Martın 11-də Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü və peşəkar teatrımızın 140 illik yubileyi ilə əlaqədar ömrünün böyük hissəsini sənətə həsr edən və hazırda təqaüddə olan aktyor və aktrisalarla görüş keçirildi.
İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov tədbiri açaraq milli teatrımızın dünənindən və bu günündən danışdı. Bildirdi ki, peşəkar Azərbaycan milli teatrının yaranması günü hələ keçən əsrin əvvəllərindən zaman-zaman “Artistlər İttifaqı”nda, “Səfa”, “Nicat” cəmiyyətlərində qeyd olunub. Müxtəlif vaxtlarda ara-sıra fasilələr olsa da, bu gün unudulmayıb. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncam isə Milli Teatr Gününü rəsmiləşdirdi və bu böyük hadisə Azərbaycan teatrının 140 illik yubileyi ərəfəsində teatr ictimaiyyəti və eləcə də bütövlükdə Azərbaycan xalqı üçün əsl bayram oldu. Azərpaşa Nemətov üzünü tədbir iştirakçılarına tutaraq dedi: “Mən hesab edirəm ki, bu sahədə çalışan ən böyük insanlar sizsiniz, biz, sizdən öyrənmişik, sizin vasitənizlə bu sənətə yiyələnmişik, sizin sayənizdə sənətdə müəyyən nailiyyətlər əldə edə bilmişik. Ən böyük təbrik sizlərə düşür”. Sonra görüş iştirakçılarına Teatr Xadimləri İttifaqının hədiyyələri təqdim olundu.
Tanınmış rejissor, Xalq artisti, professor Ağakişi Kazımov, Xalq artisti Ramiz Məlikov, Əməkdar artist Hüseyn Əhmədov çıxış edərək Teatr Xadimləri İttifaqının bu diqqətinə görə təşəkkürlərini bildirdilər. Teatrın çətin bir sahə, eyni zamanda, sirli, sehrli, cazibəli bir məkan olduğunu vurğulayaraq ömürlərinin ən gözəl illərini bu sənətə həsr etməkdən şərəf duyduqlarını bildirdilər.
Görüşdə xalq artistləri Zərnigar Ağakişiyeva, Rafiq Əzimov, telerejissor Məhərrəm Bədirzadə, Əməkdar artist Vidadi Əliyev və teatr sənətində böyük xidmətləri olan digər sənətkarlarımız iştirak edirdilər. Çay süfrəsi arxasında iştirakçılar teatrla, səhnə ilə bağlı xoş xatirələrini bölüşdülər.
Təranə Vahid