Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarımili üçün iş planına əsasən mayın 14-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon mədəniyyət və turizm şöbələri müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Qazax rayon Mədəniyyət evinin iclas zalında keçirilən müşavirədə rayonların mədəniyyət və turizm şöbələrinin məsləhətçiləri və müəssisə rəhbərləri də iştirak ediblər.
Seminar iştirakçılarına "Mədəniyyət haqqında" 2012-ci il 21 dekabr tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verilib, qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılmasının zəruriliyi vurğulanıb.
Tədbirdə mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti müzakirə olunub, regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, mədəniyyət sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verilib.