Müxtəlif ölkələrə qastrol səfərlərindən tez-tez xoş xəbərləri gələn Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı mayın 3-də paytaxtımızın qonağı oldu. Milli Teatr Festivalı çərçivəsində tamaşaçılara «Pəri Cadu» səhnə əsərini təqdim edən teatr öz ənənələrinə sadiq qaldığını göstərdi. Tamaşanın anşlaqla keçməsi də buna əyani sübut idi. Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan tamaşa rejissor və aktyor işinin peşəkarlığı ilə seçilirdi.
      
   Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) 1901-ci ildə qələmə aldığı «Pəri Cadu» dramı ədibin qələminə xas simvolizm və mifik təzahürlərlə zəngindir. Dramın Şəki teatrının yozumundakı təqdimatı ədəbi materialın təfsilatına kor-koranə deyil, məhz yaradıcı yanaşma tərzi ilə yadda qaldı. Səhnənin tərtibatı, musiqi, aktyorların geyimi, onların obrazların dilini, yerişini tapmaq bacarığı, nitqi həqiqətən də işə səliqə və məsuliyyətlə yanaşmaqdan xəbər verirdi.
   Haqverdiyevin bu pyesini alman ədibi Gerhard Qauptmanın (1862-1946) 1896-cı ildə yazdığı «Batmış zəng» mənzum dramı ilə müqayisə etmək olar. Hər iki əsərlə oxşar surətlər var: tökməçi Henrix, gözəl pəri Rauntendeleyn, keşiş, müəllim, elflər, Henrixin arvadı - odunçu Qurban, onun arvadı Səlimə, dostu Niyaz, Pəri xanım, Dərviş, İblis, Şamama cadu, əcinnələr. Fərq orasındadır ki, Qauptmanın əsərində gözəl pəri Rauntendeleyn Henrixin xilaskarı, Haqverdiyevin dramında isə Pəri xanım Qurbanın qənimi kimi verilir. İstənilən halda «Pəri Cadu» və «Batmış zəng» bəşəri mətləbləri önə çəkdiyinə görə, dolğun teatr həyatı yaşayan ədəbi nümunələrdəndir.
   «Pəri Cadu» dramı ötən il Şəki teatrının 130 illik yubileyi münasibətilə səhnəyə qoyulub. Truppa bu tamaşa ilə Türkiyəyə qastrol səfəri də edib. Teatrın baş rejissoru Mirbala Səlimli səhnə əsəri üzərindəki işi barədə qəzetimizə danışdı: «Bu əsərə yanaşmada klassikliyi qoruyub saxlamağa çalışmışıq. Bu isə o deməkdir ki, Əbdürrəhim bəyin «Pəri Cadu»sunda təsvir edilən hadisələr, xarakterlər müasir dövrümüzdə baş verənlərlə səsləşir. Xeyirlə Şərin mübarizəsi, insanın Allahla İblis arasında seçim aparması bu gün bizi narahat etmirmi? Belə dövrdə əsas odur ki, bəzi qüvvələrin təsiri altına düşməyəsən. Tamaşanı hazırlayarkən parlaq effektlər dalınca qaçmamışıq. Məqsədimiz insanların psixologiyasına təsir etmək idi. Axı «Pəri Cadu»nun ana xəttini bumeranq prinsipi təşkil edir. Yəni dramın süjet xətti hər cür pafosdan daha güclüdür. Məqsədim o deyildi ki, hansısa obrazı daha iblisanə, hansınısa daha mələksima təqdim edim. İnsanların xarakteri birmənalı qiymətləndirilməməlidir - hər birimizin içində Şər də var, Xeyir də. Sadəcə, insanın iradəsindən asılı olaraq bəzilərində biri digərinə üstün gəlir...»
   Qeyd edək ki, «Pəri Cadu» ikihissəli səhnə əsərinin quruluşçu rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Yasəmən Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, Əbülfət Salahov, Sima Şabanova və başqaları canlandırırlar.
   Mayın 4-də isə Şəki teatrı J.B.Molyerin “Xəsis” (Fransız dilindən tərcümə Mehman Musabəylinindir) tamaşasını nümayiş etdirib. Tamaşa Azərbaycanda peşəkar teatrın yaranmasının 135 illiyinə həsr olunub.
   Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Əməkdar rəssam Qüdrət Məmmədovdur.
   Tamaşada rolları Əbülfət Salahov, Aydın Əlibalayev, Xanlar Həşimzadə, Sima Şabanova, Rəhim Qocayev və başqaları oynayıblar.
   
   Samirə Behbudqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar