Bu günlərdə rayon Mədəniyyət Mərkəzində istedadlı müğənni Mirməhəmməd Malıyevin “Oğuzum mənim” klipinin təqdimatı keçirilib. Müəllifi həmyerlimiz Ənvər Seyidov olan “Oğuzum mənim” mahnısı oxunduqca rayonumuzun gözəl mənzərələri, yaraşıqlı tikililəri göz önündə canlanır:
Oğuzda dağların başı qar olar,
Ətəyində çayı, Əlicanı var.
Güneyi, quzeyi duman, çən olar,
Adında qədimlik nişanəsi var.
Xalxal mənzərələri, Oğuza giriş yolu, şəhərin yuxarısındakı su hövzəsi, Oğuzun gözəl yerləri, turizm mərkəzləri, Əlican və Xalxal çayları, Oğuz şəhərində salınmış park, oğuzlu qızların mədəniyyət evində rəqsi və başqa lövhələr göz önündə canlanır. Klipdə son illərdə Oğuzda aparılan quruculuq işləri də əksini tapıb. Bu, turistlərin rayona cəlb edilməsi üçün gözəl bir hədiyyədir.
Mahnının musiqisi Nailə Mirməmmədlinindir. Klip “Niyaz Retro Prodiction” studiyası tərəfindən çəkilib.
Mirməhəmməd Malıyev 1961-ci ildə rayonumuzun Dəymədərə kəndində anadan olub. Gözəl səsi onu orta məktəbi qurtardıqdan sonra mədəniyyət sahəsində işləməyə həvəsləndirib. Şəki Musiqi Texnikumunun muğam şöbəsini bitirib. 1983-cü ildə respublika muğam festivalının laureatı olub. O vaxtlar Azərbaycan Dövlət Filarmoniyasının direktoru olan, müsabiqəni izləyən maestro Niyazi tərəfindən festivalın qalibləri Əbülfət Oğuz, Mirməhəmməd Malıyev və başqa laureatlar Bakıya dəvət olunub, filarmoniyanın səhnəsində onların konserti təşkil edilib.
Bundan sonra Şəki İpək Kombinatının, şəhər Müəllimlər evinin, Maarif evinin klublarında bədii rəhbər işləyib.
Mirməhəmməd Malıyev 1990-cı ildən Oğuzda fəaliyyət göstərir. Əvvəlcə avtoklub müdiri, bədii rəhbər, sonra rayon Mədəniyyət evinin müdiri işləyib. Hazırda mədəniyyət evinin rejissoru vəzifəsində çalışır. Ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Nazim Hüseynli,
“Oğuz yurdu” qəzetinin redaktoru