Bakıdakı Rus Evində tanınmış xalçaçı rəssam, Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Cəmiyyəti idarə heyətinin üzvü Eldar Hacıyevin “Qarabağ naxışları” adlı sərgisi açılıb.

Sentyabrın 24-də gerçəkləşən açılış mərasimində iştirak edə bilməsəm də, bu günlərdə sərgini ziyarət etdim. Sözün əsl mənasında, nağıllar aləmini xatırladan bir sərgi...

Müxtəlif mövzulu xalçaların əks olunduğu sərgidə rəssamın yaratdığı füsunkar sənət inciləri ilə tanış oluruq. Rəssam hər bir sənət nümunəsində mükəmməl xalça miniatürlərinin uğurlu sintezini yarada bilib. Bu nümunələrdə xalça və miniatür sənətinin bütün atributlarının mükəmməl nümayişini hiss edirik.

Rəssam sənət dünyasında Nizami Gəncəvinin əsərlərinə, “Bibliya” motivləri və Qarabağ xalçaları ornamentlərinə üstünlük verib. Onu da qeyd edim ki, müəllifin xalçaları ipək saplarla toxuması sənətinin əsas özəlliklərindən hesab olunur.

20-dən çox əsərin sərgiləndiyi ekspozisiyadakı hər bir xalçada necə mürəkkəb, uzun yaranış prosesi, sənətkar gözünün nuru, xalçaçı əməyinin izləri var. Eldar Hacıyevin eskizləri üzrə toxunan xalçalar öz unikallığı ilə həm də ona görə seçilir ki, bu xalçalarda mədəni irsimiz, tariximizdən səhifələr, Qarabağın tətbiqi sənət nümunələri, ornamentləri əks olunub. Hər bir xalça sanki bir nağıldır, bir dastandır. Əlvan, şux rənglərlə təqdim olunan Azərbaycan təbiəti, milli bayramların simvolları və s. rəssamın yaradıcılığının əsas komponentlərindəndir. Mürəkkəb süjetlərin çoxrəngli keçidlərə malik kolorit xüsusiyyətləri, xalçalar üzərində verilən memarlıq abidələri, ayrı-ayrı personajların geyimlərinin bədii tərtibatı rəssamın Azərbaycan tarixinə dərindən bələdliyini, milli ənənələrə, etnoqrafiyaya maraq göstərdiyini sübut edir.

Sərgidə təkcə nəfis xalçalar deyil, həmçinin rəngkarlıq nümunələri nümayiş etdirilir.

Məkan baxımından Bakıdakı Rus Evinin seçilməsi heç də təsadüfi deyil. Müəllifin “Məhəmməd peyğəmbərin meracı”, “İsa peyğəmbərin həyatı”, “Ana Məryəm”, “Vladimir ikonası”, “Bibliya” tarixi” adlı xalçaları ölkəmizin multikultural mühitinin təsvirləridir.

Bir sözlə, sərgi orijinal mövzuları ilə seçilən, parlaq rənglərlə zəngin, harmoniya saçan mədəni mühit vəd edir. İnanıram ki, sərgini izləyən hər bir ziyarətçi yüksək sənətlə ünsiyyətdən müsbət emosiyalar qazanacaq.

Şəhərimizin qonaqları və paytaxt sakinləri Eldar Hacıyevin sənət dünyası ilə oktyabrın 9-na kimi tanışlıq imkanı əldə edə biləcəklər.  

Eldar Rasim oğlu Hacıyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) xalçaçı rəssam ixtisası ilə başa vurub. Ali məktəbdə oxuduğu zaman və sonrakı illərdə xalça irsinin böyük bilicisi Lətif Kərimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Cəfər Müciri, Xalq rəssamı Nadir Əbdürrəhmanovdan xalçaçılıq və rəngkarlıq sənətinin sirlərini öyrənib.

Rəssam 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgidə, eləcə də Reyn şəhərində Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar sərgidə iştirak edib. 2016-cı ildə Vəcihə Səmədova adına sərgi salonunda “İlmələrin rəqsi” adlı fərdi sərgisi açılıb. Moskvada Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyində və bir sıra qalereyalarda sərgilərdə təmsil olunub.

L.Azəri