Yanvarın 20-də Qazax rayon ictimaiyyəti nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə Qara Yanvarın 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
   
   Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
   Mərasimi Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdalıyev açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda törədilən qırğının insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayət olduğunu vurğulayıb. Artıq ömrünün sonunu yaşayan, çökməkdə olan sovet rejimi bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktını da əlavə etdi. Lakin məğrur Azərbaycan əyilmədi. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi illər ötdükcə, qərinələr, əsrlər keçdikcə unudulmayacaq. 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür.
   Tədbirdə Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında “Vətən şəhidlərini unutmur” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.