“Əsas hədəflərimiz Əskişəhərdə “Azərbaycan parkı” və “Azərbaycan Mədəniyyət evi” layihələrini həyata keçirməkdir”

Türkiyənin bir çox şəhərlərində Azərbaycanla bağlı təşkilatlar, dərnəklər var. Əsası soydaşlarımız tərəfindən qoyulan bu qurumların qardaş ölkədəki fəaliyyəti, xüsusilə də Qarabağ həqiqətlərinin təbliği istiqamətində gördükləri işlər qürurlandırıcıdır. Onlardan biri də Əskişəhər Azərbaycanlılar Dərnəyidir. Dərnəyin rəhbəri Cavid Məmmədovla müsahibəmizdə qurumun fəaliyyəti haqqında ətraflı məlumat almağa çalışdıq.

- Əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verərdiniz...
- Azərbaycanın tarixi şəhərlərindən olan Bərdədə ziyalı ailəsində anadan olmuşam. Ata tərəfim Qərbi Azərbaycanın Vedi rayonu Kolanı tayfasındandır və 1948-ci ildə doğma yurdlarından deportasiya olunublar. Ana tərəfim də Qərbi Azərbaycandan, Uluxanlı (Zəngibasar) mahalındandılar. Anamın bütün qohum-əqrəbası 1988-ci ildə öz ata-baba yurdlarından didərgin düşüblər. Demək istəyirəm ki, ailəmiz ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri əməllərin şahidi olub. Mən isə Türkiyədə 1998-ci ildən yaşayıram. Əvvəlcə Əskişəhərdə universitetə qəbul oldum. Hazırda tibb üzrə doktorant təhsili almaqdayam.

- Əskişəhər Azərbaycanlılar Dərnəyi nə zaman quruldu və əsas hədəfləriniz, məqsədiniz nə idi?
- Hələ Əskişəhərə gəldiyimiz ilk gündən etibarən Azərbaycanı tanıtmaq üçün əlimizdə olan imkanlarla çox işlər görürdük. Sonrakı illərdə qərara aldıq ki, bu şəhərdə yaşayan həmyerlilərimizlə birgə bir dərnək quraq. 2010-cu ildə Əskişəhər Azərbaycanlılar Dərnəyini qurduq və Diaspor ilə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəriman Qurbanovun da iştirakıyla qurumun rəsmi açılışını keçirdik. Dərnəyi qurduğumuzda qarşımıza bir neçə məqsəd qoyduq və fəaliyyətimizi də bu istiqamətdə davam etdirdik. Birincisi, ölkəmizin mədəniyyətini, tarixini, incəsənətini, ədəbiyyatını Türkiyədə, xüsusilə də Əskişəhərdə tanıtmaq, ikincisi, Əskişəhərdə yaşayan azərbaycanlı soydaşlarımızla güclü bir birlik, yəni diaspor meydana gətirmək, soydaşlarımızla milli bayramlarımızı birlikdə qeyd etmək və tədbirlər keçirmək. Bundan başqa, bu şəhərdəki azərbaycanlıların problemlərinin həlli yolunu tapmaq və Azərbaycandan gəlib burada təhsil alan tələbələrimizə maddi-mənəvi kömək etmək də hədəflərimiz sırasındadır. Son illər Azərbaycandan Türkiyəyə təhsil almağa gələn tələbələrin sayında artım müşahidə olunur. Yaşadığım və təhsil aldığım Əskişəhər isə həm də 2013-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını uğurla həyata keçirib. Bu baxımdan biz də öz növbəmizdə bu şəhərdəki universitetləri Azərbaycanda tanıtmaq və soydaşlarımızın diqqətini bu şəhərə və ali məktəblərə cəlb etmək niyyətindəyik.

- İndiyədək hansı layihələri həyata keçirmisiniz?
- Bir çox tədbirlərimiz olub. Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz tədbirlər, Respublika Günü bağlı baş tutan proqramlar, fotosərgiləri bu qəbildəndir. 2015-ci ildə Xocalı soyqırımının 23-cü ildönümündə 613 şəhidimizin əziz xatirəsinə 613 ağac əkərək “Xocalı soyqırımı anım meşəsi” salmışıq. Bundan başqa, Afyonun Emirdağ bölgəsinin Davulqa bələdiyyəsi ilə əməkdaşlıq edərək iki küçəyə Qarabağ və Gəncə adlarının verilməsinə nail olmuşuq. Əskişəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” olduğu 2013-cü ildə Azərbaycanın Gəncə şəhəri ilə qardaş şəhər protokolunun imzalanmasında da dərnək olaraq rolumuz olub. Bundan başqa, Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyi ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında şahmat çempionatı və İNDEX təşkilatının dəstəyi ilə “Azərbaycan gənclik qurultayı” kimi layihələrə imza atmışıq.

- Tarixi-mədəni layihələr, tədbirlər qurumun fəaliyyətində nə dərəcədə yer alır?
- Azərbaycanla bağlı keçirdiyimiz tədbirlərin çoxu tarixi və mədəni anlam daşıyır. Ölkəmizin tarixi-mədəni dəyərlərini təbliğ etmək məqsədilə ədəbi gecələr, konsertlər, konfranslar və sərgilər keçiririk. Bu tədbirlərin proqramları və fotoları dərnəyimizin internet saytında (www.esazder.com) yer almaqdadır. Fürsətdən istifadə edərək, bizə dəstək olan buradakı dövlət qurumlarına, Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinə, Anadolu Universiteti, Osman Qazi Universiteti, Təpəbaşı Bələdiyyəsi, İNDEX təşkilatına, eləcə də Əskişəhər universitetlərindən məzun olan azərbaycanlı həmvətənlərimizə, iş adamları və hər zaman yanımızda olan dostlarımıza təşəkkür etmək istərdim.
Fəaliyyətimizlə Azərbaycanın adını hər zaman uca tutmağa çalışırıq. Hazırda qarşımıza qoyduğumuz əsas hədəflər “Azərbaycan parkı” və “Azərbaycan mədəniyyət evi” layihələridir. Əskişəhər Təpəbaşı Bələdiyyəsinin nümayəndələri ilə görüşərək onlara rəsmi müraciətimizi bildirmişik. Yaxın bir zamanda Əskişəhərdə Azərbaycan parkı qurula bilər. Eyni zamanda dərnəyin daha geniş şəkildə fəaliyyətini davam etdirməsi üçün Azərbaycan Mədəniyyət evi bizlər üçün zəruridir. Ümid edirik ki, buna da nail olacağıq.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar