Fikrət Babayev: “Çövkənin UNESCO-nun siyahısına daxil edilməsi üzərimizə əlavə məsuliyyət qoyur”

Dekabrın 15-dən 20-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbir atüstü oyun ənənələrimizin qorunub saxlanılması, qədim tarixə malik atçılığın bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır.
Prezident kuboku oyunlarında respublikamızın 16 şəhər və rayonunu təmsil edən komandaların iştirakı gözlənilir. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim ediləcək.
Builki yarışmanın keçirilməsi həm də onunla əlamətdardır ki, dekabrın 3-də, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında çövkən - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyunu təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.

Çövkən oyunu gələcəkdə beynəlxalq səviyyədə keçirilə bilər

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev qəzetimizə açıqlamasında bildirdi ki, çövkənin UNESCO siyahısına salınması gələcəkdə bu oyunun beynəlxalq səviyyədə keçirilməsi üçün də müəyyən zəmin yaradır: “Təbii ki, çövkənin beynəlxalq oyun kimi keçirilməsi çox yaxşı olardı. Bununla bağlı müəyyən dairələrlə fikir mübadiləsi aparılır. Amma bir çox problemləri həll etmək lazımdır. Çövkən adətən Qarabağ atları ilə oynanılan bir oyundur. Azərbaycanın bu bölgəsi hazırda işğal altındadır, oradakı atçılıq zavodları dağılıb. Bu oyunun UNESCO-nun «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı»na salınmasında əsas məqsəd çövkəni, onunla bağlı adət-ənənələri qorumaqdır. Ona görə də hesab edirəm ki, çövkən oyunlarının əhatə coğrafiyası genişləndirilməli, bu oyunlar daha tez-tez keçirilməlidir. Çünki bu oyun təkcə Qarabağda deyil, ölkəmizin demək olar ki, bütün bölgələrində oynanılıb. Qarabağ atçılıq ənənələrinin saxlanılması istiqamətində lazımi işlər görülməlidir, atçılıq zavodlarının fəaliyyəti bərpa olunmalıdır”.
Fikrət Babayev bildirdi ki, çövkən oyununun UNESCO-nun siyahısına salınması ilə əlaqədar həm Mədəniyyət və Turizm Nazirliyi, həm də yerli icra hakimiyyətləri, mədəniyyət və turizm şöbələri tərəfindən müvafiq tədbirlər görülməlidir. Çövkən oyununu ildə bir neçə dəfə müxtəlif rayonlarda keçirmək olar. Bu yarışlar Qarabağ torpağında - Ağdamın, Füzulinin işğal altında olmayan ərazilərində, Bərdədə, Qəbələdəki atçılıq mərkəzində və s. təşkil edilə bilər: «Çövkənin UNESCO siyahısına daxil edilməsi üzərimizə əlavə məsuliyyət qoyur. Bu fakt çövkənin dünyada daha da tanınmasına səbəb olacaq. Bu o deməkdir ki, çövkən oyununun taleyi həm də UNESCO-nun qayğılarından biridir, o artıq bəşəriyyətin mirasıdır”.

Atçılıqla bağlı digər oyunlarımız da inkişaf etdirilməlidir

Şöbə müdirinin fikrincə, atçılıqla bağlı sürpapaq, aldı-qaçdı və digər oyunlarımız da inkişaf etdirilməlidir. Rayonlarda çövkən oyununun keçirilməsi üçün şərait yaradılmalı, tədbirlərin intensivliyi artırılmalıdır. Novruz bayramında ənənəvi oyunların keçirilməsi praktikasından istifadə olunmalıdır: “Təəssüflər olsun ki, yerli mədəniyyət və turizm şöbələri hələlik bu oyunun daha da populyarlaşması üçün yetərincə səy göstərmirlər. Bu o demək deyil ki, rayonlarda buna maraq yoxdur. Maraq var, amma yarışların keçirilməsi üçün şərait yaradılmalı, bu iş təşviq olunmalıdır. Hesab edirəm ki, hər rayonda bir neçə komanda formalaşdırıb daxili çempionatlar da keçirmək mümkündür».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar