«Şəhrizad» baletinin premyerası maraqla qarşılandı
   
   «Min bir gecə» Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tədqiqatçılar tərəfindən toplanmış nağıllar toplusudur. Gözəl şahzadə Şəhrizadın əri şah Şəhriyara min bir gecə danışdığı bu nağıllar bütün dünyada məşhurdur.
    
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun «Min bir gecə» nağıllarının motivləri əsasında bəstələdiyi «Şəhrizad» simfonik süitası əsasında eyniadlı baletin premyerası oldu.
   N.Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə alıb. Çox məşhur olan bu əsər dünyanın ən məşhur orkestrləri tərəfindən ifa olunur. «Şəhrizad» ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Marinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunub.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə «Şəhrizad» baleti klassik quruluşda Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulub. Əsas partiyanı balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı Kamilla Hüseynova ifa etdi. Bu rolun ikinci ifaçısı isə gənc balerina Elmira Mikayılovadır. Tamaşada digər əsas partiyaların ifaçıları əməkdar artistlər, prezident mükafatçıları Gülağası Mirzəyev və İslam İslamovdur.
   Tamaşa ilə bağlı rəyini bölüşən Tamilla Şirəliyeva bildirdi ki, balet əlvan alınıb: «Musiqi də çox möhtəşəmdir. Hərəkətlər də yetərincə dinamikdir. Opera və Balet Teatrında da bu tamaşanın səhnəyə qoyulması üçün var qüvvəmizlə çalışdıq və buna nail olduq. Mənə elə gəlir ki, «Şəhrizad» baleti bu teatrda çox yaşayacaq və tamaşaçılar tərəfindən seviləcək».
   Şəhrizad rolunun ifaçısı Kamilla Hüseynova: «Çox maraqlı və dramatik bir əsərdir. Həm də burada plastika var. Bu balet məni həm də gözəl dekorasiya və geyimləri ilə də cəlb edir. Düzdür, müəyyən çətinliyi də var. Amma çox maraqlı hekayədir».

   Gülər