“Safranbolu Osmanlı həyatını əks etdirən açıq səma altında muzeydir”

Safranbolu Türkiyənin qədim və zəngin mədəni dəyərlərə malik olan şəhərlərindən biridir. Təsadüfi deyil ki, şəhər hələ 1994-cü ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Bu gün də, necə deyərlər, öz tarixi ənənəsinə sadiq qalan şəhər müxtəlif mədəniyyət tədbirlərinə evsahibliyi etməkdədir, eyni zamanda mədəni turizm imkanları ilə tanınır. Safranbolu bələdiyyə başqanı Necdet Aksoyla söhbətimiz də bu barədədir.

- Safranbolu tarixi irsini və bunun içərisində də mədəni dəyərləri, qədim tikililəri, adət-ənənələri, el sənətkarlığını bu gün də yaşatdığı üçün UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Türkiyədən UNESCO siyahısına daxil edilən sayca 3-cü tarixi məkandır. Həmin vaxtlarda da bizim az sayda abidələrimiz bu siyahıda yer alırdı. Safranbolu Osmanlı memarlığını, sivil həyatını əks etdirən açıq səma altında bir muzeydir.
- Şəhərdə mühafizə edilən qədim Osmanlı evləri, bazarlar və sənətkar məhəllələrinin bu gün də öz funksiyasına uyğun istifadə edilməsi onların tarixiliyini daha canlı edir. Bu baxımdan Safranbolunu bir turizm məkanına çevirmək üçün hansı işlər görülür?
- Bizim üçün mədəni mirasımızın qorunması birinci yerdə dayanır. Əlbəttə, mədəni dəyərləri qorumaq üçün həm də maliyyə vəsaiti lazımdır. Bunu düşünərkən “qoruma-istifadə etmə” metoduna keçdik. Yəni bu abidələri istifadə edərkən dağıtmadan, zərər vermədən turizmə açdıq. Bu tarazlıq içərisində də mühafizəyə ehtiyacı olan binalarımızda dəyərləri qoruduq. Hər il Safranboluda mədəni dəyərlər içərisində olan 20-25 abidə üzərində turizmdən gələn gəlirlər sayəsində təmir-bərpa işləri aparılır. Bu baxımdan turizm bizim üçün çox önəmlidir. Tarixə nəzər salsaq, 1960-cı ildən şəhərdə tarixi abidələrin qorunması prosesi başlayıb. Restavrasiya işlərinə 70-ci illərdən start verilib. 2000-ci illərdə isə şəhər həyatında turizm önəmli bir mərhələ olaraq başlayıb. Öncə turizm zəif olub. 2009-cu ildə bələdiyyə başqanı seçildiyimdə Safranboluya gələn turistlərin sayı 137 min nəfər idisə, indi bu rəqəm 280 minə çatıb. Əminliklə deyə bilərəm ki, qarşıdakı illərdə şəhərimizə gələn turistlərin sayı daha da artacaq. Biz həm mədəni dəyərlərin qorunması, həm də turizmin inkişafı baxımından türk dünyasına nümunə olmaq istəyirik. Ənənəvi sənətlərimiz, zəfəran yetişdirilməsi, üzüm yarpaqlarından dolma bükülməsi kimi adətlərimiz də bir dəyər kimi yaşadılır. Yəni Safranbolu Anadolunun ortasında olan bir şəhərdir və qeyd etdiyim kimi, sanki açıq səma altında bir muzeydir. Biz böyük bir mədəniyyətin təmsilçiləriyik. O mədəniyyətlə insanları bir araya gətirən Osmanlı coğrafiyası olaraq, malik olduğumuz dəyərləri və nə qədər zövqə, adət-ənənəyə sahib olduğumuzu memarlığımızdakı ünsürlərlə sərgiləmək niyyətindəyik. Bizim evlərimizin içərisindəki həssaslığı, ana, atalarımızın həyatlarının necə olduğunu, ailə bütövlüyünün necə qorunduğunu, birlikdə yaşama mədəniyyətinin nə qədər mühüm amil olduğunu Safranboludakı tarixi evlərlə vurğulamaq istəyirik. Bu qədim evlərdə bu gün də yaşayış var. Eyni zamanda 100-150 evdən turizm məqsədilə istifadə edilir. Qısası, Osmanlı anlayışının Safranbolu ilə yaşamağa davam etdiyini, Osmanlı tarixini araşdıran adamın Safranboluya gələrək burdakı evlərdə özünə tarixi mənbə, qaynaq tapacağını da xüsusi vurğulamaq istərdim.
- Safranbolu həm də mədəniyyət tədbirlərinə evsahibliyi edir və bu da mədəni turizmi inkişaf etdirir. Bəs Safranbolunun hansısa özəlliklərini göstərən mədəniyyət festivalları varmı?
- Bəli, belə festivallar keçiririk. Məsələn, bu il 29 sentyabr - 2 oktyabr tarixində 17-ci dəfə keçirəcəyimiz Beynəlxalq “Altın Safran” Sənədli Film Festivalı bu qəbildəndir. Safran, yəni zəfəran qiymətli bitkidir. Türkiyənin ən önəmli zəfəran bölgəsi də Safranboludur. Bu festivalın özəlliyi ondan ibarətdir ki, həm sənədli filmlərin, həm də fotoqrafların yarışını gerçəkləşdiririk. İlk dəfə 1999-cu ildə təşkil olunan festivalın əhatə dairəsi hər il genişlənir. Festival boyunca mədəni dəyərlərimizi ön plana çıxaran bir sıra layihələri də gerçəkləşdiririk. Onu da qeyd edim ki, bu, Türkiyədə yeganə sənədli film festivalıdır.
- TÜRKSOY-la da işbirliyiniz var və müştərək layihələr həyata keçirirsiniz...
- TÜRKSOY-la əməkdaşlığa böyük önəm veririk. Bir neçə il öncə Kazanda “Rəssamların görüşü” layihəsini gerçəklədirdik. Safranboludan olan rəssamlar orada rəsmlər çəkdilər. Sonra Kazandakı rəssamlardan bir qrupu Safranboluya gəlib burada çalışdılar. Beynəlxalq “Altın Safran” Sənədli Film Festivalı çərçivəsində isə türk dünyasından olan fotoqraflar buradakı tarixi əsərlərin fotolarını çəkdilər, həmin fotoların sərgisi keçirildi. İndi isə TÜRKSOY-la türk dünyası ilə bağlı ortaq bir sənədli film layihəsi üzərində çalışırıq. Mövzusu mədəni dəyərlərin qorunması ilə bağlıdır. TÜRKSOY-la daha bir işbirliyi çərçivəsində bu yaxınlarda Safranboluya gələn türk dünyasının önəmli bəstəkarları əsərlər bəstələyəcəklər. Bu bəstələri “Safranbolunun səsi” adlı albomda bir yerə toplayacağıq və bu əsərlər müxtəlif yerlərdə yayımlanacaq. Bir məqamı da xüsusi qeyd edim ki, Beynəlxalq “Altın Safran” Sənədli Film Festivalının əsas mövzusu mədəniyyətimizin mənəvi memarları, türk mədəniyyətini yaradan adamlar olacaq. Əhməd Yəsəvidən başlayaraq, onun dərgahına bağlı olan, oradan Anadoluya gəlmiş ortaq mədəniyyətimizin mənəvi memarları. TÜRKSOY-la bu mövzuda da işbirliyimiz mövcuddur. Bütün bu layihə və tədbirlərlə mədəni baxımdan zənginliyimizi ortaya qoyuruq. Onu da qeyd edim ki, biz hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” olan Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmaq istərdik.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar