Şirzad Abutalıbov: "Tamaşaçı gözündən düşmək aktyor üçün zirvədən uçuruma düşmək deməkdir"
   
   Naxçıvan teatrının 126 illik tarixi ərzində yetişdirdiyi istedadlı aktyorlar içərisində o da yaddaqalan obrazlar ifaçısı kimi tanınıb, şöhrət qazanıb. Xalq artisti Şirzad Abutalıbov eyni zamanda Naxçıvan Dövlət Televiziyasının “Sənət fədailəri” verilişinin ssenari müəllifi və aparıcısıdır.
   Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq sərəncama uyğun olaraq Naxçıvan teatrının da üzərinə yük düşür. Teatrı repertuarında daimi yer tutan və yubileyin zirvə tamaşası kimi yenidən hazırlanan “Dəli yığıncağı” tragikomediyasının məşqlərini izləyərkən Şirzad Abutalıbovla söhbətləşmək istəyi baş qaldırdı içimdə. İstedadlı aktyorumuzla qrim otağında doyunca söhbətləşdik. İlk sualım isə teatra gəlişi barədə oldu:
  

 - Sənətə vurğunluğum ailəmizdə başladı. Atamın, həmçinin xalam oğlu - xalq artisti Aydın Şahsuvarovun aktyor olması buna əsas səbəblərdən idi. Orta məktəbin 8-ci sinfində oxuyarkən Naxçıvan Xalq Teatrında ilk addımlarımı atmağa başladım. Böyük minnətdarlıq hissləri ilə qeyd etmək istəyirəm ki, bu sənətə gəlişimdə teatrda rejissor işləyən Tofiq Mövləvinin də hədsiz rolu olub.
   1976-cı ildə Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Qurban rolunu oynayırdım. Tamaşadan sonra o vaxt dram teatrının baş rejissoru işləyən Vəli Babayevin təkidiylə Naxçıvan teatrına getdim. O vaxtdan bu teatrda ayrı-ayrı səhnə əsərlərində müxtəlif rollar oynamağa başladım. Korifey sənətkarlarla tərəf-müqabil oldum. İbrahim Həmzəyev, Əyyub Haqverdiyev, Məmməd Quliyev, Əkbər Qardaşbəyov, Aydın Şahsuvarov, Firuzə Vəlixanlı, Zəroş Həmzəyevadan çox "dərslər" aldım. Onların hər biri ayrıca bir müəllim idi. Hərəsindən bir ştrix götürə-götürə teatr tamaşalarında daha həvəslə oynamağa başladım. 1985-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmaqla ali teatr təhsili almaq imkanı qazandım. Ələmdar Quluzadədən, Mehdi Məmmədovdan, Rafiq Hüseynovdan dərslər aldım. Və bunun nəticəsidir ki, səhnədə aktyor olmaqla bərabər, Naxçıvan Musiqi Texnikumunda aktyorluq sənəti, səhnə hazırlığı və natiqlik sənətinin əsasları fənlərini tədris edirəm.
   - Bu sənət sizə daha nələr verdi?
   - Bu sənət mənə ilk növbədə insani keyfiyyətlər verib. Sənət həyatımın bir parçasına çevrilib. Axı, səhnədə gördüyümüz hər bir obraz, hər bir tamaşa dramaturq tərəfindən bədiiləşdirilmiş formada tamaşaçılara təqdim olunan həyati hadisələr, həyati insanlardır. Bu baxımdan mən səhnədə obraz baxımından çox şeylər qazanmışam. Mənim oynadığım obrazlar içərisində müflis, təlxək, yazıq insanlar da var, qəddar, zalım, amansız insanlar da. Ümumiyyətlə, oynadığım obrazların xarakterində dərin müşahidələr aparıb, dərin mətləblər duymuşam. Yaşayışın, çətinliyin, əzab-əziyyətin nə demək olduğunu mən daha çox səhnədə öyrənmişəm. Sənət mənə geniş həyati təcrübə, ətraflı dünyagörüş verib.
   - Belə bir suala necə baxırsız: Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbovla sadəcə Şirzad Abutalıbov arasında fərq?
