X Bakı Beynəlxalq Kitab Sərgisinin 18 ölkədən qonaqları var

 

Oktyabrın 2-də paytaxtımızda növbəti kitab bayramı başlanır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) bir həftə – oktyabrın 8-dək Bakı Ekspo Mərkəzində davam edəcək.

2009-cu ildə əsası qoyulan beynəlxalq sərgi bu il həm daha geniş iştirakçı (ölkə) coğrafiyası, həm də çoxsaylı tədbirləri ilə kitabsevərlərin, kitabla bağlı olan hər kəsin – yazanın, nəşr edənin, satanın, oxuyanın, oxuduqlarını təhlil və tənqid edənlərin görüşünə gəlir.

Bu barədə sentyabrın 30-da X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında ətraflı məlumat verildi.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirdi ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi müəyyən edilmiş indekslər üzrə regionun ən böyük kitab festivalıdır.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli vurğuladı ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.

Qeyd olundu ki, ötən üç ildə beş gün davam edən kitab bayramı bu dəfə yeddi gün sürəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.

Diqqətə çatdırıldı ki, sərgidə dünyaşöhrətli irland yazar Con Boyn və alman yazar Vulf Dorn “fəxri qonaq” qismində iştirak edəcəklər.

Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitabın müəllifidir. İrland yazar ilə görüş oktyabrın 3-də saat 11:00-da sərgi məkanın “Füzuli” təqdimat zonasında olacaq.

Vulf Dorn Almaniyanın psixoloji triller janrında ən populyar yazıçılarından hesab olunur. Debüt əsəri olan “Psixiatr” ona böyük şöhrət qazandırıb.

Sərginin Almaniyadan daha bir yazar qonağı Fəriba Vəfi olacaq. Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olan yazıçı Almaniyanın nüfuzlu “LiBeraturpries” ədəbi mükafatına layiq görülüb.

Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu beynəlxalq sərgilərin yazarlar üçün əhəmiyyətindən danışıb, Bakı Beynəlxalq Kitab Sərgisinin bu mənada diqqətəlayiq platforma olduğunu deyib.

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitab oxuma mədəniyyətindən söz açıb, ölkəmizdə kitab sənayesinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, “Qanun” nəşriyyatı sərgidə endirimli qiymətlərlə oxuculara kitablar təqdim edəcək.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək. Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

X Bakı Beynəlxalq Kitab Sərgisi haqqında daha ətraflı məlumat bakubookfair.az saytında.

Lalə