“Bu, xətası ilə, doğrusu ilə bizim tariximizdir. Teymur böyükdür, yoxsa İldırım Bəyazid”, deyə mübahisə etsəniz, ortaya problemlər çıxar”

Tufan Gündüz Türkiyənin tanınmış tarixçilərindən biridir. “Anadoluda türkmən boyları”, “Son qızılbaş Şah İsmayıl”, “Qızılbaşlar, Osmanlılar, Səfəvilər” və başqa kitabların müəllifidir. Kayserinin bir kəndində dünyaya gəlib. Türk dünyasına marağı uşaqlıqdan, sərhədlərin qapalı olduğu dövrdə başlayıb. Yeniyetmə çağlarında Bakı radiosunu dinləməsi onda həm də bir Azərbaycan sevgisi yaradır. “Azərbaycan, Bakı mənim üçün bir nağıllar ölkəsi idi” deyən tarixçi söhbətimizə körpünü də lap əvvəldən salır...

- Mən Kayseridə doğulan avşaram. Bu gün bir türk üçün hansı boydan olduğunu bilmək nadir hadisədir. Çünki zaman-zaman qəbilə və boy adları unuduldu və türk adı önə çıxdı. Azərbaycana maraq və sevgimin hekayəti 70-ci illərin sonlarına gedib çıxır. 14-15 yaşlarım olardı. Evdə bir televizorumuz vardı, amma mən radio dinləməyi daha çox sevərdim. Təsəvvür edin ki, radio ilə yatırdım. Yataqda zəif səslə qısa dalğadan xarici radio dalğalarını tutardım. Bir gecə radioda bir səs tutdum: tar çalınır və türkcə bir şeylər söylənilirdi. Çox həyəcanlandım. Səs gedib-gəlirdi. Ertəsi gün gecə yenə eyni tezliyi axtarmağa başladım. Gecə saat 12-də səsi tutdum. Bu dəfə tar çalınırdı. Bunun ardınca bir xanım yumşaq səs tonu ilə danışmağa başladı. Bura Bakı radiosu idi. Türkiyədən kənarda, sovetlər ölkəsində, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Krım, Tatarıstanda türklərin yaşadığını bilirdim. Lakin onlara aid bildiyim məlumatlar yalnız bu qədər idi. İndi isə ilk dəfə Türkiyədən kənarda bir türk səsini duyurdum. Saat 12-də xəbərlər verilir, sonra isə musiqi və şeir səslənirdi. Söhbətlərin böyük qismini anlasam da, başa düşmədiyim sözlər də az deyildi: “Bakı”, “Gəncə”, “Naxçıvan”, “yaxşı”, “gözəl”, “çörək” və daha neçə ad və sözləri buradan eşitdim. Azərbaycan dilində hava durumunu dinləmək də zövqverici idi. Məsələn, “Bakıda şıdırğı yağış olacaq”. Azərbaycanın digər şəhər və bölgələrində də hava ilə bağlı məlumatları diqqətlə dinləyərdim. Sonra yumşaq qadın səsi tarın müşayiəti ilə Füzulidən, Nəsimidən şeir parçaları oxuyurdu. Düşünürdüm ki, Allahım, bir şeir bu qədər gözəl oxuna bilərmi? Bəli oxunurdu. Şeir bitən kimi Bakı radiosunun yayını da sona çatırdı. Ertəsi gün eşitdiklərimi, öyrəndiklərimi həyəcanla öz dostlarıma başa salırdım, amma başa düşmür, gülüb gedirdilər. Lakin mənim ürəyimdə bir Azərbaycan atəşi yanırdı. Radioda eşitdiyim şəhərlərin adlarını xəritədə axtarır, Bakı radiosunda şeir oxuyan xanımı təqlid etməyə çalışırdım. Təəssüf ki, bir neçə ay sonra radiom xarab oldu və Bakı radiosunu bir daha dinləyə bilmədim. Amma dinlədiyim o qısa radio yayımları məndə türk dünyasına maraq oyandırdı. Liseyə gedər-getməz Füzulini mütaliə etməyə başladım. Şeirlərini əzbərlədim və bir azərbaycanlı kimi oxumağa çalışdım. Dostlarım tez-tez mənim şeirə olan marağımın səbəbini soruşur və söyləyəndə də inanmırdılar. Azərbaycan, Bakı isə mənim üçün uzaq Qaf dağında nağıllar ölkəsi idi.

- Azərbaycan xəyalınız illər sonra gerçəkləşdi. Hansı hissləri keçirdiniz?
- İllər keçəndən sonra Azərbaycan öz müstəqilliyini əldə etdi. Oradan Türkiyəyə alimlər, tələbələr gəldi. Azərbaycan qapıları Türkiyəyə, Türkiyə qapıları Azərbaycana açıldı. Amma mən Bakıya xeyli sonra, 2013-cü ildə bir konfransa getdim. Qarşımda bir müasir Azərbaycan var idi. Sonra yenə bir dəfə getdim Bakıya. Amma növbəti səfərimdə Azərbaycanın bütün bölgələrini gəzəcəyəm. Türk hər yerdə türkdür. Mən kənddə böyümüşəm və bizim kənddə danışdığımız türk dili ilə Azərbaycan türkcəsi çox yaxındır. Azərbaycana gedərkən də insanlarla ünsiyyətim zamanı özümü sanki öz kəndimizdə hiss edirəm. Onu da qeyd edim ki, sərhədlərin qapalı olduğu illərdə radio və televiziyada ifa edilən Azərbaycan mahnılarını ya Qars, ya da İqdır mahnısı deyə təqdim edirdilər. Məsələn, Zeynəb Xanlarova Türkiyədə konsert proqramları ilə çıxışlar edər, Türkiyədən Azərbaycana ziyalılarımız getsə də, bu, Türkiyədə o qədər də böyük əks-səda doğurmazdı. Bu barədə ancaq kiçik bir kəsimin xəbəri olurdu. Həm də bir NATO ölkəsi olaraq SSRİ-də yaşayan türk xalqları ilə maraqlanmaq siyasi baxımdan ciddi problem yarada bilərdi. Amma bəlli kəsimlər, xüsusilə də türkçü və turançılar Azərbaycanın fərqində idilər.
- Tufan bəy, türkçülük və turançılıqdan söz düşmüşkən, bu gün türk dünyası, türk birliyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Tarixçi olaraq şəxsən siz bu türk dünyasını necə görürsünüz?
- Əslində, Türkiyə başqa məkanlarda yaşayan türkləri 90-cı illərdən sonra kəşf etməyə başladı. Yəni hətta “Onlar da bizim kimi danışırlarmış” deyə, açıqlama verənlər də oldu. Burda belə bir tablo var: başqa türkdilli ölkələrdə yaşayan türklər türk deyincə, sadəcə Türkiyə türkləri ağıllarına gəlirdi. İnsanlara bunu öyrətməyə məcbur idik: bizim köklərimiz asiyalıdır, ordan bir ağacın budaqları kimi hər tərəfə yayılmışıq. Bunun üçün elə indi də lazım olan bütün vasitələri, dil, sənət, kino fəaliyyətlərini həyata keçirmək lazımdır. Bir-birimizi daha yaxından tanımalıyıq. Çünki arada 70 il sovet dönəmi, Türkiyədə isə qapalı dönəm olub. Bu bir-birinin izini itirən iki qardaşın yenidən görüşünə bənzəyir. Artıq bir-birimizi yalnız xəritədə görmək dövrü arxada qalıb.
Son 30 ildə yaşananlar bütün dünyada yeni dövlət birliklərini, modelləri ortaya çıxardı. Məsələn, Avropa Birliyini buna misal göstərə bilərik. İstək ortaq pul, ticarət əlaqələri, sərhədsiz bir Avropa qurmaqdır. Mən türk dünyası üçün sadəcə bunu arzu edirəm: bir türk başqa bir türk ölkəsinə gedəndə sərhəddə, “buraya niyə gəldin?” deyə soruşulmayan, “bunlar da bizim qardaşımızdır” deyilən türk dünyası. Mən bir Türkiyə türkü olaraq təbii ki, Azərbaycana, Qazaxıstana, Türkmənistana getmək istərəm. Çünki mənim köklərim ordadır. Atlarımızı öncə oralarda suladıq, sonra da Anadoluya gəldik. Ortaq tarixə gəlincə, türk tarixi vahid bir tarixdir. Bu tarixin içərisində zaman-zaman döyüşlər və sülh olub. Bu gün də qardaşlar arasında çəkişmə var. Bunu bir tarix kimi qəbul etmək lazımdır. Amma bunu rəqabət sahəsi kimi qəbul etsək, orada problem ortaya çıxır. Məsələn, “Teymur böyükdür, yoxsa İldırım Bəyazid böyükdür”, deyə mübahisə etsəniz, ortaya problemlər çıxar. Məncə bütün bunlar tarixdə qaldı və bunu müzakirə etmək də tarixin mövzusudur. Teymuru Anadoluya gətirən tale onu Qızıl Ordaya qədər də aparmışdı. Bu tarixin ona yüklədiyi missiyadır. Bir türk olaraq Şah İsmayılı bütün İranın hökmdarı edən də tarixin ona verdiyi missiyadır. Əgər tarixi rəqabət sahəsi kimi görürüksə, oturub komissiyalar quraq və kimsəni incitməyən tarix yazaq. Amma bu tarix deyil. Türklər getdikləri hər bir yerdə öz dövlətlərini qurdu. Mənim üçün Şah İsmayıl türk tarixində önəmli bir hökmdardır. 13 yaşında yola çıxır, 16-17 yaşlarında öz dövlətini qurur. Səfəvi dövlətini bir İran dövləti olaraq görmək, bir coğrafiyaya bağlı dövlət kimi görmək orda türkləri görməməzliyə vurmaqdır. Səfəvi dövlətini quranlar, onu Yaxın Şərqin önəmli dövlətinə çevirənlər türklər olub.
Mən Özbəkistandakı Səmərqəndə görə də, Teymura görə də, onun türbəsinə görə də öyünürəm. 600 illik Osmanlı imperiyası içində də bəyliklərlə, Ağqoyunlularla, teymurilərlə, Səfəvilərlə savaşlar var. Digər tərəfdən, Rusiya, Avropa ilə də müharibələr olub. Hər kəsin xəyalı öz dövlətini uca dövlət halına gətirmək idi. Teymurla öyünməyi bacarmaq, Şah İsmayılla öyünməyi də təmin edir. Türk tarixinin dərinlikləri içərisində Teymur, Şah İsmayıl, Nadir şah, Toğrul və Çağrı bəylər var, Alp Arslan, Qaraxanilər var. Tarixi nə qədər dərinə aparsanız, onu o qədər anlamlı şəkildə anlatmış olarsınız. Başqa bir tərəfdən, o qədər çox qəhrəmanımız var ki, bu bizi öyündürür. Bəzi millətlər var ki, tarixləri bizimki qədər dərin deyil, bəlkə də cəmi bir-iki qəhrəmanları var. Biz ortaq tarixi yazmaq deyil, anlatmaq məcburiyyətindəyik: bu, xətası ilə, doğrusu ilə bizim tariximizdir.
Bütün türk dünyasının güclü olması lazımdır. Bu gün Türkiyənin yanında duran, öz bölgəsində öz gücünü ortaya qoyan bir Azərbaycan var. Siz güclü olsanız, Türkiyə də güclü olar. Türkiyə güclü olsa, siz də güclü olarsınız. Mən bütün türk dünyasının güclü olmasını istəyirəm. Bütün türk dünyası güclü olarsa, tarixdəki rəqabətimiz də görünməz.

Mehparə Sultanova
Ankara