“Noyabrın sonunda Bakıya səfər edərək Şimali Kiprin tanıtımı ilə bağlı görüş və tədbirlər keçirməyi planlaşdırırıq”

Xəbər verdiyimiz kimi, ötən həftə Ankarada “Qlobal sağlamlıq turizmi zirvəsi və sərgisi” (Health Sumex) keçirildi. Tədbirin iştirakçıları arasında Şimali Kiprin turizm və şəhərsalma naziri Fikri Ataoğlu da vardı. Fürsətdən istifadə edib onunla qısa söhbət etdik.
Həmsöhbətim öncə Şimali Kiprdə turizmin inkişafı, bu sahədə yeniliklər barədə danışdı.

- Şimali Kipr özünün təbii gözəllikləri, tarixi yerləri, abidələri, ilin 8 ayında yararlanmaq imkanı olan çimərlik turizmi - dəniz və qumlu sahilləri ilə səyahət həvəskarlarını cəlb edir. Turizmdə rəqabətli bazarın diqqətini cəlb etmək üçün bu sahə üzrə daim yeniliklər etməyə, mövcud strategiyaları inkişaf etdirməyə məcbursan. Şimali Kiprə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir.
Ölkəmizdə son illər sağlamlıq turizmi də inkişaf etdirilir, bu sahədə hotellərimizin sayı artmağa başlayıb. Hazırda turizmin bu növü ilə kompleks çalışırıq. Məsələn, sağlamlıq turizmi ilə bağlı yaşlılara, əngəllilərə uyğunlaşdırılmış xidmət növlərini əhatə edən hotellərimiz mövcuddur. Sağlamlıq turizmi ilə bərabər tibb təhsilinə xüsusi önəm veririk. Şimali Kiprdə, üzləşdiyimiz məlum çətinliklərə, embarqoya rəğmən, təhsil sahəsində böyük nailiyyətlərimiz, dünyada tanınan universitetlərimiz var. Bir sözlə, sahib olduğumuz hotellər, universitet və səhiyyə quruluşlarımız ilə bütün dünyanı səhiyyə turizmimizdən faydalanmağa dəvət edirik.
Turizm imkanlarımızla bağlı Türkiyənin bir neçə bölgəsində təqdimatlar keçirmişik. Almaniya, İngiltərə, Azərbaycan və İranda təqdimatlar keçirməyi planlaşdırırıq. Bu təqdimatlar sonrasında ciddi şəkildə artım olacağına inanırıq.
- Yeri gəlmişkən, Azərbaycanla Şimali Kipr arasında turizm əlaqələrini necə dəyərləndirirsiniz?
- Biz Türkiyə ilə Azərbaycana eyni gözlə baxırıq. Azərbaycandakı əlaqələrimizin daha məhsuldar olması üçün əlimizdən gələni edirik. Qardaşlarımızla daha yaxın iş birliyində olmaq istəyirik. Elə buna görə də noyabr ayının sonunda Azərbaycana səfər edəcəyik. Bu səfər müddətində Şimali Kipri tanıtmağı planlaşdırırıq. Orda ciddi bəyanatlarımız olacaq. Məqsədimiz qarşılıqlı gediş-gəlişlərin sayını artırmaqdır.
Azərbaycandan ölkəmizə turist və tələbə kimi daha çox gəlirlər. Qeyd etdiyim kimi, Şimali Kiprdə elə səviyyəli universitetlər var ki, dünyanın hər yerindən bu ali təhsil ocağında oxumağa gəlirlər. Azərbaycan da bu sırada çoxluq təşkil edir. Doğrudur, turizm məqsədilə səfərlər də olur. Amma biz bu rəqəmin böyük olmasını istərdik.
- Şimali Kiprə tətbiq edilən embarqolar turizmin inkişafına nə dərəcədə əngəl yaradır?
- 2004-cü il referendum prosesindən sonra Şimali Kipr türkləri haqsızlığa uğradı. Bu referendumda Şimali Kiprdə adanın birləşməsinə “bəli”, Cənubi Kiprdə isə “xeyr” çıxmasına rəğmən biz cəzalandırıldıq. Əlbəttə, embarqolara görə ciddi sıxıntılar, problemlər yaşayırıq. Təbii ki, turizm də bundan ziyan çəkir. Amma buna baxmayaraq, biz yenə də ana vətən Türkiyə və Türkiyə ilə işbirliyində olan Azərbaycan qardaşlarımızla çiyin-çiyinə yürüyürük. Öz gücümüzə bu gücləri də qataraq ayaq üstə durmağı bacarırıq. Biz bunu sübut etdik və belə də davam edəcəyik.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar