29 may - 1 iyun tarixində Azərbaycan paytaxtı növbəti mötəbər beynəlxalq tədbirə - II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Forumda beynəlxalq qurumlardan UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, NATO, ASEAN, Ərəb Liqası, Amerika Dövlətləri Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının rəhbər şəxsləri, 100-dək ölkənin nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə Əfqanıstan, Banqladeş, Belarus, Burundi, Kot d"İvuar, Xorvatiya, Çexiya Respublikası, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Lesoto, Litva, Monteneqro, Mərakeş, Mozambik, Qətər, San-Marino, Səudiyyə Ərəbistanı, Seneqal, Şri-Lanka, Sudan, Suriya, Tacikistan, Tunis, Mali nazirlər, Braziliya, Bruney, Misir, Hindistan, İndoneziya, İraq, Livan, Serbiya, Seyşel adaları, Cənubi Afrika, Tailand, Ukrayna, Vyetnam nazir müavinləri, Əlcəzair, Avstriya, Kolumbiya, Polşa, Samua müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində təmsil olunacaq.
İştirakçılar arasında Bolqarıstan, Xorvatiya və Serbiyanın sabiq prezidentləri, Xorvatiya Baş nazirin müavini, 10-dan çox ölkədən parlament nümayəndələri, 10-dək ölkədən universitet rektorları, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri var. Forumda ümumilikdə 500-ə yaxın qonağın iştirakı gözlənilir. Tədbir çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.