XX əsrin görkəmli teatr nəzəriyyəçilərindən olan Antonen Artonun (1896-1948) 25 cildlik əsərlərindən bu günə qədər rus dilinə yalnız 3-4 cildi tərcümə edilib. Azərbaycan dilinə tərcümədən isə danışmaq hələ tezdir. İngilis dilini bilənlər isə bu yaxınlarda Çikaqoda çapdan çıxmış nəşrlə tanış ola bilərlər. «Artaud on theatre» adlanan kitabda Artonun «Alfred Jarrinin teatrı» və «Teatr və onun bənzəri» əsərlərindən hissələr təqdim edilir. Kitabın bölmələrinin xronologiyası Antonen Artonun teatr nəzəriyyəsinin təkamül yolunun izləməyə imkan verir.
Antonen Arto ölümündən iki həftə öncə Pol Tevnenə ünvanladığı məktubda yazıb ki, nəhayət, özünü bütünlüklə teatra həsr etməyə hazırdır. 1922-ci ildən başlayaraq Artonun diqqətinin və potensialının əsas hissəsi teatra yönəlmişdi. O, teatrı sadəcə incəsənət növü kimi deyil, həm də insanın və Tanrının təbiətinə vaqif olmaq imkanı verən, Yer üzünü və kosmosu özündə ehtiva edən fəaliyyət kimi qavrayırdı. A.Artonun 1938-ci ildə çapdan çıxan ilk esseləri «total teatr» və ya «qəddarlıq teatrı» mövzusuna həsr olunmuşdu.
Artonun 1926-cı ildə Rober Aron və Roje Vitrakla birlikdə yaratdığı «Alfred Jarrinin teatrı» 1930-cu ilə qədər fəaliyyət göstərib və cəmisi dörd səhnə əsəri teatr tarixinə düşüb. Arto deyirdi ki, bu teatrı yaradarkən səhnə ilə tamaşaçı zalı arasındakı səddi yox etməyə cəhd etmişdi. Bu isə teatrın sakral məkana çevrilməsi və aktyorlarla tamaşaçıların özlərinin fiziki və mənəvi səciyyələrini dəyişməsini mümkünləşdirərdi. «Qəddarlıq teatrı»nın məqsədləri «sənət sənət üçündür» prinsipindən çox uzağa gedərək mövcud sivilizasiyaya frontal hücumu nəzərdə tuturdu. Arto qiyamı sosial-siyasi kontekstlə məhdudlaşmayaraq, metafizikanın obyektinə çevrilirdi.
Samirə Behbudqızı