Tokio şəhərində 28-29 sentyabr tarixlərində keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində Azərbaycanın da turizm imkanları tanıdılıb.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, sərgi iştirakçılarına ölkəmizin mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sərgidəki milli stendimizi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də ziyarət edib.

***

ATB-nin iştirakı ilə sentyabrın 26-27-də Moskvada keçirilən “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində ölkəmizin lüks turizm potensialı tanıdılıb. Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış turoperator və agentlikləri ilə görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Azərbaycanın qastroturizm imkanları isə DTA-nın dəstəyi ilə sentyabrın 26-dan 30-dək İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2024” qida festivalında təbliğ edilib. DTA və agentliyin tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz dağları üzrə “Slow Food” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slow Food” turizm modelinin tətbiqi haqqında məlumat verilib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində sentyabrın 25-26-da keçirilən “Kingdom Business & Luxury Travel Congress” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılıb. Konqresdə ölkəmizi ATB “gümüş tərəfdaş” statusunda təmsil edib.