   - Mənə elə gəlir ki, heç bir fərqi yoxdur. Ən böyük titullara sahib olan insanlar belə, birinci növbədə insandır. İnsan isə sadə, səmimi, təvazökar olmalıdır. Çünki hər bir şəxsiyyət həyata ilk növbədə fərd kimi gəlir. Bir də insani hisslər hər şeydən üstündür.
   - Amma sadəcə Şirzadı «aktyor Şirzad» tanıdıb hamıya...
   - Təbii ki, mənim belə tanınmağımda sənətin çox böyük rolu olub. Əlbəttə, sənətə qiymət verən dövlətimiz, qədirbilən tamaşaçılarımız sayəsində. Mən həmişə demişəm ki, Azərbaycan tamaşaçısı çox tələbkardı. Onlar hər bir aktyorla, sənət adamı ilə fikir mübadiləsinə girməyi, obrazı təhlil etməyi bacarırlar. Ona görə də mən bu fikirdəyəm ki, aktyor Şirzada tamaşaçılar qiymət verir, adi insan Şirzada isə məni şəxsən tanıyanlar.
   - İndiyə qədər oynadığınız rollarınız içərisində hansı obraz sizə daha doğmadır?
   - Oynadığım hər bir obraz mənim üçün doğmadır. Çünki mən səhnədə, tamaşada onları daxilən yaşayıram. Daxilən yaşamasam - o hisslər mənim daxilimdən keçməsə, mən o obrazı bütün dolğunluğu və təbiiliyi ilə təqdim edə bilmərəm. Buna görə də obrazı hazırladığım dövrdə həmişə səhnənin kənarına çəkilir, əlimi göyə qaldırıb deyirəm ki, Allah, sən məni tamaşaçı nəzərindən salma. Tamaşaçının gözündən düşmək aktyor üçün ən qorxulu haldır. Bu, zirvədən uçuruma getmək deməkdir. Bundan qorxduğum üçün bütün varlığımla obraza bağlanıram. İstər müsbət rollar olsun, istər də mənfi. “Sənət qurban tələb edir” fikri əbəs yerə deyilməyib ki...
   - Şirzad müəllim, adətən, mənfi rollarda çıxış edirsiniz. Bilmək istərdim, bu rollar həyatda, tamaşaçılarla təmaslarınızda təsirsiz qalır, ya...
   - Əlbəttə. Bəzi tamaşaçılar oynadığım obrazlara sənət baxımından yox, həyati baxımdan yanaşırlar. Məsələn, Həsən Elsevərin “Koroğlu nəsli” əsərində mən bədnam erməni polkovniki obrazını oynayırdım. Orada hadisələr belə cərəyan edir ki, məni - yəni polkovniki tuturlar. İttiham edirlər və belə məlum olur ki, mən milliyyətcə erməniyəm. Həmin an zaldakıların səs-küyündən dayanmaq olmurdu. Qışqırırdılar ki, vurun onu, öldürün. Təsəvvür edirsinizmi, mən o rolu necə oynamışdım. Əsl düşmən, qaniçən obrazı yarada bilmişdim. Və məncə, aktyor başqalaşmağı bacarmalıdır. Bacarmırsa, obrazların xarakterlərini, ştrixlərini tamlığı ilə verə bilməz. O rolu elə oynamaq olardı ki, hamı deyərdi yazıqdı, buraxın getsin.
   - Aktyorun ən böyük sevinci tamaşaçı sevgisindən yaranar. Necə fikirləşirsiniz, “Dəli yığıncağı”nda oynadığınız Cinli Mustafa rolu həqiqi mənada tamaşaçı sevgisi qazana bilibmi?
   - “Dəli yığıncağı” psixoloji komediyadır. Xaraktercə həmişə qəmgin, həmişə narahat olan Cinli Mustafa isə dəlilərdən biridir və onun xarakteri mənə ləzzət verir. Deyim ki, bir tərəfdən Cəlil Məmmədquluzadə dahiliyi, digər tərəfdən rejissor və aktyor yoldaşlarımın öz işlərinə məhəbbətlə yanaşması mənə inam, ilham verirdi. Buna görə də mən o rolu yaşaya-yaşaya, sevə-sevə oynadım. Və elə fikirləşirəm ki, Cinli Mustafa tamaşaçı alqışı və məhəbbəti qazana bildi. Məhz yazıçı da sonda Cinli Mustafanın dili ilə əsərin əsas ideyasını, ali məqsədini açır.
   
   Elxan YURDOĞLU, Naxçıvan