Xurşidbanu Natəvan - 180
   
   
   985-ci ilin sentyabr-oktyabr aylarında muzey quruculuğu ilə əlaqədar Moskva və Leninqrada səfərim zamanı jurnalist Abuzər Bağırovun Rusiyada yaşayan azərbaycanlılar haqqında yazdığı kitabı əldə etdim.
   
   Kitabdakı adları, ünvanları, iş yerləri göstərilmiş soydaşlarımızın əksəriyyəti ilə görüşdüm. Onlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il anadan olmasının 180 illiyi geniş dairədə qeyd edilən görkəmli şairəmiz, Azərbaycan ədəbiyyatında, mədəniyyətində, tarixində xüsusi yeri və xidmətləri olan Xurşidbanu Natəvanın (1832-1897) nəticəsi Mehdi Xasay oğlu Usmiyev (1906-1993) idi. Mehdi müəllim RSFSR-in Əməkdar memarı (arxitektoru) idi və Moskvada Sülh prospekti yaxınlığındakı Qilyarovski küçəsində 58 nömrəli evin 2-ci mənzilində tək yaşayırdı. Mən onun yanında olduğum müddətdə bizə 40-45 yaşlarında rus qadını xidmət göstərirdi. O, özünün layihəsi əsasında tikilən binada yaşadığından qürur duyurdu. Əlyazmaları və çap kitabları ilə zəngin kitabxanası vardı. Azərbaycan haqqında məhəbbətlə danışırdı.
   Məlumdur ki, Azərbaycan realist ədəbiyyatının banilərindən və ilk azərbaycanlı generallardan biri olan İsmayıl bəy Qutqaşınlının (1806-1869) Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir kimi ədiblərlə, eləcə də X.Natəvanın əri knyaz Xasay xan Usmiyevlə (1808-1868) əlaqələri vardı. İ.Qutqaşınlı Varşavada hərbi qulluqda olarkən 1835-ci ildə çap etdirdiyi “Rəşid bəy və Səadət xanım” əsərinin yeganə nüsxəsinin ötən əsrin 20-ci illərində Natəvanın nəvəsi Xasay xan Usmiyevdə olduğunu eşidən ədəbiyyatımızın böyük cəfakeşi Salman Mümtaz onunla görüşür. X.Usmiyev kitabı S.Mümtaza göstərir. Bu kitabın iki yerində İ.Qutqaşınlı dəst-xətti ilə rus dilində onu knyaz Xasay xan Usmiyevə verdiyini qeyd etmişdi.
   Həmsöhbətim Mehdi müəllim İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərinin tapılmasında atası Xasay xan Usmiyevin rolunun tədqiqatçılar tərəfindən qeyd edildiyindən böyük fərəh hissi duyurdu.
   Ayrılarkən Mehdi müəllim mənə “Vəfa” təxəllüsü ilə şeirlər yazan babası Mehdiqulu xan Xasayxan oğlu Usmiyevin (1855-1900) hərbi formada fotoşəklini və onun ölümü haqqında Əhməd bəy Ağayevin (1869-1939) 13 sentyabr 1900-cü il tarixli 200 №-li “Kaspi” qəzetində rusca dərc olunmuş nekroloqun surətini verdi.
   Qocanın Vətən xiffəti ilə baxan kədərli gözləri hələ də xatirimdədir.
   
    Xalis Məmmədov,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi