Sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəyli musiqi tariximizdə ilk dəfə olaraq aşıq dastanını musiqişünaslıq yönündən araşdırıb, “Aşıq Qərib” dastanının melopoetik xüsusiyyətləri” adlı elmi əsər yazıb. O, Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsini bitirib. Konservatoriyada müxtəlif vəzifələrdə çalışıb. Hazırda AMEA-nın Folklor İnstitutunda şöbə müdiridir.
- Nailə xanım, necə oldu ki, aşıq dastanını musiqişünaslıq yönündən araşdırmaya cəlb etdiniz?
- İndiyəcən folklorşünaslarımız dastanlarımıza yalnız folklor baxımından müraciət ediblər. Dastanın süjeti, qəhrəmanları, ideyası və s. başlıca araşdırma mövzusu olub. Folklorşünaslar dastana yalnız mətn hadisəsi kimi baxıblar. Musiqişünaslıq baxımından araşdıranda isə məlum olur ki, bütün dastanlar klassik havacatların üzərində qurulub. Borçalıdan olan aşıq Aslan Kosalının ifasında “Aşıq Qərib” dastanındakı 32 aşıq havasını araşdırmışam. Həmin havaların çoxunu bəstəkar Nazim Bağırov fortepiano üçün nota salmışdı. Aşığın ifasında bir dastanın havacatlarının nota köçürülməsi böyük yenilik idi. Sazın pərdə quruluşu müntəzəmdir, tarda, kamançada isə qeyri-müntəzəmdir. Bu baxımdan aşıq musiqisini sazdan fortepianoya salmaq daha asandır.
- Niyə “Aşıq Qərib”i yalnız Aslan Kosalının ifasında araşdırmağı üstün tutdunuz?
- Başqa aşıqlar da “Aşıq Qərib” dastanını söyləyiblər. Ancaq Aslan Kosalı həmin dastanı daha geniş şəkildə - 32 havacatla ifa edib. Bundan geniş havacatlı dastan yoxdur. Ona görə bunu ayrıca araşdırma mövzusuna çevirdim. Mən həm Nazim müəllimin notlarından faydalandım, həm də özüm bəzi havaları nota saldım. Sonra bunların üzərində musiqi nəzəriyyəsinə uyğun təhlillər apardım. İlk olaraq dastanın lad-intonasiya quruluşunu öyrəndim. Mövzunu musiqişünaslıq yönündən araşdırdığım üçün daha çox ağırlıq nəzəriyyənin üzərinə düşdü. Bütün milli musiqilərimizi Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabında göstərdiyi yöndən öyrənirik. Aslan Kosalının dastandan ifa etdiyi 32 havacatın 15-i “Rast”, 4-ü “Şur”, 13-ü “Segah” üstündədir. Aşıq Kamandar da “Aşıq Qərib” dastanını ifa etmişdi, ancaq 19 havacatla. Burada ustadnamə bir neçə havadan sonra ifa olunur. Başqa dastanlarda isə ustadnamə başda oxunur. Bunları lad-intonasiya baxımından araşdıranda görürük ki, “Rast”da, “Şur”da, “Segah”da “Şikəsteyi-fars” şöbəsi var. İstər “Rast”la, “Segah”la başlasın, bütün aşıq havacatlarının ayaq verib bitirəcəyi lad “Şur”dur. Bunun da nədəni sazın pərdələrinin “Şur” ladının pərdə quruluşunda olmasıdır. Yəni pərdələr “ton-yarım ton-ton” quruluşundadır. Bunu Üzeyir bəy müəyyənləşdirib. Mən bu havacatların metraritmikasını da öyrənmişəm. Havacatın mətnində nə qədər heca çoxdursa, melodiya bir o qədər zəngindir. Müxəmməs, divani 15 hecadan ibarətdir, buna uyğun olaraq hər hecaya bir səs düşür.
- Araşdırmanızda başlıca olaraq hansı qənaətlərə gəldiniz?
- İndiyə kimi heç bir aşıq dastanı bu şəkildə təhlil olunmayıb. Artıq mənim dissertantım bu üsulla “Əsli və Kərəm” dastanını araşdırır. Bizim çoxlu aşıq dastanlarımız var. Onların hamısı variantlarından asılı olmayaraq nota salınaraq təhlil olunmalıdır. Dediyim kimi, gəlinən başlıca qənaətlərdən biri budur ki, bütün aşıq havaları hansı ladda olmasına baxmayaraq “Şur”da bitir.
“Aşıq Qərib” dastanı müxtəlif türk xalqlarında var. Dildən asılı olaraq bizimki ilə onlarınkı arasında əsaslı səs fərqi var. Tədqiq etdiyim 32 havacatın 24-ü qoşma, 5-i gəraylı, 3-ü divani və müxəmməsdir. Bütövlükdə 80 klassik aşıq havamızdan 18-i gəraylı, 51-i qoşma, 3-ü bayatı, qalanı xalq mahnıları üstündədir.
- Aşıq musiqimiz bütünlüklə nota köçürülübmü?
- Bu sahədə musiqişünas, elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Tariyel Məmmədovun böyük xidmətləri var. O, 80 havacatın hamısını nota salıb. Aşıq sənətini musiqişünaslıq baxımından ilk araşdıran Əminə Eldarova olub. Burada bir məqam var: muğam kimi aşıq musiqisi də improvizə ilə ifa olunur. Yəni hər kəs fərqli ifa edir.
- Müxtəlif janrlı folklor musiqisini araşdırırsınız. Hansı yeniliklər var?
- Rəhbərlik etdiyim şöbədə yaxın çağlarda “Şifahi ənənəli Azərbaycan musiqisi” adlı kitab çap olunacaq. Kitab tarzən Mehman Mikayılov tərəfindən uzun illərdir əllərdən toplanan şifahi ənənəli mahnılardan ibarətdir. Kitabda 100 mahnı var. Həmin mahnılar nota salınıb. Bundan başqa 70-ə qədər rəqs toplanıb, onlar da nota salınaraq çap ediləcək. Nə qədər ki xalq yaşayır, folklor musiqisi tükənməz.
S.Qaliboğlu