“Adam var, lətifə danışır, hamıdan qabaq özü gülür. Mən hırıltını sevmirəm. Bir var sözlə, bir də hadisəylə güldürmək”

Həmsöhbətimiz yazıçı-dramaturq, şair, tərcüməçi, ədəbiyyatşünas alim, pedaqoq Aqşin Babayevdir.

- Aqşin müəllim, sizi həmişə xoş əhvalda görmək olur. Nikbinliyinizin əsası nədir?
- Mənim həyat prinsipim belədir: çox yüksəklərdə uçmamaq, gerçəkçi olmaq. Həyat gözlənilməz hadisələrlə doludur. Küsmək, incimək, şikayətlənmək və buna bənzər duyğular mənlik deyil. Bir az səbirli olmaq gərək, sonra görürsən ki, hər şey düzəldi. Məncə, nikbinliyimin əsası “arxa cəbhə”min möhkəm olmasıyla bağlıdır. Ailə başçısının arxa cəbhəsi onun həyat yoldaşı və balalarıdır. Kim deyibsə doğru deyib: “Xoşbəxtlik odur ki, işə də, evə də sevinə-sevinə gedəsən”. İşdə və evdə hər şey qaydasında olanda xoşbəxtlik baş verir. Rəhmətlik atam deyərdi ki, əsəbilik dağ boydadır. Dözsən, qarşında noxud boyda olacaq və onu uda biləcəksən.

- Əsərlərinizdə güclü yumor var, adi həyat hadisələrindən böyük anlamlar doğur...
- Əsərlərimdə heç zaman yumoru uydurmamışam. Qondarma gülüşü sevmirəm. Gülüş təbii və səmimi olmalıdır. İndi həyatım boyu başıma gələn gerçək hadisələri kiçik yazılar şəklində qələmə alıram. Məsələn, birini deyim. 15 il Azərbaycan Radiosunun Xarici verilişlər redaksiyasına başçılıq etmişəm, sədr müavini olmuşam. Həmişə qışda bərk qar yağanda qadınları erkən evə buraxırdım. Bir dəfə də katibəyə tapşırdım ki, qadınlara de, evə getsinlər. Sonra dəhlizə çıxanda gördüm ki, Nəzər adlı işçimiz paltosunu geyinib, papağı başına basıb evə getmək istəyir. Dedim, mən arvadlara icazə vermişəm, sən hara gedirsən? Dedi, Aqşin müəllim, qar yağanda elə arvad olmaq istəyirəm ki.
Cəlil Məmmədquluzadənin yaradıcılığını çox sevirəm, ona vurğunam. Mənə təsir edən ikinci yazıçı Əziz Nesin olub. Bu iki böyük sənətkarın satirik əsərlərimin yaranmasında mənə çox böyük təsiri olub. Onları oxuyanda heyrətdən adamın ağzı açıla qalır. Bizdə Mirzə Cəlili sevməyənlər olduğu kimi, türkiyəlilərin də bəziləri Ə.Nesini sevmirdilər. Qınayırdılar ki, xalqımızı biabır edirsən. Ə.Nesin də deyirdi ki, biz öz cəhalətimizə gülməyi bacaran xalqıq. Əsərlərimdə sarkazm güclüdür. Cəmiyyətin saflaşması üçün bu, qaçılmazdır.

- Ədəbiyyata necə gəlmisiniz?
- Ənvər Məmmədxanlını özümə ilk müəllim saymışam. Onun sayəsində ədəbiyyata gəlmişəm. Bu, belə olub. Orta məktəbdə riyaziyyatı güclü bilirdim, riyaziyyatçı olacaqdım. Bir dəfə ədəbiyyat müəllimimiz dərsə gəlməmişdi. Başqa bir müəllim bizə Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsini oxudu və özüm də bilmədən ovsunlandım. O hekayə mənə elə təsir elədi ki, o gündən ədəbiyyatçı olmaq qərarına gəldim. Orta məktəbin 7-ci sinfindən şeirlər yazıram. 9-10-da oxuyanda lirik hekayələr yazırdım. Orta məktəbi bitirdikdən sonra yoldaşımla birlikdə indiki BDU-nun filologiya fakültəsinə qəbul olduq. Bizə tanınmış ziyalılar Həmid Araslı, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Arif, Cəfər Cəfərov, Əli Sultanlı, Əli Fəhmi, Əkrəm Cəfər, Hidayət Əfəndiyev, Muxtar Hüseynzadə, Cəfər Xəndan dərs deyirdilər. Onların hər biri ayrıca məktəb idi.

- Namizədlik işiniz Nazim Hikmətlə bağlıdır. İstərdim onunla görüşlərinizdən danışasınız.
- Namizədlik dissertasiyam “Nazim Hikmətin dramaturgiyası” adlanır. 1961-ci ildə aspiranturada oxuyanda Moskvaya gedib N.Hikmətlə görüşdüm. İki il yarım onunla sıx təmasda oldum. Onunla teatr tamaşalarına, müxtəlif yerlərə gedirdim. İşimdə onun yenilikçiliyini araşdırmışdım. Özü dissertasiyamı oxumamışdı. Onun təkidi ilə dissertasiyaya “Türk dramaturgiyası və Nazim Hikmət” bölümünü də daxil etdim. Burada Nazimin hansı zəmində dramaturq olduğu göstərilirdi. İşimdə onun “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa”, “Kəllə”, “Qəribə adam” və digər pyeslərini tədqiq etdim. Doktorluq işim isə “Türk dramaturgiyasında ictimai-siyasi motivlər” adlanır. Namizədlik dissertasiyamı 1967-ci, doktorluq dissertasiyamı isə 1996-cı ildə müdafiə etdim.

- Böyük türk yazıçısı Əziz Nesinlə də dostluq əlaqələriniz olub. Onunla bağlı xatirələrinizi eşitmək istərdik.
- Qeyd etdiyim kimi, mən Ə.Nesindən çox şey öyrənmişəm. Doktorluq dissertasiyamın bir bölümü onun pyeslərinə həsr edilib. Ə.Nesin Bakıya 5-6 dəfə gəlmişdi. Bütün gəlişlərində onunla görüşmüşdüm. Yazıçını həmişə Bakıda qarşılayanlardan biri də mən idim. Onda radioda işləyirdim. Yadımdadır, hava limanından onu yola salanda yanımda bir müxbir də aparmışdım. Müxbir ona dedi ki, Əziz bəy, Bakıda nə gördünüz? Cavab verdi ki, Bakıda tavan gördüm, əfəndim. Bunun açmasını soruşdum, dedi ki, hara getdimsə məni içirtdilər, ona görə başımı qaldırıb içəndə tavan gördüm.
Yola salanda ona Nazim Hikmətin səsi yazılmış lenti də verdim. Türkiyədə onu tutdular, bir neçə ay həbsdə yatdı. Dindirmə zamanı məni Nazimin səsini kimdən aldığını soruşublarmış. Deyib, bir gənc verdi, adımı çəkməmişdi. Mənə sonradan kitabını da göndərmişdi: “Əziz Nesin polisdə”.
Bir dəfə Ə.Nesin C.Məmmədquluzadənin ərəb əlifbası ilə çap olunmuş kitabını məndən istədi. Kitabı tapıb göndərdim. Bir aydan sonra kitab özümə qayıtdı. Üstündən 6 ay keçəndən sonra eşitdim ki, Ə.Nesin Bakıya gəlib. Tez köhnə “İnturist”ə onunla görüşməyə getdim. Ona C.Məmmədquluzadənin kitabını göndərdiyimi, ancaq geri qayıtdığını söylədim. Dedi ki, onlar yazıçını Leninə bənzədiblər, ona görə qaytarıblar.

- Son vaxtlar komediya janrında əsərlər az yazılır, bu janrda filmlərimiz də azdır. Sizin komediyalar, yumoristik, satirik əsərləriniz necə yaranır?
- Yumoristik, satirik hekayələrimi çox asanlıqla yazıram. Əslində hamının gündəlik gördüyünü yazıram, ancaq hamının duya bilmədiyi şeyləri. Bir dəfə bir təşkilat Qarabağ hadisələrindən bəhs edən “Başımıza gələnlər” povestimə görə mənə mükafat verdi. Dedilər ki, sizə zərfin içində 100 dollar mükafat təqdim edəcəyik. Təqdimatdan sonra həmin pulu bizə qaytararsınız, çünki qonaqlıq verəcəyik. Sonra gördüm ki, bu ki əsl pyes mövzusudur. “Mükafat” əsərim belə yarandı. Bir gündə beş toya dəvətnamə aldım, “Dəvətnamə” əsərim də buradan doğdu.
Xalqımızın zəngin yumor və satira hissi, komik yaradıcılığı var. Amma bizdə barmaqla sayılası qədər komediya filmləri çəkilib. C.Məmmədquluzadənin bütün əsərləri ekranlaşdırılmaya layiqdir. Komediya yazmaq da, çəkmək də asan deyil. İstər kino, istər teatr dramaturgiyası çətin janrdır. Komediyada hadisələr də həyatdakı kimi təbii olmalı, qondarılmamalıdır. Mən hırıltını sevmirəm. Adam var, lətifə danışır, hamıdan qabaq özü gülür. Bir var sözlə, bir də var durumla, hadisəylə güldürmək. Mənim üçün ədəbiyyatda ən monumental pyes Mirzə Cəlilin “Ölülər”idir. Bu əsər həm ağlamalı, həm də gülməlidir. “Ölülər” xarici dillərə tərcümə olunmalı və dünya səhnələrində qoyulmalıdır.
İndiyədək 35 kitabım çap olunub. Onlardan 15-ə qədəri elmi kitabdır, qalanı bədii əsərlərdir. Üç romanım, povest və hekayələrim var. 1980-ci illərdə Rusiyada və Almaniyada kitablarım çıxıb. 26 pyes yazmışam. Pyeslərimin bir neçəsi Musiqili, Sumqayıt Dram, Gənc Tamaşaçılar, Bələdiyyə teatrlarında səhnələşdirilib. N.Hikmətə həsr olunmuş pyesim İrəvan teatrında tamaşaya qoyulacaq.

- Siz həm də tanınmış jurnalist və müəllimsiniz...
- Jurnalist kimi əmək fəaliyyətimə tələbə ikən “Avtomobil nəqliyyatçısı” qəzetində başlamışam. Sonra 15 il radioda çalışmışam. Ömrümün böyük hissəsini jurnalistikaya həsr etmişəm. 1991-ci ildən 2006-cı ilə qədər Milli Məclisin mətbuat katibi vəzifəsində çalışmışam. 10 ildir Mədəniyyət və İncəsənət Universitetində ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiriyəm.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar