“Atam illərlə “Gözəldərə”, “Gözəldərə” deyərək, 41 yaşında vəfat etdi. Sonralar başa düşdüm ki, demə, İrəvanda bu adda bir kənd varmış”

Mülazim Kardelen Paşanın adı nəinki Türkiyədə, Azərbaycanda da bir çoxlarına tanışdır. Çünki İzmirə yolu düşən hər kəs mütləq onun qonağı olur. İzmir-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri olan Mülazim bəy əslən Azərbaycandandır. Ata-babaları ötən əsrin əvvəllərində Türkiyəyə köçsələr də, qəlbləri hər zaman vətən həsrəti ilə döyünüb. O, 1942-ci ildə dünyaya gəlib. Bu hislər uşaq yaşından ona da təsirsiz ötüşməyib.

Həmsöhbətim o illəri belə xatırlayır: “Bizim ata-babalarımız 1910-1915-ci illərdə qədim Azərbaycan şəhəri olan İrəvandan Türkiyəyə köç edərək Qars şəhərində məskunlaşıblar. Onların vətən həsrəti ilə necə qovurulduqları indiyə qədər xatirimdədir. Atam illərlə “Gözəldərə”, “Gözəldərə” deyərək, cəmi 41 yaşında vəfat etdi. Sonralar başa düşdüm ki, demə, İrəvanda bu adda bir kənd varmış. Atamı itirdikdən sonra ailənin böyük övladı kimi çalışmağa başladım. Bir müddət sonra hərbi xidmətə getdim. Sonra məmur kimi fəaliyyət göstərdim. 1989-cu ildə təqaüdə çıxdıqdan sonra ticarətə başladım. 2004-cü ildə Turqut Aratla birlikdə İzmir-Azərbaycan dərnəyini qurduq”.
Qeyd edək ki, dərnək 6 ildən sonra öz fəaliyyətini dayandırır. Lakin İzmirdə yaşayan azərbaycanlıları bir araya gətirməkdən ötrü Mülazim bəy yeni bir qurum yaradır. 2014-cü ildə İzmir-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi fəaliyyətə başlayır və qısa müddətdə qurum iki qardaş xalq və dövlətin əlaqələrinə töhfələr verir.
“Bornova bələdiyyəsi ilə birlikdə Türkiyədə ikinci “Azərbaycan dostluq parkı”nı saldıq. Karacaoğlan məhəlləsində 3 hektar park tamamilə yenilənərək “Azərbaycan dostluq parkı” adı ilə istifadəyə verildi”.
Burada Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılıb. İzmirə gələn qonaqlar bu parkı ziyarət edirlər. Xatirə abidəsi İzmirdəki Azərbaycan məscidinin qarşısında tikilib. “Bu məkan ayrı bir özəlliyə malikdir. Zamanında Azərbaycandan buraya köç edən azərbaycanlılar bu məsciddə Qarabağda həlak olan qardaş-bacıların, Xocalı şəhidlərinin ruhuna dualar oxuyurlar”, - deyə Mülazim bəy bildirir.
Söhbət əsnasında onu da vurğuladı ki, İzmirə gələn qonaqları bu parkda şəxsən özü gəzdirir, abidə ilə tanış edir.
Həmsöhbətim Bakıda keçirilən dünya azərbaycanlıları qurultaylarına da qatılıb: “Sonuncu dəfə IV qurultayda iştirak etdim. Bakıya ilk toplantıya gedərkən oradakı qohumlarımızı axtarıb tapdım, onlarla tanış oldum. 2016-cı ildə təkrar getdiyimdə Bakı çox dəyişmiş, möhtəşəm məkana çevrilmişdi. Gözəl binalar tikilir. Dünya dövlətləri arasında Azərbaycanın layiqli yer tutması məni çox məmnun etdi”.
İzmir-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin öz binası var ki onun xüsusi otağı qonaqlar üçün nəzərdə tutulub. Müsahibim deyir ki dərnəyin əsas hədəfi daha çox azərbaycanlı tələbələrə sahib çıxa bilmək, iki dövlət arasında körpünü möhkəmlətməkdir: “Bunun üçün çalışırıq. Bildiyiniz kimi, bir neçə il öncə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gəlmişdi. Biz Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarla bərabər Ankaraya getdik, Türkiyə Böyük Millət Məclisində, Baş Nazirlikdə görüşlərimiz oldu, buna etirazımızı bildirdik. Qarabağ torpaqları azad edilmədən bu qapının açılması ciddi bir problem yarada bilər”.
Dərnək ölkəmizin tarixini, mədəniyyətini, ənənələrini Türkiyədə yaşadan ünvandır. Azərbaycanın önəmli günləri ilə bağlı toplantılar, mətbuat konfransları və anım mərasimləri keçirilir. Hər il Xocalı şəhidlərinin, 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilir, bu tarixlər haqqında toplantı iştirakçılarına geniş məlumatlar verilir. Bundan başqa, dərnək Azərbaycanın Respublika Gününü, Novruz bayramını təntənələrlə qeyd edir. Bu tədbirlərə İzmirdə yaşayan azərbaycanlılar, tələbələr, millət vəkilləri, bələdiyyə başqanları qatılır.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar