Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümünü yaşayırıq. 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşına başladı. 44 günlük müharibənin nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyü bərpa olundu, bu yolda minlərlə igidimiz şəhidlik zirvəsinə ucaldı.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Bakıda inşası davam etdirilən Zəfər parkının girişindəki xatirə daşı bu il Anım Günündə minlərlə insanın ziyarət yerinə çevrilib.

Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, nazirliyin tabeliyində fəaliyyət göstərən aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, tanınmış mədəniyyət xadimləri Zəfər parkının girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

***

Həmin gün Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Astana şəhərində olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyinə gələrək, şəhidlərimizin anım mərasimində iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin binasında Ulu öndər Heydər Əliyevin abidəsinin ününə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar.

Sonra səfirlikdə şəhidlərin xatirəsinə yaradılmış guşənin qarşısına çiçəklər düzülüb.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu tarix Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür. “Xalqımıza əbədi Zəfər ruhu bəxş edən şəhidlərimizi rəhmətlə anırıq. Qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün xaricdə yaşayan bütün soydaşlarımız şəhidlərin xatirəsini böyük ehtiramla anırlar. 27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”, – deyə nazir qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər çıxış edənlər Vətən yolunda canını fəda edənlərin qanının yerdə qalmadığını, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpa edildiyini bildiriblər.