Mingəçevir Dövlət Dram Teatrının tamaşasından doğan təəssürat
   
   Neçə aydan bəri davam edən Milli Teatr Festivalı çərçivəsində bu dəfə paytaxt tamaşaçılarının qonağı Mingəçevir Dövlət Dram Teatrı oldu. İyunun 7-də kollektiv Rus Dram Teatrının səhnəsində görkəmli dramaturq İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» ictimai-siyasi dramı ilə çıxış etdi.
   
   Ötən əsrin 80-ci illərində Milli Dram Teatrının səhnəsində böyük müvəffəqiyyətlə oynanılmış bu əsər tamaşaçıların yaddaşından hələ də silinməyib. Lakin insaf xatirinə deyək ki, o zamankı tamaşanın uğurunu təkcə əsərin səhnə quruluşunun və aktyorların aktivinə yazmaq düzgün olmazdı. İlyas Əfəndiyevin ötən əsrin 30-cu illərində, repressiya dövründə baş verən ictimai-siyasi hadisələri bir sevgi hekayətinin fonunda məharətlə qələmə alması əsərin gələcək uğurunu əvvəlcədən təmin etmişdi.
   Yeri gəlmişkən, bu tamaşa 2001-ci ildən Mingəçevir teatrının repertuarındadır. «Sevgililərin cəhənnəmdə vüsalı»na teatrın baş rejissoru, Xalq artisti Zülfüqar Abbasov quruluş verib. Çox yığcam, lakonik səhnə həlli əsərin izləyicilərini yormurdu. Tamaşanın bədii həllinə gəlincə isə, səhnənin hər iki tərəfindən sallanan, bütün məkanlarda səhnədən çəkilməyən iri qandallar diqqəti çəkirdi. Zəmanənin əsas atributu olan qandallar bir növ bütün qəhrəmanların həyatının həmin qandalların içindən keçəcəyinə işarə vururdu. Hərçənd tamaşanın bədii tərtibatında məhz zamanla bağlı yanlışlıq gözə çarpırdı. Tamaşadakı müasir telefon aparatı, Mədinə xanımın ötən əsrin 30-cu illərində «burjuaziya qalığı» kimi qəbul edilən və vəzifəli kişilərin həyat yoldaşlarının heç vaxt geyinmədiyi zərli-qaşlı libasda olması həmin yanlışlıqlardan sayıla bilər.
   İfaçılar arasında sevən bir qızın daxilindəki həyəcanı tamaşa boyu azaltmadan sonadək çatdıran Afət Əliyevanın (Xumar), Əməkdar artist Akif Mirabovun (Səlim Babayev), Zülfü Məmmədovun (Mayis), İsa Alimovun (Mircəfər Bağırov) oyunu o biri iştirakçılara nisbətən daha yaddaqalan idi.
   Baş rolun ifaçısı aktyor Şıxı Yaqubov öz qəhrəmanını - aktyor Ayaz Turanı səhnədə yox, səhnə arxasında canlandırsa da, onun ifasında 30-cu illərdəki teatr tamaşalarına xas pafos güclü hiss olunurdu. Fikrimizcə, həmin illərin bir neçə gerçək səhnə ustadının ümumiləşdirilmiş prototipi olan Ayaz Turan Xumarla səhnəsində bir qədər də səmimi, dindirmə zamanı isə qətiyyətli təsir bağışlasaydı, tamaşa bundan yalnız udardı.
   Özgə teatrın səhnəsində çıxış etmək aktyor üçün həmişə müəyyən qədər psixoloji gərginlik yaradır. Bəlkə də biz, «Sevgililərin cəhənnəmdə vüsalı» tamaşasının ən yaxşı nümayişini seyr edə bilmədik.
   Mingəçevir teatrının kollektivini digər bölgə teatrlarından fərqləndirən müsbət cəhəti - aktyorların səlist və ləhcəsiz nitqini də qeyd etmək lazımdır. Ardıcıl olaraq teatr tamaşalarına baxanlar məni yalançı çıxmağa qoymazlar: bu gün hətta Bakı teatrlarında çalışan bəzi aktyorların səsi salonda arxa cərgələrdə əyləşən tamaşaçılara çatmır. Halbuki səhnədəki aktyorun pıçıltısı da, zümzüməsi də eşidilməlidir. Mingəçevir teatrının aktyorlarının danışığı təmiz olduğu qədər, səsləri də eyni tembrdə tamaşaçıya çatırdı.
   Bir məqamı vurğulamaq istərdik. Dramaturq bu əsəri həm məhəbbət melodramındakı qədər sevgi ilə, həm də ictimai-siyasi drama lazım olduğu qədər dövrün siyasi atmosferi ilə yükləyib. Sonda əsas qəhrəmanlar bu dünyada onları gözləyən cəhənnəm əzablarından qurtulmaq üçün intihar edirlər. Səmavi dinlərin təlqininə görə, fani dünya əzablarına dözməyib özünə qəsd edənləri o dünyanın cəhənnəmi gözləyir. Ayazla Xumarın gedişi isə bəlkə də bir istisnadır: çünki müəllifin anlamına görə, axirətdəki vüsal fani dünyanın hicranından şirindir. Mingəçevir Dram Teatrının quruluşunda da bu fikir tamaşaçıya çatdırılır.
   Onu da əlavə edək ki, Mingəçevir kollektivi Milli Teatr Festivalı çərçivəsində iyunun 8-də daha bir səhnə əsərini - rejissor İsa Alimovun quruluşunda Firuz Mustafanın eyniadlı pyesi əsasında hazırlanmış “Vida marşı” tamaşasını təqdim etdi.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar