və türk dillərində aparılır. Bir neçə dəfə orada aparıcı kimi iştirak etdim və Türkiyə türkcəsində və qazax türkcəsində təqdimatlar etdim. “Türkləşmə” dediyimiz anlayışın güclənməsi baxımından belə tədbirlər çox faydalıdır.
- Müxtəlif türk xalqlarının musiqilərini toplamaqla yanaşı həm də onların dillərini öyrənmisiniz və elə onların öz dillərində də ifa edirsiniz. Çətin deyil ki?
- Bəlkə də XVII əsrə qədər türk dünyasının dili bir-birindən fərqli deyildi. Bu fərqlilik də sonrakı dövrlərdə ortaya çıxdı. Bugünkü Türkmənistan türkməncəsini anlamaq çətindir. Amma Məhtimqulunun şeirini oxuduqda bütün sətirləri bir-bir anlaya bilərsiniz. Önümüzə Yunus Əmrəni, Aşıq Ələsgəri, Qaracaoğlanı, Məhtimqulunu qoysaq, bütün türk dünyası bunları anlar. Demək istəyirəm ki, o dönəmin dili ortaq idi. Türk dillərində baş verən bu fərqlər də zamanla, bəlli tarixi şəraitlərdə baş verib. Hazırda özbək, qazax dillərində danışa bilirəm. Türkməncə isə bir az çətindir. Bizim aramızda əlaqələrin yenidən güclənməsinin əsas yolu mədəniyyətdir. Biz eyni mədəniyyətin övladlarıyıq, dünyanı qavrama biçimimiz, ruh halımız eynidir. Bunun dinlə də bağlantısı yoxdur. Çünki müsəlman olmayan türk boylarında da eyni davranışı görmək mümkündür. Sibirə qədər getdim və oradakı Tuva türkləri ilə çox yaxın münasibətlər qurdum. Hətta Tuvada keçirilən konsert proqramlarında iki dəfə jüri üzvü kimi də iştirak etmişəm. Çuvaşiyadan başqa bütün türkdilli ölkələrdə konsert proqramları ilə çıxış etdim. TÜRKSOY-la da əməkdaşlıq edirik. Onların layihəsi çərçivəsində Balkanlarda konsert proqramları ilə çıxış etdik. Novruz bayramında onlarla birgə fəaliyyətlərimiz olur. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə da yaxından əməkdaşlıq edirik. Bildiyiniz kimi, bu il UNESCO-da “Əhməd Yasəvi ili”dir. Türkiyədə ilk dəfə 4-5 il öncə onun bəstələrini albom halına mən salmışam. Bu mövzuda da layihələr həyata keçirəcəyik.
- Azərbaycanda necə, konsert verdinizmi?
- Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki dəfə konsert proqramı ilə çıxış etdik. Əlbəttə, bizim üçün Türkiyə ilə Azərbaycanın heç bir fərqi yoxdur. Yəni Ərzurumda biz nə qədər rahatıqsa, Bakıya gedərkən də oxşar hissləri keçiririk. Eyni zamanda Türkiyəyə gələn Azərbaycan sənətçilərini də “TRT Avaz”dakı proqramıma dəvət edirdim. Nəticədə bizi tanıyan geniş bir çevrə meydana çıxdı və hər biri ilə də dostlaşdıq. Bu günə qədər Bakıda üç dəfə olmuşam. Azərbaycan xalqı öz milli mədəniyyətinə hər zaman sahib çıxıb, ənənəvi musiqisini heç vaxt unutmayıb və pop musiqisinin təsiri altında yox olmasına icazə verməyib, əksinə, daha da inkişaf etdirib. Bu mənada mən hər zaman Azərbaycana bir heyranlıq hissi duyuram.
- Türk dünyasının ənənəvi atüstü oyunlarına da maraq göstərirsiniz, “Atın türküsü” adlı albomunuz da var...
- Həmin albomu 2004-cü ildə türk xalq musiqisində atla bağlı türkülərdən hazırladım. Çünki gördüm ki, türk musiqisində atın çox böyük təsiri var. Ərəb musiqisində dəvənin səsləri, yerişlərindən istifadə olunur. Əgər elədirsə, tarix boyu türklərin də atlarla münasibəti musiqidə əks olunmalıdır. Elə bu düşüncə ilə də çalışmağa başladım. Gördüm ki, həqiqətən də, bizim musiqimizdə atın ritmi var. Bunu göstərən nümunələrdən ibarət bir albom hazırladım: “Atın türküsü”. Həmin albomda musiqisi, sözləri, ya da ritmi ilə atı xatırladan, Azərbaycan da daxil olmaqla, türk dünyasından musiqi nümunələri var. Uşaqlıqdan ata sevgim olub. Sonra bir at aldım. Araşdırdığımda gördüm ki, əski türk döyüşçülərinin atla bağlı döyüş oyunları olub. Onlardan biri də “Atlı ovçu”dur. Türkiyədə bu oyunu canlandıran adam vardı və onlarla tanış oldum. Gənclər arasında bu mövzu ilə maraqlananları toplayıb bir idman klubu qurdum. “Atlı ovçu” qaçan bir atın üzərində oxla hədəfləri vuran bir idmançıdır. Yəni dediyim kimi, əski türklər at üstə savaşıblar. Osmanlılar isə bunu bir idman oyununa çeviriblər. Sonra da unudulub. Qədim türklərdən gələn bir sıra belə atlı oyunlar var. Məsələn, çövkən Azərbaycanda yaşayır, amma Türkiyədə unudulub. Türkiyədə çövkəni yenidən canlandırmaq niyyətindəyik və bununla bağlı bir layihə üzərində çalışırıq. Bu sahədə də Azərbaycanla əməkdaşlıq qura bilərik.

Mehparə Sultanova
Ankara