Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, görkəmli musiqiçi Gülarə Əliyevanın (1933-1991) 80 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, Gülarə Əliyevanın xatirəsinə həsr olunan kitab çapa hazırlanır: “Gülarə Əliyeva böyük sənətkar idi və onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq. O, özündən sonra böyük bir musiqi irsi qoyub getdi və həmin irs bu gün də yaşamaqdadır. Onun yaratdığı “Dan ulduzu” ansamblı Azərbaycan musiqi mədəniyyətinin böyük səhifəsidir”.
Xatirə gecəsində çıxış edən millət vəkili, professor Rafael Hüseynov sənətkar haqqında fikirlərini bildirib, xatirələrini danışıb: “Biz Gülarə Əliyeva haqqında təkcə böyük sənətkar kimi yox, həm də Azərbaycan musiqi mədəniyyətinin hadisəsi kimi danışmalıyıq. “Dan ulduzu” ansamblı onun üçün kiçik dünya idi və o, bu dünyada özünü xoşbəxt hiss edirdi”.
Tədbirdə çıxış edən bəstəkar, Xalq artisti Ramiz Mirişli bildirib ki, Gülarə Əliyeva fitri istedada malik sənətkar olub: “Azərbaycanın gənc musiqiçilərinin yetişməsində “Dan ulduzu” ansamblının böyük rolu olub. Gülarə xanım fitri istedada malik gözəl sənətkar idi. Üzlərinə baxmadan deyə bilərdi ki, pianoda ifa edən kimdir. Bu cür musiqini duymaq, hiss etmək hər adama nəsib olmur”.
Xatirə gecəsində Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının müşayiəti ilə Almaz Orucova, Şəhla Həmidova, Rövşən Əziz və başqaları müxtəlif musiqi əsərlərini ifa ediblər.
Gülarə Əliyeva istedadlı pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olmaqla yanaşı, bəstəkar və pedaqoq kimi də sənətdə iz qoyub. Eyniadlı muğamlar əsasında \"Şüştər\" rapsodiyası, \"Humayun\" süitası, \"Bayatı-kürd\", \"Şur\" fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar