“Folklor Paytaxtı”nda elmi-praktik konfrans
   
   Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2012-ci ildə Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. “Folklor Paytaxtı” ili çərçivəsində rayonda müxtəlif tədbirlər keçirilir. İyulun 14-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan folkloru mədəni sərvətimizdir” mövzusunda elmi-praktik konfrans da bu qəbildən idi.
   Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı açaraq Masallının “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasını rayonun mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi. Azərbaycan folkloru xəzinəsinə qiymətli töhfələr vermiş Masallıda bu zəngin mədəni irsin öyrənilməsi, yaşadılması və gələcək nəsillərə ərməğan edilməsi istiqamətində görülən işlərdən danışdı.
   Konfransda pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun “Masallı folklorunun pedaqoji əsaslarına dair”, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Regional folklor konteksində Masallı folkloru”, filologiya elmləri doktoru Asif Rüstəmlinin “İstiqlal fədaisi Ələsgər Ələkbərovun tədqiqatlarında cənub folkloru” mövzularında məruzələri maraqla qarşılandı.
   Tədbirdə bu il aprelin 30-dan mayın 4-dək rayonda keçirilmiş respublika muğam festivalı, “Halay” folklor ansamblına həsr olunmuş filmin çəkilişi, Masallı folkloru barədə kitabların hazırlanması, “Onlar Masallıdandır” saytının yaradılması istiqamətində iş aparılması barədə məlumatlar diqqətə çatdırıldı. Qeyd olundu ki, “Azərbaycanın Folklor Paytaxtı” ili çərçivəsində sentyabrın 7-dən 10-dək rayonda beynəlxalq folklor festivalı keçiriləcək.
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov tədbirdə çıxış edərək Masallıda folklor yaradıcılığının öyrənilməsi ilə bağlı görüləcək işlərdə elm adamlarına, rayon ziyalılarına uğurlar dilədi.
   Sonda bir neçə xalq sənətkarına və “Halay” xalq folklor kollektivinin üzvlərinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı və hədiyyəsi təqdim edildi.   

   Elnarə Hacıyeva